Müharibə qaçılmaz oldu: Altıncı donanma hücuma keçdi: 22 hədəf yerlə, yeksan ediləcək – ŞOK

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı bir neçə hərbi variantı nəzərdən keçirdiklərini deyib. Ağ Evin rəhbəri bildirb ki, Suriyanın Duma bölgəsində kimyəvi silahdan istifadə faktı araşdırılır. Ancaq son hadisələr ABŞ-ın Suriyanın kimyəvi silahların yerləşdirildiyi deyilən 22 hərbi bazasına  raket zərbələri endirməyə hazırlaşdığını göstərir.  Çünki BMT Təhlükəsizlik Şurasında Suriyanın Şərqi Quta əyalətində dinc insanlara və müxalifətə qarşı kimyəvi silahdan istifadə ilə bağlı müzakirələr heç bir nəticə verməyib. Hətta Rusiya BMT  Təhlükəsizlik Şurasında  təklənmiş duruma düşüb. 

ABŞ və Fransa nümayəndələri ilə Rusiyanın BMT-dəki  daimi  təmsilçisi V. Nebenzya arasında açıq mübahisə yaranıb. Ən çox diqqəti çəkən məqam isə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri  Niki Heylinin “BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı necə qərar çıxarmasından asılı olmayaraq, biz kimyəvi silahdan istifadəyə cavab verəcəyik”deməsi olub. Xanım Heylinin bu açıqlaması ABŞ-ın Əsəd rejiminə qarşı hərbi əməliyyatlara başlayacağına dair rəy yaradıb. Prezident Tramp bu məsələyə dair 48 saat ərzində qərar veriləcəyini deyib. Bəzi məlumatlara görə, ABŞ hərbi əməliyyatlara başlayarsa, müttəfiq dövlətlərlə birgə Bəşər Əsəd rejiminə aid hərbi bazalara aviazərbələr endirəcək.  Artıq ABŞ-ın Aralıq dənizindəki 6-cı hərbi donanması Suriya sahillərinə yaxınlaşır. Xatırladaq ki, Amerika silahlı qüvvələri bu il aprelin 7-də Suriyanın “Əş-Şayrat” hərbi hava bazasına da məhz  6-cı donanmanın gəmilərindən atəş açmışdı. Əgər Birləşmiş Ştatlar bu dəfə də Suriyanın hərbi bazalarını vurmaq qərarına gəlsə, o zaman Aralıq dənizindəki gəmilərdən buraxılan “Tomogawh” raketləri ilə zərbə endirəcək.  Ekspertlərin bildirdiyinə görə, əməliyyatlara ABŞ-ın  Fars körfəzindəki  5-ci donanmasının da qoşulacağı istisna edilmir. Amerikanın əsas hədəflərinin Homs, Həma, Hələb, Dəməşq , Əş-Şeyxun şəhərləri yaxınlığında,  Lazkiyə əyalətinin şimalındakı hərbi bazaları olacağı gözlənilir. Əgər ABŞ aviazərbələrə başlasa, Suriya hakimiyyətinin hərbi potensialının böyük hissəsi məhv edilə bilər. Hətta bundan sonra Bəşər Əsədin prezident kürsüsündə qalıb-qalmayacağı sual altına düşür. Ekspertlərin rəyinə görə, rəsmi Vaşinqtonun Suriyaya de-fakto müharibə elan etməsi  Rusiyanın, İranın və Türkiyənin bölgədən sıxışdırılması  ilə nəticələnə bilər. ABŞ rəsmilərinin əsas ittihamları hazırda daha çox Rusiyaya  qarşı yönəlib. Hətta N.Heyli V.Nebenzyanın Rusiyanın Bəşəd Əsədə dəstək verdiyini vurğulayaraq, “Sizin əliniz günahsız insanların qanına batıb”-deyə tənqid edib. Lakin siyasi müşahidəçilərin fikrincə, Birləşmiş Ştatların raketlərinin əsl hədəfi  Əsədə dəstək verən Rusiyanın deyil,  İranın hərbi bazaları ola bilər. Kreml də kimyəvi silahdan nə Suriyanın, nə də Rusiyanın istifadə etdiyini deməklə, bu cinayətin İran hərbçiləri tərəfindən törədildiyinə dair mesaj verir. Eyni zamanda, Qərb Rusiyanın kimyəvi silahdan istifadənin bir təxribat olması fikrini qəbul etmir. Çünki bu halda şübhələr ABŞ-ın da üzərinə yönələ bilər. Rəsmi Moskva bildirir ki,  Bəşər Əsəd  Şərqi Qutanın 95 faizinə, Suriyanın isə 80 faizə yaxın ərazisinə nəzarət etdiyi halda, kimyəvi silahdan istifadə etməyə ehtiyacı yoxdur.  Yəni, Suriya prezidenti özü üçün əlavə problem yaratmaq niyyətində deyil.  Ona görə də V.Nebenzya BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı “Biz bu təxribatın hazırlandığını gözləyirdik”deməklə kütləvi qırğın silahının ABŞ və onun müttəfiqləri tərəfindən atıldığına işarə edib. Əks-arqumentlərə görə, Əsəd rejiminə qarşı döyüşən “Ceyşül-İslam” təşkilatı Şərqi Qutanı tərk etsə də, Dumadakı silahlılar və yerli əhali ərazini Əsəd rejiminə təhvil vermək istəmir. Ona görə də  rəsmi Dəməşq Dumanı tam boşaldaraq nəzarətə götürmək üçün kimyəvi silahdan istifadə edib.

