“Neftçi” Tərlan Əhmədovla yollarını niyə ayırdı? – SORĞU

“Neftçi” Tərlan Əhmədovla yolları ayırdı. Bu qərar futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Çünki bu mütəxəssis bir neçə ildən sonra flaqmana medal qazandırdı. Məhz Əhmədovun rəhbərliyi altında Avroliqaya vəsiqə əldə olundu. Ancaq rəhbərlik Tərlan bəyə etimad göstərməyərək müqavilənin müddətini uzatmadı.

Newsport.az aparıcı idman jurnalistlərinin bu qərara münasibətini öyrəndi:

Ceyhun Əliyev, “Sport24.az” saytının baş redaktoru: “Zənnimcə, “Neftçi” rəhbərliyi bu addımı atmaqda gecikdi. Mayın 31-dək gözləməyə ehtiyac yox idi. Bəlkə də onlar alicənablıq edib, gözləyirdilər ki, bəlkə Tərlan Əhmədov özü istefa verər. Xətir-hörmətlə gedər. Gün kimi aydındı ki, onun məşqçilik istedadı yoxdu. Bunu AZAL-la da sübut edib. İnanmıram ki, ona daha hansısa komanda etibar olunsun. Olunsa belə, növbəti fiaskoyla üzləşəndə başa düşəcəklər ki, məşqçilik Əhmədova görə deyil. Qış fasiləsinə qədər “Neftçi” qeyri-sabit çıxış etdi. Toplanışda isə yoxlama oyunlarında kalkulyatorla hesablanmayacaq qədər toplar buraxdılar. Qış fasiləsindən sonra bərbad oyun sərgilədilər. Yalnız rəhbərliyin dəyişməsindən sonra Tərlan Əhmədovun adına bağlanan nəticələr gəldi ki, burda da onun heç bir xidməti olmayıb”.

Mahir Rüstəmli, “Futbol+” qəzetinin baş redaktoru: “Klub Tərlanı niyə göndərdiyi barədə məlumat yaymayıb. İstefaya göndərilib. Bir tərəfdən bu qərar nisbi görünür. Yəni komanda Avroliqaya vəsiqə qazanıb və bu məqşçi ilə davam edə bilərdi. Kamran Quiliyev “Neftçi”yə yeni gəlmiş prezidentdir və tam təbiidir ki, istədiyi məşqçi ilə yollarını davam etdirmək istəyir. Mən hesab edirəm ki, yetərincə normal qərardır”.

Kənan Məstəliyev, “Rekord.az” saytının baş redaktoru: “Məncə, düzgün qərardı. Məsələ nəticə və ya nəticəsizlikdə deyil. İki fərqli düşüncə sahibləri vardı klubda. Ona görə də bu rəhbərliyin Tərlan Əhmədovla davam etməyəcəyi gələn gündən bəlli idi. Ən azından söhbəti uzatmadılar. Avrokuboklardakı uğursuzluqdan sonra göndərməkdənsə, indidən yola salmaq doğru qərardı. Amma bu işin bir əmması var: Tərlan Əhmədovdan sonra gətiriləcək adam komandanı çempion etməlidi. Başqa nəticəni ictimaiyyət qəbul etməyəcək. Qərar verənlər bunu nəzərə alıblar, yəqin ki…”

Elçin Cəlilov, “Futbolpress.az” saytının baş redaktoru: “Tərlan Əhmədovla müqavilənin müddəti bitmişdi. Yeni müqailəyə təşəbbüsün olmamasına səbəbi Əhmədov özündə axtarmalıdır. Nəticələr yaxşılaşsa da, bir neçə məqamda ciddi problemlər yaratdı. Qış toplanışındakı xoşagəlməz xəbərlərin çıxması Əhmədovu öz böyür-başını nizamlaya bilməməsindən xəbər verirdi. Komandasını sağlam seçməyən birinin postundan göndərilməsi gözlənilən idi”.

