Tribuna

Efirləri kəsilənlərin dəhşəti - Sadəcə, utanmaq lazımdır

post-img

Ötən gün Zaur Baxşəliyevin verilişinin efir müddəti kəsilmişdi, bu gün belə məlum olur ki, ümumiyyətlə o kateqoriyadan olan, hamının tənqid etdiyi, hətta söydüyü və söyə-söyə də baxdığı verilişlərin hamısı qısaldılıb.

Zaur Baxşəliyev bunu rəhbərlikdən özünün xahiş etdiyini bildirmişdi, deyirdi, ailəsinə vaxt ayırmaq üçün verilişin müddətinin azaldılmasını xahiş edib və sağ olsun rəhbərlik ki, sözünü yerə salmayıb. Ancaq bu gün yayılan məlumatdan belə anlaşılır ki, Baxşəliyevin xahişi nədənsə digər “klon”ları ilə eyni vaxta təsadüf edib və əlbəttə ki, bu da fərqli nəticə çıxarmağa yol açır.
Yox, qətiyyən, dəhşət o deyil ki, Zaur Baxşəliyev efirdə doğrunu deməyib və yaxud öz həqiqətini obyektiv reallıq kimi çatdırıb – zatən, efirdə hər gün saatlarla danışdıqlarından fərqli heç nə deməyib; dəhşət və utanc gətirən bu verilişlərin gündəlik efir müddətidir.
Yəni: Zaurun, Xoşqədəmin, Elgizin... verilişləri 1,5-2 saat kəsildikdən sonra 2,5 saata düşüb. Bu verilişlərə heç vaxt baxmadığım üçün onların müddətindən də indi xəbər tuturam: demək, bu verilişlərin gündəlik efir ömrü 4-4,5 saat imiş?
Heyrətamizdir, inanılmazdır, analoqsuzdur! O yekəlikdə kanalların qızıl kimi efir vaxtının gündəlik 4-4,5 saatını hansısa ailə məsələlərinin müzakirəsinə həsr etməyin məntiqini anlamaq mümkün deyil! Bir böyük təbliğat aparatının imkanlarından bu qədər düşükcəsinə istifadə kimin ağlına gələ bilər?
Efir – həm də təhsildir, tərbiyədir, maarifçilikdir! Bu verilişlərdə əsasən saxta “həyat hekayələri” qurub, onun üzərində 4-4,5 saat müzakirələr yaradıb, əxlaq çatışmazlığını cəmiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxmaq hansı peşəkarlığın nümunəsidir, görəsən?
Guya “xalq bunu istəyirmiş”, “bu cür verilişlər baxımlıdır” adı ilə xalqın əxlaqını, dəyərlər sistemini dağıdan, tamaşaçını səviyyəsizliyə, düşüncəsizliyə sürükləyən “verilişləri” efirə buraxmaq xəyanətdir, düşmən əməlidir, bu xalqın gələcəyini məhv etməkdir!
Kanal rəhbərləri bu verilişlərdə hansı yalanlar, saxtakarlıqlar, qondarma “ssenarilər” olduğunu çox gözəl bilirlər, əks halda, Xoşqədəm Hidayətqızının “kubyarım iynə əməliyyatı” ilə bağlı görüntüləri ictimai dövriyyəyə buraxmazdılar.
Ancaq bir kanal bu cür rüsvayçılıqların baş verdiyini təsdiqləyən faktı, video-dəlili təqdim edir, qısa arayla digər kanal həmin saxtakarlığı edənə daha böyük imkan tanıyır, üstəlik, o saxtakarlıqları yayan kanalın özü ondan betərini efirində qondarır.
Dünyada heç bir serial tam həqiqət kimi cəmiyyətə sırınmır; dünyada ən düşük seriallar belə bir saatdan çox efir yemir.
Yalnız Azərbaycanda saxta ssenarilər qurub, gizli aktyorlarla çəkilmiş bəsit, estetikadan və peşəkarlıqdan kənar, məişətin nadir tullantılarının maksimum şişirdilmiş formada təqdimatı “serialları” həqiqət kimi xalqa sırına bilər – həm də 4-4,5 saat!
Guya islahatlar aparırlar; guya TV-lər “yenilənməyə” başlayıblar və... bu mənasız verilişlərin həcmi azalır 2,5 saata! 2,5 saat efir üçün bilirsinizmi nə deməkdir?
Bu ölkənin Qordonu, Kiselyovu, Stiven Sakuru bir yana, yəni Solovyovu da yoxdur? Bu ölkədə Acun kimi layihələr ortaya qoya biləcək heçmi şoumen yetişməyib?
Ölkənin mediası onun özü boydadır və yaxud iddiasını, geosiyasi gücünü ortaya qoyur. Məsələn, Rusiya kanallarındakı siyasi verilişlərin miqyası həm də Rusiyanın oynadığı rola görədir!
Bəs, demirikmi ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir? Bəs Azərbaycan son illər regional oyunçu olduğunu ortaya qoymurmu? Bəs, Türk Dövlətləri Təşkilatı kimi mühüm qurum, türk dilinin coğrafiyasının sürətlə genişlənməsi, böyük arealda mühüm debatlar şansı?
Azərbaycan ərazisini bərpa edib, sərhədlərindədir və sürətlə sərhədlərindən kənara aşır;
Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti kimi müttəfiqləri ilə regionda inanılmaz rol oynayır;
Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları içərisində ilk 50-likdədir!
Hanı bəs sənin median, televiziyaların, siyasi ambisiyaları sərhədlərdən o tərəfə daşımaq bir yana, sərhədlərin boyda əhatələyən fundamental siyasi təbliğat ruporların?
Hanı bu ölkənin Ordusunun gücündə olan media quruluşları?
Siz bacarmırsınız, Azərbaycan boyda deyilsiniz; siz çadırlara sığınan və dövlətdən ancaq yardım uman qaçqın kimi mediaya, televiziyalara sığınmısınız! Siz dərk etmirsiniz ki, artıq bu ölkədə qaçqın yoxdur, məcburi köçkün anlayışı tarixə çevrilib – dərk etmirsiniz və kanallarda məcburi köçkün statusunda ömrünüzü davam etdirirsiniz.
Boşaldın o yerləri, gedin – çıxın pensiyaya, oturun bulvarda, kimin alt paltarından nə qədər istəyirsinizsə, o qədər danışın!
Ancaq siz Azərbaycanın ayağından bu qədər sallaşa bilməzsiniz!
İqor Korotçenkonun Baku TV-yə verdiyi teraktla bağlı kiçik bir müsahibə 650 min baxılırsa, sizin heç bir bəhanəniz ola bilməz, yoxdur, olmamalıdır! Siz rədd olsanız, əmin olun, bu ölkənin də böyük jurnalistləri yetişəcək!
Ayıbdır, utanın, qızıl kimi efiri bu qədər yandırmaq cəhənnəm, efirdən istifadə ilə xalqı bu qədər səviyyəsizləşdirmək olmaz!

Şeyx Teymur,
Axar.az

Oxşar xəbərlər