“1000 bərəkət, halal nemət” markasının sahibi “Səhliyalı” dan müdhiş saxtakarlıq: Siçan nəcisi, xərçəng yaradan maddə və “HALALLIQ” – FOTOFAKT

“Yaxınlıqdakı mağazadan sosiska aldım. “1000 bərəkət, halal nemət” şirkətinə məxsus idi, sosiskanın üzərində halal olduğu yazılmışdı. Lakin kəsəndə gördüm ki, içindən siçan nəcisi çıxdı. Bəs belə iyrəncliyi mənim hamilə həyat yoldaşım görsəydi, bilmədən yesəydi, kim cavabdeh olacaqdı? Bu nə iyrənclikdir? Bu hadisə sərt şəkildə qınanmalıdır, şirkət rəhbərləri də bu hadisədən dərs çıxartmalıdırlar”- istehlakçı Rəhim İsmayılov.
“1000 bərəkət, halal nemət” markasının sahibi “Səhliyalı” şirkətinin digər məhsulunun içərisindən qurd çıxması barədə də məlumat yaddaşlardan silinməyib. Firmanın “Sacüstü sosiskaları” məhsulunu alan istehlakçı feysbuk sosial şəbəkəsində bu məlumatı paylaşmışdı. Şirkət bunu inkar etsə də, araşdırma aparacağını bildirmişdi. Həmin araşdırmanın nəticəsi isə məlum olmadı.
Reklamını halal məhsul istehsalı üzərində quran, halal etiketini adında daşıyan şirkətin məhsullarında həm halallıq, həm də keyfiyyət baxımından şübhə yaradacaq dərəcədə çox şikayətlər olub.

Hər dəfə də “bu bizim məhsul ola bilməz” deməklə vəziyyətdən çıxıblar. Ancaq köhnə xəbərlər unudulduğu vaxtda yeni bir qalmaqalla yenidən medianın gündəminə çevriliblər. “Səhliyalı” şirkətinin ən çox diqqət çəkən məhsulu isə “1000 bərəkət, halal nemət”dir ki, onun da əsas özəlliyi adındakı “halal” sözüdür. Əhalisinin 90 faizdən çoxu müsəlman olan ölkəmizdə halallıq məsələsinin nə qədər vacib olmasından danışmağa ehtiyac görmürük. Amma gəl gör ki, bu addan istifadə edən şirkətlərin də sayı az deyil. Adını “halal” qoyan bu şirkətlər məhsulu haradan gətirdiklərindən tutmuş, kolbasanın tərkibindəki inqridentlərə qədər bir çox şeyi gizli saxlayırlar.
Bəs halallıq üçün şərtlər nədir?
Azərbaycanda istehsal olunan kolbasa məhsullarının halallığı ilə bağlı hər zaman şübhələr olub. Çünki mütəxəssislər tərkibində donuz əti və piyi olmayan bu tip məhsulları uzun müddət saxlamağın mümkün olmadığını deyirlər. Şirkətlər isə əksini.
2012-ci il avqust ayının 1-dən Azərbaycanda halal standartı tətbiq edilir. Halal ətin, halal qidanın necə əldə edilməsi və “halal” termininin necə istifadə olunmasını özündə əks etdirən standartlar Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.
Standartı qısaca ifadə edək:
Heyvanı kəsən şəxs müsəlman olmalıdır;
Heyvanı üzü qibləyə çevirib kəsmək lazımdır;
Kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır;
Heyvanın əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi yolverilməzdir;
Bu qaydalarla kəsilən heyvanın ətinə təbii ki, donuz əti və piyi qatmaq olmaz;
“Halal” yeyinti məhsullarının öz xüsusiyyətlərinə görə digər yeyinti məhsullarından üstün və ya sağlamlıq üçün daha faydalı olması barədə fikir yaradılmamalıdır.
Alıcılar da nəzarət etməlidir
“Səhliyalı” şirkətinin saytında isə kolbasa və sosiskaların hazırlanmasında istifadə edilən heyvanlar kəsilərkən bu qaydaların hansına əməl edilməsi barədə heç bir məlumat tapa bilmədik. Sadəcə tələb olunun mal ətinin müəssisənin daxilindəki sexdə kəsildiyi, gigiyenik qaydalara əməl edildiyi yazılıb. Şirkətdən zənglərimizə cavab verilmədiyindən (günlərlə əlaqə saxlasaq da) çarəsiz qalıb üz tutduq şirkətə halallıq sertifikatını verən şirkətə.
“AzeSERT HALAL” MMC-nin direktoru Elşad Əliyev saytımıza açıqlamasında bildirdi ki, “Səhliyalı” məhsullarında, eləcə də“1000 bərəkət, halal nemət” kolbasalarında istifadə olunan xammala, köməkçi materiallardan tutmuş, hazır məhsula qədər bütün prosesə nəzarət edirlər.