ABŞ-ın hərbi əməliyyatlara başlaması Suriyada əsas oyunçulardan biri olan Türkiyənin də maraqlarına toxunur.  Əslində, bu məsələ Türkiyə üçün paradoksal xarakter daşıyır. Suriya  hakimiyyətinə aid hərbi bazaların məhv edilməsi  Əsəd rejiminin zəifləməsi ilə nəticələnə bilər. Bu halda rəsmi Dəməşq Afrin də  daxil olmaqla Şimali Suriyada Türkiyənin nəzarətində olan ərazilərə iddiasından məhrum olar. Eləcə də son günlər Rusiya Türkiyədən Afrin bölgəsini Bəşər Əsədin tabeliyinə verməyi tələb edir. Lakin Rusiyanın sıxışdırılması Türkiyənin Afrində hərbi-siyasi mövqelərinin möhkəmlənməsi deməkdir. Digər tərəfdən, Rusiya və İranın regionda  geosiyasi mövqelərinin itirilməsi Türkiyə üçün arzuolunmaz nəticələr doğura bilər. Çünki Ərdoğan iqtidarı Suriyada hərbi irəliləyişə Rusiya və İranla müttəfiqlik sayəsində nail olub. İndi Qərbin adıçəkilən üçlük formatı üzərində geosiyasi mövqelərinin güclənməsi  Türkiyə üçün o qədər də əlverişli  deyil. Rəsmi Ankara birmənalı şəkildə Bəşər Əsədin hakimiyyətdən getməsində maraqlı görünmür. Buna baxmayaraq, indiki situasiyada ABŞ tərəfindən Bəşər Əsədin devrilməsi Suriyanın parçalanmasına yol aça bilər. Bu isə Türkiyənin ərazi bütövlüyü və milli təhlükəsizliyi üçün təhdid yaradır.

Yaranmış vəziyyəti Cebhe.info-ya təhlil edən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, Pentaqon və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi raket zərbələri endiriləcək 22  hərbi obyektin xəritəsini hazırlayıb. Bura həm İranın, həm də Rusiya hərbçilərinin olduğu hərbi bazalar daxildir:

