Paşinyanın Qarabağ fiaskosu – vədləri tutmaq çətinləşir, orduya çağırışçı problemi qalır

Erməni baş nazirin gənclərə hərbi xidmətlə bağlı səslənişi havada qaldı – səbəb; politoloq: “İşğalçı bilməlidir ki, Azərbaycanın strateji müttəfiqi Türkiyə hər zaman ölkəmizə dəstək verməyə hazırdır…”

Ermənistanda Nikol Paşinyanın çevrilişlə hakimiyyət başına keçməsi bir aya yaxınlaşır. Tezliklə narazı kütlə ondan verdiyi vədlərlə bağlı konkret hesabat istəyəcək. Ələlxüsus da daxili sosial-iqtisadi durumla bağlı. Gələn xəbərlər isə heç də yeni baş nazirin xeyrinə deyil.

Belə ki, Ermənistanda əsas tələbat mallarının qiymətinin enmək əvəzinə, qalxmağa başladığı bildirilir. Məlumatlara görə, bunda eks-prezident Serj Sərksiyana yaxın oliqarxların əli var. Yəni siyasi revanş məsələsi. Lakin bu, reallığı dəyişmir. N.Paşinyan tezliklə köklü iqtisadi islahatlara və korrupsiya-monopoliya ilə effektli mübarizəyə başlaya bilməsə, əhalinin güzəranı inqilabdan əvvəlki durumdan da betər olacaq. O isə özünün Fcebook səhifəsində oliqarxları ittiham edib və “xalqı oğruları boykot eləməyə” çağırmaqla kifayətlənib.

Nikol Paşinyanın Qarabağ, ordu quruculuğu ilə bağlı verdiyi populist vədlər də hələ ki, vəd olaraq qalır. Yeri gəlmişkən, bu arada Paşinyanın erməniləri Ermənistana qaytarmaq cəhdləri uğursuzluğa düçar olub. Yeni baş nazirin xüsusilə hərbi xidmət keçmək yaşı çatan şəxsləri geri gətirmək cəhdləri heç bir fayda verməyib.

*****

Ä°lgili resim

Paşinyanın bu uğursuzluğu hökumətin son iclasında qabarıq şəkildə ortaya çıxıb (Axar.az). Belə ki, iclas zamanı Paşinyan müdafiə naziri David Tonoyana müraciətlə xaricdən ölkəyə geri qayıdaraq hərbi xidmət keçmək istəyən şəxslərin olub-olmaması ilə maraqlanıb. Tonoyan isə cavabında bir müddət öncə Paşinyanın xaricdə yaşayan ermənilərə hərbi xidmətlə bağlı etdiyi çağırışların cavabsız qaldığını deyib: “Onların çoxu Ermənistanda axtarışdadır və geri döndükləri zaman hüquqi problemlərlə üzləşə bilərlər. Bəzi hallarda sizin çağırışınızın cavabsız qalması da bununla bağlıdır” .

Bunun ardınca baş nazir bütün qurumlara bu problemin həlli üçün variantların işlənib hazırlanmasını tapşırıb. Ən maraqlı məqam isə hökumətin iclasından sonra yaranıb. Paşinyan orduda xidmətdən boyun qaçıranların sayının nə qədər olduğunu açıqlamaqdan imtina edib.

Xatırladaq ki, az öncə N.Paşinyan Facebook vasitəsilə xaricdən yaşayan erməni gənclərə müraciət eləmiş, onları qorxub çəkinmədən oğlu Aşot kimi hərbi öhdəliyini yerinə yetirməyə çağırmışdı. Bundan sonra o, oğlunun Qarabağda xidmət keçəcəyini söyləmişdi.

*****

Naxçıvanla sərhəddə ile ilgili görsel sonucu

Göründüyü kimi, Ermənistanda hakimiyyət dəyişsə də orduya çağırışçı problemi dəyişməz qalır. Bu da təbiidir. Heç bir hakimiyyətin Qarabağ ağılsızlığının qurbanı olmaq istəməyən erməni gəncləri problemin həllini istəyirlər, bunu görmədikdə isə ölkədən çıxıb getməyi üstün tuturlar. Paşinyanın çağırışının havada qalmasının əsas səbəbi budur: gənclərin radikal bəyanatlar verən yeni baş nazirin də Dağlıq Qarabağ ixtilafını həll eləməyə qadir olmadığna artıq əmin olublar.

