Bakının Brüssel zəfəri: İlham Əliyev Avropada kimləri mat qoydu? – Pərdəarxası

Avropa İttifaqının bu cür mötəbər tədbirində Azərbaycanın maraqlarına cavab verən belə bir mühüm sənədin qəbul olunması olduqca vacib hadisədir. Palitika.Az-ın Analitik Mərkəzi yazır ki, Avropa Birliyinin Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində üzv və tərəfdaş ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi barədə yekun bəyannamə ciddi faktdır.

Bəyannamənin bu formada qəbul olunmasını şərtləndirən amillər sırasında əlbəttə ki, ilk növbədə Avropa Birliyinin tərəfdaş ölkələrlə münasibətlərini genişləndirmək istəməsi əsas rol oynayır.

Eyni zamanda, bu, son illər rəsmi Bakının davam etdirdiyi ardıcıl və praqmatik siyasətin, həyata keçirdiyi transmilli layihələrin nəticəsidir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rol oynayan dövlətə çevrilməsi, bir sıra mühüm nəqliyyat-kommunikasiya layihələrində təşəbbüskar olması, tranzit ölkə kimi çıxış etməsi Avropanın ölkəmizə münasibətini dəyişməkdədir və Bakını Avropa ailəsinin bir üzvünə çevirməkdədir.

Digər səbəb odur ki, son dövrlərdə Avropada geniş vüsət alan separatizm dalğası Avropa İttifaqını dövlətlərin ərazi bütövlüyü, suverenliyi məsələsini ön plana çəkməyə vadar edir.

Artıq Avropa özü separatizmdən, parçalanmaqdan əziyyət çəkməyə başlayıb və məsələlərə artıq ənənəvi insan hüquqları, öz müqəddəratını təyin etmə kimi amorf prizmadan yox, daha ədalətli və konkret nöqteyi-nəzərdən münasibət göstərməyə başlayıb.

Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib.

Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib.

Avropa Şurası (AŞ) ilə problemlər isə narahatlıq doğurur.

AŞ bilavasitə Dağlıq Qarabağ problemilə məşğul olmasa da və onun predmetini üzv ölkələrdə insan haqlarının və demokratiyanın vəziyyəti təşkil etsə də, demək olmaz ki, təşkilatı regional münaqişələr, ümumiyyətlə, cəlb etmir.

Son 16 ildə orada təmsilçilərimizin olması Şuranın da Qarabağ siyasətinə müsbət təsir etdi və bəzi vacib sənədlər qəbul olundu.

Təmsilçilərimiz daha çox iş görə bilərdi. Bununçün mühitlə qaynayıb-qarışmalıydılar. Bacarmırlar.

Səbəbini də belə yozurlar ki, siyasi spektr genişdir: mühafizəkarlar, liberallar və sosialistlər, daha nə bilim, kimlər! Hamısıyla dil tapmaq, ünsiyyət qurmaq olmur…

Fəqət, məgər əvvəldən də aydın deyildimi ki, tək partiya olaraq YAP hətta cırtdan satellitlərilə birlikdə belə Avropanın bütün siyasi spektrini əhatə edə və cəmi qurumlarda təmsil oluna bilməz – bir təşkilatın imkanları xaricindədir bu…

25 ildir yaranmasına və 24 ildir hakimiyyətdə olmasına baxmayaraq, hakim partiya indiyədək ideoloji təmayülünü də müəyyənləşdirməyib.

Dünyadakı çoxsaylı partiya ittifaqlarından birilə kontakt qurmayıb, dünyanın çoxsaylı böyük partiyalarından birini Bakıya bir stəkan çay içməyə dəvət etməyib…

Düşünürlər, dövlət səviyyəsində iş görülürsə və əlaqələr varsa, yetər. Halbuki, bir partiya ilə dövlət arasında bərabərlik işarəsi yalnız totalitar sistemlərdə mümkündür.

Vaxtilə müxalifət partiyalarında xarici əlaqələr və ya xarici siyasət məsələləri üzrə müavinlik postu vardı.

Bilmirik ki, YAP-da buna bənzər “beynəlxalq əlaqələr” bölməsi və ya beynəlxalq əlaqələr üzrə müavinlik postu var, ya yox? Varsa da, təzahürünü görmürük…

Birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.

Qeyd edək ki, Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb.

Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib.

Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb.

Həmçinin sənəddə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də qeyd edilib.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.