“Xammalın halal qaynaqdan olması, qablaşdırılması, istehsal prosesi, personal və sonda hazır məhsul araşdırılır. “Səhliyalı” müəssisəsinin kəsimxanası bizim tərəfimizdən sertfikatlaşdırılıb, onlayn kamera vasitəsilə izləmə aparırıq. Ayda bir neçə dəfə monitorinq keçiririk. İstifadə olunan xammal, yəni ət xaricdən idxal edilirsə, həmin ölkənin sertifikatlaşdırma orqanı ilə danışıqlar aparırıq, əksər hallarda mütəxəssislərimiz yerində araşdırma aparır. Şirkət əvvəl Hindistanın “Alana” şirkəti ilə əməkdaşlıq edirdi. Biz həmin müəssisədə olmuşuq, istehsalın halal standarta uyğun olduğunu müşahidə etmişik. Son vaxtlar “Səhliyalı” Ukraynadan ət idxal edir. Həmin ölkədən də idxala da nəzarət edilir”.
İstərdik ki, təkcə “AzeSERT HALAL” MMC-nin əməkdaşları deyil, bütün istehlakçılar deyildiyi kimi halal kəsim prosesini izləsinlər. Ancaq hazırkı durumda alıcı yalnız şirkətin saytında ətlərin hissələrə ayrıldığı məqamlardan ibarət foto və videogörüntülərə baxmaqla kifayətlənə bilir ki, bu da heyvanın sadaladığımız qaydalar əsasında kəsilməsi təəssüratını yaratmır.
Rəqəmlər danışsın
İstifadə etdiyi əti yalnız müəssisədə kəsilən heyvanlardan əldə etməsi barədə məlumat isə xeyli şübhəlidir. 1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı olduğunu rəsmi saytında qeyd edən şirkətin özünün məlumatına görə, gün ərzində 5 ton kolbasa istehsal edir. Lakin rəqəmlər kolbasaların yalnız öz təsərrüfatlarından əldə edilən ətdən xammal kimi istifadə edilməsinə şübhə yaradır. Çünki Azərbaycanda 2016-cı ildə cəmi 302.2 ton ət kəsilib, onun 131 tonu mal əti, 75.2 tonu qoyun və keçi, 0.5 tonu donuz, 95.5 tonu toyuq əti olub. Ümumilikdə kəsilmiş əti 365 günə bölsək, ölkə ərazisində gün ərzində 0.8 ton ət kəsilib. Gün ərzində respublikada 0.8 ton ət kəsilirsə, demək şirkətin gün ərzində 5 ton kolbasa istehsal etməsi üçün əlavə mənbəyə ehtiyacı var. Amma hardan? Bax bu vacib sualdır.
Bazardakı kolbasa firmalarının əksəriyyəti əti Hindistan və Braziliyadan idxal edir. Məhsullarının mənşəyi məlum olmadığı kimi dondurulmuş halda olması istifadə tarixini də şübhə altına qoyur.
“Səhliyalı” isə kolbasaları haqqında yalnız müasir avadanlıqlar, ənənəvi resept və ən yaxşı xammaldan istifadə etdiyini deməklə kifayətlənir.
Lakin saytlarında xammalın mənbəyi açıq verilmədiyi kimi, məhsulun üzərində də tərkibi barədə kifayət qədər məlumat yoxdur. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.
Qanunda göstərilir: “…mallarin (işlərin, xidmətlərin) miqdari, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüququdur…”
Asılılıq və xərçəng
Gizlətdikləri qatqılar qalsın bir yana. Satışdakı məhsulların üzərində qeyd etdikləri maddələr bizim üçün kifayət etdi.
Bunlardan biri E 621 – qlütamat maddəsidir. Bu maddə dad gücləndiricidir. İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur.
E 250 – natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir.
E 250 maddəsi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.
Şirkətə halal sertifikatı verən “AzeSERT HALAL” MMC-nin rəsmisi isə bu maddələrin yalnız dozanı aşdıqda təhlükəli olduğunu və ümumiyyətlə, hər hansı qurum tərəfindən istifadəsinin tam məhdudlaşdırılmadığını dedi:
“Məhsullarda istifadə edilən E 631 bağlı da belə məqamlar var idi, məsələni araşdırdıq. Bu qida əlavələri təbii mənşəli halal istehsal sahəsində istifadə oluna bilər. Həmin maddələrin, qida əlavələrinin istehsal prosesi ilə istehsalçı ölkədə olub araşdırma aparırıq”.
E-631 qida əlavəsi ilə bağlı daha detallı məlumatı Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun saytından http://www.nkpi.az/?page=addread&id=5217 əldə etmək olar.
AZS 731 standartında göstərilib ki, qida əlavələri, dad gücləndiriciləri, mikroorqanizmlərlə bağlı qoyulan tələblərə görə, həmin vasitələr halal mənbələrdən olmalı, istehsal və emal mühiti halal vasitələrlə təmin edilməlidir.

