“İcra hakimiyyəti məktəb direktorlarına və məktəbə təzyiq göstərir” (Video)

Paytaxt.org bildirir ki, “Bizim Yol“un bu günkü qonağı təhsil eksperti Kamran Əsədovdur. Kamran müəllimlə bu gün Azərbaycan məktəblərində qarşılaşdığımız xoşagəlməz hallar, təhsil problemləri barəsində söhbət etdik.

Kamran müəllim, bu gün orta  məktəblərimizdə mövcud olan həkim və tibb bacısı ştatlarında çalışanların  fəaliyyəti yarıtmaz  vəziyyətdədir. Əslində məktəb həkimi hansı formada  fəaliyyət göstərməlidir?

-Fikrimcə  hazırda Azərbaycanda bu vəzifəni yerinə yetirən şəxslərin fəaliyyəti düzgün qurulmayıb və onlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər.Qanuna əsasən, şagirdlər hər ay minimum iki dəfə həkim yoxlanışından keçməlidirlər ki, onlarda hər hansı yoluxucu xəstəliyin olub-olmaması müəyyən olunsun, 6 aydan bir məktəbin yerləşdiyi ərazinin poliklinikasından həkim briqadası məktəbə  gələrək şagirdləri yoxlamalıdır. Qışdır, yoluxucu xəstəliklər çoxalıb, məktəb həkimi hər gün məktəbin girişində şagirdləri yoxlamalı və profilaktik tədbirlər görməlidir. Dövlət məktəbləri hər bir tibbi preparatlarla  təmin edir. Fövqəladə hal olarsa şagirdlərin ilkin tibbi yardım almaları üçün hər məktəbə yetərli qədər ləvazimat ayrılır. Hətta nüvə reaktoru dağlısa belə, ona qarşı bütün ləvazimatlar  hər bir məktəbdə olmalıdır.

– Bu sadaladıqlarınız bütün məktəblərdə varmı?

-Qanunvericiliyə görə hər bir məktəb bunu dövlət tərəfindən alır. Lakin bəzi direktorlar həmin preparatları apteklərə satırlar və ya  mənimsəyirlər. Ümumiyyətlə, tibb  xidmətini həyata keçirən  personal hər şeyə nəzarət  etməlidir, qarşıya çıxacaq  xəstəlikləri və ya əlillik dərəcəsinin müəyyən olunmasında rol oynamalı, siniflərin işıqlandırılmasının, xlorla təmizlənməsinin şagirdlərə hansı şəkildə təsir göstərməsini araşdırmalıdır. Şagirdlər arasında ən çox yayılan xəstəlik onurğa əyriliyidir. Məktəb həkimi buna nəzarət etməlidir. Təəssüf ki, məktəb həkimləri buna nəzarət etmirlər.

Onurğa əyriliyinin bir səbəbi də düzgün oturuş qaydasına riayət olunmaması ilə yanaşı, məktəbli çantalarının  həddən artıq ağır olmasıdır. İbtidai sinif şagirdi 7-10 kiloluq çanta daşıyır.

– Məktəbli çantasının çəkisi şagirdin çəkisinin 15 faizi qədər olmalıdır. İbtidai sinifdə təhsil alan uşağın  təxminən 30 kilo çəkidə olmasını düşünsək, əlbəttə bu çanta onun üçün  böyük yükdür. Uşaqları həddən artıq yükləyirlər, əlavə dərsliklər, test kitabları və s. Əslində məktəb  proqramını qavramaq üçün sadəcə dərslik yetərlidir. Müəllim çox vaxt öz işini asanlaşdırmaq  üçün əlavə  vəsaitlərə əl atır , bu da həm tədris proqramını ağırlaşdırır, həm də şagirdi ,  valideyni  fiziki olaraq yorur. Bu qədər  dərs yükünün altından çıxa bilməyən valideyn məcbur olub repetitora üz tutur.Gürcüstan və Türkiyədə ibtidai sinif şagirdlərinə 6  fənn, Azərbaycanda 9 fənn  tədris edilir. Bu əlbəttə, şagird üçün ağır yükdür. Bu fənlərin hər biri üçün  dərslik, əlavə  resurs və iş dəftəri var. Müəllimlər bunu aldırılar. Lakin unutmaq lazım deyil ki, dösvlətin dərs siyasəti pulsuz verilmiş kitablarda əks olunub və müəlllim yalnız bu biliklərin mənimsənilməsini tələb etməlidir.

-Çox zaman valideyn düşünür ki, əgər  hər kəsin aldığı o metodik vəsaitləri almasa övladının bilik səviyyəsi başqa uşaqlardan geri qalacaq. Bu belədirmi?

-Xeyr bu belə deyil. Təkcə dərs vəsiati ilə tədris proqramını ətraflı mənimsəmək olar. Sadəcə müəllim özü  bir balaca işləməlidir.