Ümumiyyətlə, son zamanlar Ermənistanda hərbi xidmətdən imtina edənlərin sayı artıb. Hərbi xidmət müddətinin artırılması və tələbələrə möhlət hüququnun ləğvi haqda parlamentin az öncə qəbul elədiyi qanundan sonra gənclər arasında narazılıq daha da güclənib. Bu üzdən onlar ən müxtəlif vasitələrlə ölkədən qaçırlar. Maraqlıdır, görəsən, Paşinyan özünün əleyhinə səs verdiyi həmin qanunun ləğvinə nail ola biləcəkmi?

*****

Bu arada Azərbaycan ordusunun Naxçıvan istiqamətində daha uğurlu mövqe tutması və bir neçə kilometr irəliləməsi düşmən ölkədə xof yaradıb. Məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın vəzifədən azad edilməsi bu hadisə ilə sıx bağlıdır.

Söhbət ordumuzun Ermənistanla sərhəd istiqamətində neytral bölgədə mövqelərini irəli çəkməsi və yeni strateji yüksəklikləri tutmasından gedir. Bu barədə artıq Türkiyə qaynaqları da məlumatlar yayıb. Ermənistanın müdafiə naziri David Tonoyan isə öz xalqını sakitləşdirərək deyib ki, “narahatlıq üçün əsas yoxdur və Ermənistan ordusu sərhədin Naxçıvan istiqamətində vəziyyətə nəzarət edir”. O, Azərbaycan ordusunun mövqelərini irəli çəkməsindən sonra Naxçıvanla sərhədə getməsinə də münasibət bildirib. Deyib ki, məqsədi vəziyyətlə yerində tanış olmaq imiş.

*****

paşinyan orduya ile ilgili görsel sonucu

Diqqətçəkicidir ki, Azərbaycan Ordusu Naxçıvanın Ermənistanla sərhədində mövqelərini gücləndirməklə yanaşı, qardaş ölkə ilə birgə təlimləri də davam etdirir. Belə ki, 29-31 may tarixlərində Qars şəhərində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə hərbi təlimləri keçirilib. Bu da siyasi və hərbi analitiklərə görə, Naxçıvana iştahını son vaxtlar gizlətməyən işğalçı ölkəyə növbəti xəbərdarlıq mesajıdır.

Politoloq Elxan Şahinoğlu da məhz bu ərəfədə Qarsda keçirilən birgə təlimləri ikiqat mühüm hesab edir: “Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf edir. Faktiki, 2 ildir Azərbaycanın müxtəlif yerlərində birgə hərbi təlimlər keçirilir. İşğalçı görməlidir ki, Azərbaycanın strateji müttəfiqi hər zaman ölkəmizə dəstək verməyə hazırdır. Necə ki, Rusiya işğalçını dəstəkləyir. Türkiyə hərbi əməkdaşlıqda Azərbaycana üstünlük verir və Naxçıvan bölgəsini qorumağa hazırdır. Bu mənada keçirilən təlimlərin böyük əhəmiyyəti var. Azərbaycan Ordusunun NATO standartlarına yaxınlaşması ölkəmiz üçün çox vacibdir”.

O, Naxçıvan istiqamətindəki son hərəkətlənmələrin xüsusi bir tərəfini də açıqlayıb: “Naxçıvanın vəziyyəti artıq 90-cı illərin vəziyyətindən xeyli fərqlənir. İndi Naxçıvan çox məhkəmlənib, hərbi hissələrdə modern silahlar var. Prezident İlham Əliyevin Naxçıvana səfərinin ardından Qarsda keçirilən son hərbi təlimlər özündə mühüm bir məqamı ehtiva edir. Belə ki, hər an işğalçıya Naxçıvan istiqamətindən güclü zərbə vurula bilər. Aydındır ki, bu da işğalçını narahat edir. O üzdən Qarsda keçirilən hərbi təlimlər Ermənistana güclü mesajdır”.

Qalır, bu qəbildən mesajları işğalçı ölkənin yeni rəhbərinin nə dərəcədə doğru-düzgün anlaması…

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.