Bu gündəlik keyfiyyətli məhsul istehsalına zəmanət vermir
Şirkətə uyğunluq sertifikatı verən “AzFoodSert” MMC-nin rəhbəri Həmid Tağıyev məhsulun fiziki, kimyəvi və mikrobioloji analizlərini apardıqlarını dedi:
“Sertifikat bir il müddətində verilir. Bu vaxta qədər sertifikat verilərkən müəyyən uyğunsuzluqlar olub və onlar da aradan qaldırılıb. 6 aydan bir nəzarət edirik”.
H.Tağıyev E-250, E-621 adlı qida əlavələrin olmasının uyğunluq sertifikatı verməyə mane olmadığını dedi:
“Bu maddələr qida əlavələridir. Bunlar yalnız miqdarı aşıldıqda təhlükəli ola bilər”.
O, 6 ayda bir dəfə yoxlanışın gündəlik keyfiyyətli məhsul istehsalına zəmanət verməməsi ilə bağlı fikirlərlə də razılaşdığını etiraf etdi:
“Lakin həmin şirkətdə gündəlik yoxlama aparan daxili laboratoriya var. Onlar da məhsulun gündəlik laborator nəticələrini bizə göndərirlər”.
Bu məqamda bir detala xüsusi diqqət çəkməliyik. Keyfiyyətsiz məhsul istehsal edən hansı şirkət ona sertifikat verən bir quruma mallarının yararsızlığı barədə məlumat verər? Buna Azərbaycanda kimsə inanarmı?
Ancaq H.Tağıyev dedi ki, şirkətin öz məhsulunun keyfiyyətini sual altına salacaq yola əl atacağına inanmır.
Qəribədir ki, halallıq sertifikatı verən şirkət “Səhliyalı”nın xammalı həm yerli, həm də xaricdən idxal hesabına təmin etdiyini desə də, uyğunluq sertifikatı verən “AzFoodSert” MMC-nin rəhbəri yalnız yerli ətlərdən istifadə edildiyini bildirir. Məlumatlarda yenə uyğunsuzluq var.
Araşdırmamızdan da aydın oldu ki, halallıq təkcə heyvanın başının qibləyə tutulub kəsilməsi deyil. Halallıq həm də o heyvanın ətinin təmiz yerdə saxlanılması, kiflənməməsi, içindən həşəratın çıxmaması və s. deməkdir. Axı bunların əksini etmək alıcını aldatmaq, qazanca haram qatmaqdı. Haram qazancla halal məhsul istehsal etmək olarmı? Məhsulun içindən həşərat çıxacaqsa, heyvanın üzü qibləyə tutulub kəsilməsinin nə mənası var?
İkinci məqam isə budur ki, ildə bir dəfə, ya da altı aydan bir verilən halallıq və ya gigiyenik sertifikat həmin məhsulun ilin bütün günlərində halal və gigiyenik olması mənasını vermir. Axı hər gün sertifikatı verən qurum şirkətin başının üstündə durub heyvanın üzü qibləyə kəsilməsinə, sağlam olmasına nəzarət etmir. Yəni məsələ qalıb şirkətin insafına.
Onlayn nəzarət olmalıdır
