“27 SAYLI ORTA MƏKTƏBDƏ 8 MARTLA BAĞLI ŞAGİRDLƏRDƏN PUL YIĞILIR” – VALİDEYNDƏN ŞİKAYƏT

8 mart yaxınlaşır deyə, orta məktəblərdə pul yığımı söhbətləri də artıb. Dünən redaksiyamıza Xətai rayonundakı 27 saylı orta məktəbdə 8 mart münasibətilə şagirdlərdən pul yığılması xəbəri daxil olub. Xəbəri çatdıran mənbənin sözlərinə görə, şagirdlərə 35 manatdan pul yığmaq tapşırılıb (35 manat bir az «təmiz söhbət» olmadı.

Yuvarlaq rəqəm deyil. Ya 40 manat istəsinlər, ya da 30 – red). Biçarə valideyn bu pulu hardan, necə tapıb uşağa versin ki, müəllimin sözü – istəyi yerə düşməsin?!. Amma valideynlər də az aşın duzu deyil. Bayram pullarının yığılmasında məhz valideynlərdi canfəşanlıq edən. Özlərini sinif rəhbərinə, məktəb direktoruna yaxınlaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Anlamaq həqiqətən zordur; valideynə nə düşüb ki, pul yığılmasına rəhbərlik edir? Dindirəndə, əksəriyyətinin cavabı bu olur ki, pul yığılmasa, müəllim uşaqları gözüm-çıxdıya salacaq. Sinifdə pərt edəcək, hətta təhqir də edəcək. Doğrusu, heç inandırıcı əsas kimi gəlmir. Bir-iki şagird pul verməkdən imtina etsə, bəlkə də müəllimdən bu davranış görər. Amma əgər sinifin tamamı pul yığılmasına etiraz etsə, müəllim də geri çəkilər. Bütün sinfi pər edəsi deyil ki. Nə isə ki, bayramlarda pul yığmaq adəti heç cür bizim orta məktəblərdə yasaqlana bilmir.

Məsələ burasındadır ki, bayram öncəsi bəzi məktəb direktorları iclas keçirib pul yığılmasını qadağan edir, «bilsəm, görsəm, özünüzdən küsün, kimsənin göz yaşına baxmayacam» tipli bəyanatlar verirlər. Amma sonunda yenə də pul «qalib gəlir. Pullar yığılır, müəllimlər arasında bölünür, məktəb direktorunun da payı çatır.

Bu vəziyyət nə qədər davam edəcək? Bu rüşvətin, qanunsuz pul yığımının qarşısını almaq mümkün deyilmi?

Təhsil eksperti Kamran Əsədov «Şərq»ə açıqlamasında şagirdlərdən pul yığılmasında birbaşa məktəb direktorlarının cavabdeh olduğunu dedi:

– 2014-cü ildən bir sıra orta məktəblərdə rəhbərlik dəyişdi, yeni direktor təyinatları oldu. Amma köhnələr də qalmaqdadı. Bəzi məktəb direktorları özlərini təmiz qələmə vermək, guya pul yığılmasından narazı qaldıqlarını, belə bir işə qətiyyən razı olmadıqları görüntüsü yaratmaq üçün iclas keçirir, pul yığılmasını qətiyyətlə pisləyir. Özləri kənara çəkilir, Valideyn-müəllim assosiasiyasını önə verirlər. Məktəbə hər valideynin girişinə icazə verilmir. Yalnız xüsusi seçilmiş valideynlər məktəbə daxil olur, pulların yığılmasına nəzarət edirlər.

Pul yığıldıqda da onu ünvana təslim edirlər. Bu qədər bəsit. Hansı məktəb direktoru deyirsə ki, pul yığılmasından xəbəri yoxdur, ya yalan danışır, ya da idarəetməyə nəzarəti itirib. Məktəbi idarə edə bilmir. O zaman buyursun, kreslonu təhvil versin. Axı necə ola bilər ki, məktəbdə şagirdlərdən pul yığılsın, direktorun bunban xəbəri olmasın?! Hamısından bundan çox gözəl xəbərləri var, sadəcə, aktyor kimi rol oynayırlar. Toplanan pullar siyahı ilə birlikdə məktəb direktorlarının önünə qoyulur.

K.Əsədov bildirdi ki, Təhsil Nazirliyi bayram və əlamətdar günlərdə şagirdlərdən pul toplanmasını qəti qadağan edib. Nazirliyin göstərişi budur ki, pul yığıla bilməz. Lakin şagird müəlliminə təşəkkür etmək məqsədilə gül dəstəsi, yaxud bir açıqca, hədiyyə vermək istəyirsə, sərbəstdir:

– Nazirliyin qəti təlimatı olduğu halda, orta məktəblərdə hələ də şagirdlərdən bayramlarda pul yığılır. Siz deyirsiniz, hər şagirdə 35 manat gətirməsi tapşırılıb. Məktəbdə 1000 nəfər şagird varsa, görün bu nə qədər məbləğ edir. Bu pula bir məktəb binası tikmək olar. Toplanan pulun böyük hissəsi məktəb direktoru və direktor müavinlərinə çatır.

K.Əsədov məktəbdə pul yığılmasının qarşısını almaq üçün onlayn sistemə keçidi vacib sayır:

– Bütün məktəblər onlayn sistemə keçməlidir. Məktəblər kameralaşdırılmalı, hər yerdə, bütün siinflərdə müşahidə kameraları quraşdırılmalıdır. Divarlara iclas protokolları, elanlar vurulmalı, şagirdlərə tapşırılmalıdır ki, hansı müəllim, valideyn pul toplanmalı olduğunu desə, dərhal hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Valideynlər də aktiv olmalı, heç nədən çəkinmədən hüquq-mühafizə orqanlarına, Korrpusiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etməlidirlər. Məktəbin idarə olunmasında şəffaflıq təmin edilməlidir. Şəffaflıq olmadıqca pul yığımı davam edəcək.

Məlahət Rzayeva

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.