Dünya

Ukrayna türk respublikasına hücum etdi: Cavab zərbəsi…

post-img

“Tatarıstan Respublikasının ərazisinin Ukrayna tərəfindən PUA hücumuna məruz qalması müharibədə heç bir qaydanın olmadığının canlı sübutudur”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov Tatarıstan ərazisinin Ukrayna PUA-larının hücumuna məruz qalmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, gözləmək olardı ki, Ukrayna Rusiya ilə müharibəsini yalnız Rusiyanın özünə aid olan torpaqlarda aparacaq:

“Yəni Rusiya Federasiyasına daxil olan respublikalar düşmən hücumundan kənarda saxlanılacaq. Amma Tatarıstana hücum bunun əksini göstərdi. Yəni Rusiya üçün Ukrayna ərazisində hücuma məruz qalmayan ərazi buraxılmadığı kimi, Rusiyada da hərbi baxımdan maraq kəsb edən bütün məntəqələr vurulacaq.


Digər tərəfdən əgər muxtar respublikalar Rusiyanın hərbi potensialı və müdafiə qüdrətinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayırlarsa, nədən Ukrayna bu respublikalara hücum etməməlidir? Ukrayna bu respublikalarda yerləşən hərbi obyektlərə PUA-larını göndərərkən ilk növbədə onların Rusiya ərazisi olduğunu əsas götürür.

Türk respublikası və ya bu ərazilərdə yaşayan əhalinin türk kökənli olması Ukrayna üçün görünür ikinci dərəcəli əhəmiyyət kəsb edir. Amma düşünürəm ki, Ukraynanın bu hücumu onun ərazisində yaşayan və Rusiyadakı türk tayfalarını Kiyevə qarşı çevirə bilər və Ukrayna rəhbərliyi bu barədə düşünməlidir.

Amma Rusiyadan kənarda olan türk respublikalarının bu faktdan istifadə edərək Ukraynaya qarşı total müharibə yolu tutmalarını düşünmürəm. Fikrimcə, bu respublikalar diplomatik kanallarla Ukraynaya bu barədə xəbərdarlıq etməklə kifayətlənəcəklər. Çünki bu respublikalar Rusiyada yaşayan türklərin ilk növbədə Rusiya vətəndaşları olduğunu əsas götürəcəklər. Digər tərəfdən Ukraynanın Rusiyadakı türk xalqlarının yaşadığı ərazilərə hücumunun kütləvi hal alacağını və əhali arasında ciddi itkilərə səbəb olacağını düşünmürəm. Ukrayna Tatarıstana son hücumla öz hərbi gücünün Rusiyanın bütün ərazisinə çatmaq iqtidarında olduğunu nümayiş etdirmək istəyir”.

Oxşar xəbərlər