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu il ərzində yazılı olmasa da, şifahi şəkildə hər həftə kolbasaların keyfiyyəti ilə bağlı şikayətlər aldıqlarını dedi:
“Müraciətlər arasında kolbasa və sosislərin qiymətinin ətdən ucuz olmasının səbəbi barədə narahatlıqlar üstünlük təşkil edir. Standartlara uyğun hazırlanan kolbasa və sosislərin ucuz olmasının səbəbi xarici ölkədən ucuz ət idxalı ilə bağlıdır. Bu ət əsasən Hindistandan gətirilir ki, onun da kilorqamı 3 manata başa gəlir. Bundan əlavə, heyvanların sub-produktları – baş, dil ətindən, eyni zamanda toyuq ətindən istifadə edildiyinə görə ucuz başa gəlir”.
E.Hüseynov bildirdi ki, kolbasanın üzərində tərkibin tam formada göstərilməməsi qanunvericiliyin açıq-aşkar pozulmasıdır:
“Bu həm qanun pozuntusu, həm də istehlakçıdan məlumatın gizlədilməsidir. “Yeyinti məhsulları haqqında” qanuna görə, məhsulun tərkibindəki bütün inqridientlər, kalori göstərilməlidir. Məhsulun üzərində istehlakçının əlaqə saxlaya biləcəyi telefon nömrəsi qeyd edilməlidir”.
Halal məsələsinə gəldikdə, E.Hüseynov uzun illər ölkədə akreditasiya olunmadan bu cür sertifikat verən şirkətlərin fəaliyyət göstərdiyini dedi:
“Onlar pul müqabilində şirkətlərə halallıq sertifikatı verirdi. Biz uzun müddət həmin qurumlarla mübarizə apardıq. Son 2 ildir “AzeSERT HALAL” MMC öz laboratoriyasında kolbasaların tərkibində donuz ətinin miqdarını müəyyən edə bilir. Azad İstehlakçılar Birliyinin ictimai nəzarəti altında müəssisələrə halal sertifikatı verilir. Xammalı xaricdən idxal edilən müəssisələrdə, həmçinin həmin ölkələrdə monitorinq aparıb, ətin keyfiyyətinə nəzarət etmişik. İndi isə həmin müəssisələrdə onlayn nəzarət sistemi qurulması üzərində iş aparırıq. Yalnız bu zaman məhsulun mənbəyindən süfrəyə gələnə qədər nəzarət edilə bilər”.

Şirkətin təkcə məhsulları deyil, bir müddət əvvəl kolbasaların halallığına insanları inandırmaq üçün çəkdiyi reklam çarxı da tənqid hədəfinə çevrilmişdi. Əsas irad isə bu formada idi:
“Reklamda “qəhrəman”ın piyadanın həyatını təhlükəyə ataraq piyada keçidi olmayan yerdən keçirməsinə görə qazandığı savabla halal kolbasa yeməsinin nə qədər əlaqəsi varsa, “1000 bərəkət, halal nemət”in də halal və keyfiyyətlə bir o qədər əlaqəsi var.
İqtisadiyyat şöbəsi

publika.az

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.