Vüaqr Zeynallı, “Azerisport.com” saytının rəhbəri: Məncə, “Neftçi” rəhbərliyi daha ambisiyalı və təcrübəli məşqçi ilə yollarını davam etdirmək istəyir. Biz çox deyə bilərik ki, rəhbərlik bunu düz etdi və ya düz etmədi. Amma klub artıq öz qərarını verib. Mən hesab edirəm ki, klub rəhbərliyinə öz işini öyrətməyə ehtiyac yoxdur. Çünki biz bilmirik ki, tərəflər arasında hansı danışıqlar və tələblər olub. Mənim fikrimcə, klub rəhbərliyi kubokun qazanlmamasından narazıdır. “Neftçi” kuboku qazanmasa da, 3-cü yeri tutdu. Klub rəhbərliyi hesab edir ki, Tərlan Əhmədov bu mövsüm mənfi qiymət alıb və qarşıya qoyulan əsas məqsədi yerinə yetirməyib. Onlar bu məşqçinin növbəti mövsümdə böyük uğurlar gətirəcəyinə inanmadıqları üçün onu yola saldılar”.

İsmayıl Abdullayev, “İdman Azərbaycan” telekanalının əməkdaşı: Məncə, klubun yeni rəhbərliyinin daha böyük hədəfləri var və Tərlanı bu hədəflərə uyğun saymayıblar. Ola bilsin, bu fikir daha öncədən olub. Sadəcə, mövsümün başa çatmasını gözləyiblər ki, komandada sistem pozulmasın. Hər halda, rəhbərliyin öz fikridir. Amma Əhmədovla davam etsəydilər, daha yaxşı olardı. Klubun yeni rəhbərliyi yəqin ki, əcnəbi məşqçi gətiməyi düşünür”.

Əlisahib Əliyev, “Fanat.az”ın rəhbəri: “Neftçi”ni ən çox tənqid edənlərdən biri mənəm. Amma burda məsələ tam başqadır. Bu rəhbərlik bu məşqçi ilə işləmək istəmir. Klub rəhbərliyi ilə məşqçi arasında tandem olmalıdır. Gümüş medal yox, qızıl medal götürsəydi belə, yollarını ayracaqdılar. Mən də klub rəhbəri olsam, öz güvəndiyim məşqçi ilə işləməyə üstünlük verərəm. Əgər məşqçi ilə klub rəhbərliyinin fəlsəfəsi uyğun gəlmirsə, orada hər gün söz-söhbət olacaq və bu vəziyyətdə uğurdan söhbət gedə bilməz. Son zamanlar “Neftçi”də yayılan söz-söhbətlər oradakı məşqçi, futboçu və rəhbərliyin sözünün bir-biri ilə uyğun gəlməməsi ilə əlaqədar idi. Rəhbərliklə məşqçinin sözü düz gəlmirsə, uğurun o qədər önəmi yoxdur. Uğur gətirib deyə məşqçinin hər dediyinə raz olmaq olmaz. Tərlanı bu rəhbərlik gətirməyib komandaya. Onların öz futbol fəlsəfəsinə uyğun məşqçini gətirməyə ixtiyarı var. Bundan sonra komandaya gələn baş məşqçinin Tərlandan güclü olub-olmadığını müəyyənləşdirdikdən sonra deyə bilərik ki, düz ediblər, ya yox”.

Erkin İbrahimov, futbol agenti: “Real” Zidanla vidalaşdı. Onlar da nəticənin olmamasına görə yox, gələcək planlarla bağlı bu addımı atdılar. Bu səbəbdən “Neftçi”nin qərarının düzgün olub-olmadığını söyləmək çətindir. Əslində medal “Zirə”nin haqqı idi. Lazımsız xallar itirdilər. Normal futbol oynasaydılar, “Neftçi” 3-cü yeri tuta bilməzdi. İstənilən klubda baş məşqçi ilə dialoq aparırlar. Fikirlər üst-üstə düşməyəndə yollar ayrılır. Burada faciəvi heç nə yoxdur. Sentyabrda rəhbərliyin düzgün atıb-atmayacağı bilinəcək”.

Rəşad Ergün, “komanda.az”ın rəhbəri: “Neftçi” təyinatla Avropa Liqasına vəsiqə qazandı. “Sumqayıt”ın haqqı olan vəsiqə “Neftçi”yə verildi. Klub rəhbərliyi də bunu bilirdi ki, “Neftçi”nin dırnaqarası uğurlarında baş məşqçi işi yoxdur. O üzdən Tərlan Əhmədov rəhbərliyə uğur qazanmış məşqçi kimi görünmürdü. Bundan başqa, Əhmədovu komandaya “Neftçi”nin yeni rəhbərliyi gətirməmişdi. Ola bilsin, Kamran Quliyevin işləmək istədiyi mütəxəssis olub və belədə Əhmədovu onunla əvəzləmək normaldır”.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.