8-ci km-nin bazarı vəhhabilərin əlinə keçdi? – Bazara rəhbərlik edən “triada” kimə işləyir

Kənd təsərrüfatı məhsulları istehsalçılarının öz mallarını birbaşa və ya vasitəçilərin əli ilə paytaxt bazarlarında istehlakçılara rahat təklif edə bilməsi birincilərin öz məşğulluqlarını təmin etməsi, ikincilərin də ərzaqa olan tələbatının ödənilməsi baxımından əhəmiyyətlidir. İstehsalçılar həmçinin güzəştli də olsa, dövlət büdcəsinə vergi ödəyiciləridirlər. Məhsullarını reallaşdırmaq üçün şəraitin yaradılması həm də onların əməyini stimullaşdıran amildir.
Ancaq təəssüflər olsun ki, xüsusi təşkil olunmuş yarmarkalar istisna olunmaqla, bəzən bazarların, ticarət mərkəzlərinin sahibləri qeyri-qanuni olaraq dözülməz şərtlər tətbiq edir, malsatanlardan rəsmiyyətdən kənar haqq tələb edirlər. Belə neqativ halların baş alıb getdiyi iri ticarət mərkəzlərindən biri və bəlkə də birincisi paytaxtın Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsində yerləşən “8-ci kilometrin bazarı”dır. Bu günlərdə redaksiyamıza Tovuz rayon sakini Vüqar Əliyev müraciət edərək, bazarda sözün əsl mənasında soyğunçuluqla üzləşdiyini bildirmişdir: “Öz məhsulumu “Kamaz” yük maşını ilə bazara gətirmişdim. Əvvəlcə dedilər yer yoxdu. Sonra girişə icazə üçün 140 (bir yüz qırx) manat pul aldılar. Gəldiyimin bir həftəsinin tamamında məndən əlavə olaraq 200 (iki yaüz) manat istədilər. Halbuki həmin həftə ərzində hər gün maşın saxlamaq üçün 10 (on) manat, kartofu sərgiləmək üçün maşının arxa tərəfindəki bir-iki kvadrat-metr yer üçün də gündəlik 7 (yeddi) manat verirdim. Mən əlbəttə ki, bu haqsızlığa etiraz etdim, lakin bazar müdiriyyətindən Mahir adlı şəxs kartof kisələrimi təpiklə vurub dağıtdı…”
Vüqar Əliyev qeyd edir ki, eşitdiyinə görə, bu bazara ümumiyyətlə, yük maşınlarının girişinə qadağa qoyulub, amma istədikləri qədər pulu verən maşınları buraxırlar. Onun sözlərinə görə, paytaxtın iri ticarət mərkəzlərindən olan “Meyvəli bazar”da malsatanlar yük maşınlarının girişi üçün birdəfəlik cəmi 100 (bir yüz) manat ödəmək tələb olunur. Doğrudan da başadüşülən olmalıdır ki, malsatanın bazarda yubanması malını satıb qurtara bilməməsi, yəni nəzərdə tutduğu qazancı əldə edə bilməməsi ilə əlaqədardır. Digər isteklak, gecələmə xərcləri olduğundan, günlərin sayının uzanması ona qətiyyən sərf etmir.
Əməkdaşımız bazarda və onun ətrafında müşahidə aparıb. Yaxınlıqdakı binalarda yaşayan sakinlər gecələr bazara girib-çıxan maşınların yaratdığı səs-küydən şikayətlənərək yuxularının ərşə çəkildiyini bildiriblər. Ümumiyyətlə, sirr deyil ki, “8-ci km. Ticarət Mərkəzi” ASC Bakının ən qalmaqallı, intriqalı bazarıdır desək, yanılmarıq. Son illərdə bu bazarın idarəçiliyi dəfələrlə əldən-ələ keçib. Bu səbəbdən hərc-mərclik baş alıb gedib. Milyonların dövr etdiyi bazar çirkab içindədir. Səliqə-səhman itib, sanitar qaydalara riayət olunmur, ət və ət məhsullarının keyfiyyətinə, saxlama müddətinə nəzarət edilmir. Daha doğrusu, nəzarətin adı var, özü isə bazar rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş və davamlı artmağa meylli rüşvət tələbindən ibarətdir. Bir sözlə, burada pul əsas meyardır.
2002-ci ilə qədər bazara rəhbərlik etmiş şəxs əslən Bakıdan olan Çingiz Əsədov olub. Sonradan bazarı ondan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin adamı kimi tanınan Cəfər Əsədov alıb.
Fərhad Əliyev dövlət çevrilişinə cəhddə suçlu bulunandan sonra sonra məlumat dolaşdı ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov bazar rəhbərliyində orada öz adamı Qulu Cəfərovu oturdub aylıq haqqını alır. Məlum “MTN işi”ndə üzə çıxdı ki, keçmiş MTN generalları Akif Çovdarovun qızı Aidə Qasımova, Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova da sözügedən bazarın səhmlərinə yiyələniblərmiş. Bir ara söz yayıldı ki, bazarın gəlirlərinin əhəmiyyətli bir hissəsi vəhhabilərin maliyyələşdirilməsinə gedir. Yeri gəlmişkən, bu məlumat hələ də təkzib olunmayıb. Nəzərə alsaq ki, hər gün bazara əlli-altmış iri yük maşını mal daxil olur, onlardan alınan pulun kəmiyyəti barədə təsəvvür yaranar. Kim zəmanət verə bilər ki, hökumətin xəbəri olmayan bunca böyük pul kütləsi hələ də radikal təriqətlərə, ölkədə sabitliyi pozmağa meylli destruktiv siyasi cərəyanlara, mafioz klanlara hətta terror təhlükəsi kəsb edən qruplara yönəlmir.
2015-ci ildə bazarı 1,2 milyon investisiya qoymağı öhdəsinə götürən tanınmış biznesmen Rasim Qurbanovun oğlu Bəhram Qurbanov “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərini almışdı. Hazırda bazarın de-yure rəhbəri kimi ağdamlı Eyyub adlı şəxs tanınsa da, faktiki rəhbərliyi Elşən, İlkin və Mahir adlı üç nəfər həyata keçirirlər. Elşən Hüseynov son vaxtlar “MTN işi” ilə əlaqədar “məşhər ayağına çəkildiyindən”, az-az, ara-sıra gözə dəyir. Triadadan (üçlük) ən qəddarı Mahir olduğundan, pul yığımında əsas onu qabağa veriblər.
Mövzuya qayıdacağıq.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.