YAP namizədinin “növbədənkənar yol yoldaşları” – “Rəqabətli seçki” dekorasiyasının tamamlayıcı fiqurları

11 aprel tarixinə təyin olunmuş növbədənkənar prezident seçkiləri donuq siyasi gündəmin buzunu qırmağa kifayət elədi. İndi siyasi səhnə nisbətən canlanıb, qarşılıqlı ittihamlar, polemikalar bir-birini əvəz edir. Başlıca müzakirə mövzusu isə gözlənildiyi kimi seçkilərdə iştirak edib-etməməklə bağlı diskusiyalardır.

Əməkdaşlarımız  növbədənkənar prezident seçkiləri ilə bağlı bu günə olan mənzərəni təsvir etməyə və hadisələrin bundan sonrakı mümkün inkişaf istiqamətlərinə işıq tutmağa çalışıb. Beləliklə…

İlk öncə seçkidə iştirak edəcəklərini bəyan etmiş yaxud, buna eyham vurmuş siyasi təşkilat və onların namizədləri ilə tanış olaq.

Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci ilin fevralın 8-nə təyin etdiyi qurultayında növbədənkənar prezident seçkilərində prezident İlham Əliyevin namizədliyini irəli sürməklə bağlı rəsmi qərar verib.

Seçkilərlə əlaqəli Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının da növbədənkənar iclası keçirilib. İclasda ölkədə 2018-ci il aprelin 11-nə növbədənkənar prezident seçkilərində iştirak qərara alınıb. Adıçəkilən partiyanın namizədi VİP sədri Əli Əliyevdir.

AXCP-dən ayrılan qanadın rəhbəri Razi Nurullayev də növbədənkənar seçkilərdə namizəd olmaq istəyini rəsmən bəyan edənlər sırasındadır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin son açıqlamaları onun da prosesə qatılacağını düşünmək üçün əsaslar verir.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə prezident seçkilərində iştirak edəcəklərini deyib. Onu sözlərinə görə, seçki ilə bağlı yekun qərarı partiyanın plenumu verəcək.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də seçkilərdə iştirak qərarı verib.

Prezidentliyə daha bir iddialı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. Hətta onun bu mövqeyi partiyada ciddi narazılıqlara və istefalara da səbəb olub.

Bildirək ki, seçkidə iştirak qərarı vermiş partiyalar hakimiyyətə qarşı loyallığı ilə seçilən qüvvələrdir. Bu isə 2018-ci il seçkilərinin əsas özəlliyindən biridir ki, hakimiyyət namizədinin bütün rəqibləri əsas etibarılə hakimiyyətin siyasətinə etiraz gücünü itirmiş siyasətçilərdən ibarətdir.

İndi isə Savash.org olaraq sizə növbədənkənar prezident seçkilərində iştirak etməkdən imtina edənləri təqdim edirik.

AXCP-nin də üzv olduğu Demokratik Qüvvələrin Milli Şurası seçkiləri ilk olaraq boykot edənlərdəndir. Onların ardınca isə ReAl hərəkatı oxşar qərar verib. Təşkilatın seçki ilə bağlı açıqlamasında deyilir ki, “İlqar Məmmədovun iştirakının təmin edilməyəcəyi seçkiləri tanımayacaq və seçiciləri bu tamaşada iştirak etməməyə çağırmaq hüququndan istifadə edəcək”.

Müxalifət düşərgəsinin “ağır toplarından” sayılan Müsavat Partiyasının seçkilərə qatılacağı haqda gözləntilər olsa da sonda bu qurum seçkiləri boykot etmək haqda qərar verib.

Nida Vətəndaş Hərəkatı və sədri sonuncu parlament seçkilərində mandatdan məhrum edilmiş Ümid Partiyası da prosesə qatılmayacaqlarını rəsmən elan ediblər.
Belə bir durum isə YAP namizədinin seçkilərə ciddi rəqibi olmadan gedəcəyini şərtləndirir. Azərbaycan siyasətinə azacıq bələd olan hər kəs bilir ki, prosesdə iştirakla bağlı qərar verən namizədlərin heç birinin İlham Əliyevə qalib gəlmək üçün nəzəri imkanları belə yoxdur. Onların seçkilərə qatılması daha çox rəqabətli seçki mühiti dekorasiyasını tamamlamaq məqsədinə xidmət etdiyindən həmin namizədlərin şansları haqda müzakirə açmağı belə vaxt itkisi sayırıq.

Ölkədə müəyyən gücə və sosial dayaqlara malik iri müxalifət partiyalarının prosesi boykot etməsi hakimiyyət namizədini faktiki olaraq mübarizəsiz yarışın qalibinə çevirir. Düzdür, hətta onların seçkilərə qatılacağı variantında belə hansısa fərqli mənzərənin yaranacağını düşünmək sadəlöhvlük olardı. Bununla belə, proses ən azından maraqlı mübarizə şəraitində keçə bilərdi ki, artıq bu imkanı itirilmiş saymaq olar. 

Sonda xatırladaq ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülməsi prosesinə fevralın 20-də start veriləcək. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərinin MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.

Orxan
Savash.org



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: [email protected]
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.