“Prezident Donald Tramp Latın Amerikası ölkələrinə səfərini təxirə salaraq, Suriya məsələsi ilə məğul olmaq istədiyini bildirib. ABŞ prezidentinin bu qərarı Suriyaya zərbə endiriləcəyi ehtimalını artırır. Bu günlərdə İsrail tərəfindən Suriyaya aid hərbi bazaların vurulması ABŞ üçün bir məşq idi. Rəsmi  Vaşinqton bu məsələyə münasibət bildirməsə də sonradan bildirildi  ki, İsrail hava zərbələri ilə endirməzdən əvvəl ABŞ-ı məlumatlandırıb.  Şərqi Qutada kimyəvi silahın işlədilməsi, azyaşlı uşaqların, qadın və qocaların öldürülməsi Qərbdə ciddi narazılıq yaradıb. ABŞ-ın Bəşər Əsədə aid mövqeləri vurması üçün bütün hazırlıqlar görülüb. ABŞ və Qərb dövlətləri əvvəlcədən xəbərdarlıq edib ki, əgər  Bəşər Əsəd kimyəvi silahdan istifadə edərsə, ona qarşı təzyiq göstəriləcək. Ona görə ki, Bəşər Əsəd vaxtilə kimyəvi silahdan istifadə etmədiyini  elan edib. Rusiya və Bəşər Əsədi dəstəkləyən başqa qüvvələr kimyəvi silahların Suriyadan çıxarıldığını bəyan etdi. Şərqi Quta isə Əsədə qarşı müxalifətdə olan qüvvələrin nəzarətində qalır. Suriya hakimiyyətinin danışıqlar aparmaq əvəzinə kimyəvi silahdan istifadə etməklə birdəfəlik  məhv etmək yolunu tutması beynəlxalq ictimaiyyəti narahat edir. Ona görə də kimyəvi silahdan istifadə etmək,  ABŞ-a və Qərbyönlü qüvvələrə müxalif mövqe tutanlara qarşı ciddi tədbirlərin görülməsi, Suriyada Əsədə qarşı müxalif mövqe tutanların fəallaşması, Amerikaya qarşı ritorik bəyanatların güclənməsi  22 hədəfin vurulması ehtimalını artırır. Rusiya və İranın verdiyi dəstək sayəsində Bəşər Əsəd iqtidarının möhkəmləndiyini nəzərə alsaq, ABŞ oyundan kənar vəziyyətə düşür. Suriyada və İraqda İŞİD-ə qarşı hərbi  əməliyyatlar başa çatıb. ABŞ isə bəyan edir ki, İŞİD üzərində qələbə çalınıb və bundan sonra Suriyada İŞİD-in yenidən meydana çıxmaması üçün fəaliyyətini davam etdirəcək. İŞİD-in olmadığı bir situasiyada meydanda Əsəd rejimi, Rusiya və İran qalır. Mənim fikrimcə, xəbərlərdə  yayılan hədəflərin vurulması ehtimalı daha çoxdur”.

Sədrəddin Soltan hesab edir ki, ABŞ-ın raket zərbələri endirməsi nəinki  B.Əsədin hakimiyyətinə son qoya bilər, hətta Suriyada hərbi iştirakı müşahidə olunan başqa qüvvələr üçün də ciddi təhlükə yaradar:

“Bu gün dünyada iki məsələ gündəmdədir. Birincisi, ABŞ-ın Suriyanı vuracağına dair xəbərlər. İkincisi, Rusiyanın maliyyə bazarında rublun ucuzlaşması. Əgər ABŞ Suriyanı vurarsa, perspektivdə  Rusiyanın maliyyə bazarında vəziyyət daha da ağırlaşacaq. Suriyanın vurulması Rusiya və İranın zəifləməsinə səbəb olacaq. Eləcə də İranın maliyyə bazarında rial xeyli ucuzlaşıb. Bu böyük bir aksiyadır. Ola bilsin ki, Suriyanın vurulması prosesi ləngisin, yaxud ortaya atılmış bir ideya da ola bilər. Amma bütün hallarda Suriyanın vurulması məsələsi Rusiyanın və İranın zəiflədilməsinə hesablanıb. Ona görə də hesab edirəm ki, proses Bəşər Əsədə məxsus hərbi obyektlərin vurulması ilə yekunlaşmayacaq”.

Lakin ekspert bildirir ki, Rusiyanın ABŞ-ın atəş nöqtələrinə cavab zərbəsi endirəcəyi barədə deyilənlər inandırıcı görünmür. Əgər hərbi əməliyyat başlayarsa, Suriyaya ABŞ-la yanaşı, Böyük Britaniya, Fransa, və İsrail də zərbə endirəcək. Belə olan halda Rusiyanın dörd ölkəyə qarşı savaşması real görünmür.

Müşfiq Abdulla



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.