-Bir də məntiqi suallar şagirdlərdə çağınlıq yaradır

-Məntiq dedikdə şagirdlərin  problemli situasiyadan çıxmağı öyrənməsi nəzərdə tutulur. Lakin bizdə riyazi məntiqlə sözlü məntiq anlayışı qarışdırılır. Riyaziyyat təmayüllü məktəbi bitirən şagird humanitar təmayüllü məktəbdə öyrədilən sözlü məntiqə cavab  tapa bilməyəcək və də əksinə. Hər kəsin özünə aid olan elm sahəsindən məntiqi sual tərtib etməsi ümumi məntiq ola bilməz.Bu gün dövlət imtahan mərkəzi magistraturanın birinci mərhələsinə riyazi məntiqdən imtahan sualları salıb . Bunu doğru hesab etmirəm.

Məktəblərimizdə psixoloqların  işi də düzgün qurulmayıb. Əks halda bu qədər  uşaq intiharları faktlarından danışmazdıq

-Əslində bizim cəmiyyətimizin özü psixoloqlara qarşı fərqli yanaşma  sərgiləyir. Məktəb psixoloquna gəlincə onlar  həftədə ən az bir dəfə  bütün şagirdlər arasında yoxlama aparmalı, testlər keçirməli, nəticələri şagirdin şəxsi  vərəqində qeyd etməlidir. Məktəb, valideyn,şagird üçbuçağının işi düzgün qurulmalıdır. Amma bu üçbucaq pozulub. Onların bir birindən əlaqəsi qırılmış vəziyyətdədir.

-Məktəblərdə süpürgə pulu adıyla toplanan bu vəsaitə  hər ay bir tozsoran  fabriki açmaq olar. Bu barədə nə deyə bilərsiniz?

– Dövlət məktəbə  hər bir ləvazimat verir, süpürgəsindən tutmuş süpürgəçinin maaşına qədər dövlətin nəzarətindədir və bu qanunsuzluqdur Bunu hər kəs bilir. Sadəcə uşaqlarını müəllimlərin psixoloji təzyiqindən qorumaq üçün bayramlarda pul verirlə , hər ay  yığılan  test pulu, süpürgə pulu, mühafizəçi pulu kimi ödənişlər edirlər və bunun üçün də  xüsusi valideyn komitəsi yaradılıb. Bu komitə rəhbərinin işi az qala vaılideynləri döyə -döyə  zorla o pulu toplamaqdan ibarətdir.

Bu gün ali məktəbi müəllim ixtisası üzrə bitirən  gənclər nə üçün işə düzəlmək üçün yenidən imtahan verirlər. Ali məktəbin yetişdirdiyi kadra inam yoxdur?

-İmtahan kütləvi məzunlar arasında seçim aparmaq  üçün aparılır. 2017-ci ildə 10 min vakant yerinə 51 min sənəd verilmişdi. Bunu etmək məcburiyyətindəyik. Lakin indi  vakant yerlərin gizlədildiyinə görə, həm də müəllim ixtisası üzrə təhsil alanların sayının həddindən artıq çox olmasına görə belə problemlər yaranır.Bizim insanlarımız anlamalıdırlar ki, bu ixtisasa tələbat yoxdur. Fərqli sahələrə üz tutulmalıdır, kosmos, elmi texnoloji tərəqqi dövründəyik.

Eyni zamanda onu da deyek ki, bir çox ali məktəblərin, kolleclərin tələbələrinə çoxlu sayda əlavə dərslər yüklədilir, lakin təhsil aldığı ixtisas üzrə onu peşəkar kimi yetirşdirə bilmirlər. Məsələn kompyuter proqramçılığını oxuyan gənc ali məktəbdən sonra pullu kurslara  gedib öyrənmək məcburiyyətində qalır

– Çünki universitetlərin maddi bazası köhnəlib,  tədris proqramları köhnəlib.Təhsil Nazirliyi universitetlərin  tədris proqramını  təsdiq edir, lakin o qədər çox kadrı yoxdur ki, bu proqramları yoxlaya bilsin. Universitetlər nazirliyin  deyil, müstəqil proqramlar  əsasında  fəaliyyət göstərirlər.

-Bəzən belə bir fikir yaranır ki,Təhsil Nazirliyi sanki Bakı şəhəri üzrə  fəaliyyət  göstərir

-Bəli, qanunvericilikdə edilmiş dəyişikliyə görə, bölgələrdə yerləşən məktəblər 50 faiz icra hakimiyyətinə, 50 faiz Təhsil Nazirliyinə tabedir. Buna görə də, rayonlarda nomenklatur məmur gücü daha böyük  təsirə malikdir, hətta təyinatla getmiş direktora təzyiqlər göstərilir və  həmin direktor vəzifəsindən imtina etmək məcburiyyətində qalır. Məktəb  İcra Hakimiyyəti ilə razılaşdırılmış  hərəkət etməyə məcburdur. Buna görə, Bakı şəhərində yerləşən Təhsil Nazirıliyi nə ali məktəblərə, nə də regionlardakı orta məktəblərə ciddi təsir göstərə bilmir.Buna görə qeyri rəsmi formada deyə bilərik ki,  Təhsil Nazirliyi Başı şəhər Təhsil Nazirliyidir. Ümid edirəm ki, təhsil naziri postu Ceyhun Bayramovun rəhbərliyi altında davam edərsə, bu tilsim sınacaq.

Bızımyol.net Kamran Əsədovla müsahibəni təqdim edir.

İlhamə Rəsulova

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.