“Radikal müxalifət etiraz aksiyaları təşkil etməklə mühacir biznesini inkişaf etdirmək niyyətindədir”

Özünü “Milli Şura” adlandıran qurum martın 10-unda “Məhsul” stadionunda mitinq keçirmək üçün icazə alsa da, müxalifət nümayəndələri etiraz aksiyalarının “Fəvvarələr meydanı”nda keçirilməsi üçün sosial şəbəkələrdə qanunsuz çağırış ediblər.

İnterpress.az radikal müxalifətin bu çağırışına münasibət öyrənmək üçün millət vəkili Elman Nəsirov və hüquq müdafiəçisi Azər Həsrətə müraciət edib.

Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirov qeyd edib ki, əgər, radikal müxalifət hüquqa hörmət edən tərəfdirsə, ilk növbədə, konstitusiyada da öz əksini tapmış insanların istirahət etmək hüququna və təhlükəsizliyinə hörmətlə yanaşmalıdır:

“Martın 10-u həftə sonudur və insanların istirahət etdiyi gündür. İnsanlar da öz istirahətlərini və asudə vaxtlarını keçirmək üçün şəhərin ən unikal mərkəzi olan “Fəvvarələr meydanı”na üz tuturlar. Lakin radikal müxalifətin “Fəvvarələr meydanı”nda mitinq keçirmək istəyi insanların istirahət etmək hüququnun əlindən alınması deməkdir. Belə çıxır ki, radikal müxalifət toplaşmaq hüququnu insanların istirahət etmək hüququ hesabına təmin etmək istəyir. Hesab edirəm ki, bu, qəbuledilməz bir məsələdir.Azərbaycan xalqı da bu məsələyə “yox” deyir. Sadəcə olaraq, radikal müxalifətin mitinqlərinə ancaq öz qohum-əqrəbaları, dost-tanışları toplaşır. Demək olar ki, ümumilikdə, 700-800 nəfərlə mitinq keçirirlər. Lakin, “Fəvvarələr meydanı”nda isə, xüsusilə, həftə sonu çoxlu insanlar istirahət edir. Bu müxalifət də, insanların çox olduğu yerdə mitinq keçirib istirahət edən insanları da mitinq iştirakçısı kimi təqdim etmək istəyirlər. Bununla da, yalançı bir şou yaratmaq istəyirlər. Bütün bunlar Azərbaycan dövlətçiliyinə də, konstitusiyaya da ziddir. Əgər, belə bir hal baş verərsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab veriləcək”.

“Radikal müxalifətin təşkil etdiyi mitinqlərdə təhlükəsizlik təmin edilməlidir”

Eyni zamanda, millət vəkili qeyd edib ki, Azərbaycan dövləti demokratik inkişaf yolunu seçmiş bir dövlətdir və ölkədə bütün demokratik hüquqlar müdafiə olunur: “Söz, mətbuat və toplaşmaq azadlıqları Azərbaycanda tam təmin edilmiş hüquqlardır. Elə buna görə də, dövlətimiz müxalifətin mitinq keçirmək xahişinə loyal münasibət bəsləyir. Amma unutmamalıyıq ki, Azərbaycan həm də hüqüqi bir dövlətdir və bütün mitinqlər də hüquqi müstəvidə həyata keçirilməlidir. Ona görə də, radikal müxalifətin təşkil etdiyi mitinqlərdə təhlükəsizlik təmin edilməlidir. Azərbaycan dövlətçiliyinin əleyhinə şüarlar səsləndirilməməlidir. Bu mitinqlər dinc şəraitdə keçirilməlidir. Eyni zamanda, Azərbaycan polisi mitinq iştirakçılarının da təhlükəsizliyinə xidmət edir”.

Hüquq müdafiəçisi Azər Həsrət isə bildirib ki, Azərbaycan demokratik hüquqi bir dövlətdir. Burada hər kəs öz fikrini tam sərbəst formada ifadə etmək hüququna malikdir:

“Qanunlarımız müxalifətdə olub hakimiyyətə qarşı tənqidi mövqe nümayiş etdirmək üçün də şərait yaradıb. Bu baxımdan, Azərbaycan dövləti öz üzərinə düşən vəzifələri yerinə yetirir. Radikal müxalifətin mitinq keçirməsi üçün xahişinə icazə verib. Amma müxalifətin bu icazədən sui-istifadə edərək insanları “Fəvvarələr meydanı”na toplamaq çağırışı təxribatdan başqa bir şey deyil. “Fəvvarələr meydanı” etiraz aksiyalarının keçirilməsi üçün uyğun bir məkan deyil. Çünki, insanlar, şəhərimizin qonaqları, eləcə də, turist kütləsi dincəlmək üçün ora üz tuturlar. Təbii ki, belə bir yerdə etiraz aksiyası keçirmək məqsədəuyğun deyil. Ümid edirəm ki, hüquq-mühafizə orqanları tərəfindən radikalların bu cəhdlərinin qarşısı alınacaq”.

“Onlar etiraz aksiyaları ilə mühacir biznesini genişləndirmək istəyirlər”

A.Həsrətin sözlərinə sözlərinə görə, radikal müxalifət etiraz aksiyaları təşkil etməklə mühacir biznesini inkişaf etdirmək niyyətindədir: “Ümumilikdə, düşünürəm ki, radikal müxalifətin bu etiraz aksiyaları siyasi iddalarını təşkil etmək üçün düşünülməyib. Onlar bununla mühacir biznesini genişləndirmək istəyirlər. Çünki, etiraz aksiyalarında yeni şəkillər çəkəcəklər, arayışlar alacaqlar. Birmənalı olaraq deyirəm ki, müxalifətin bu etiraz aksiyaları xaricdən sığınacaq almaq üçün nəzərdə tutulub.

Son vaxtlar xaricdə sığınacaq alıb Azərbaycan dövlətçiliyinin əleyhinə çıxış edənlər haqqında araşdırma apardım. Məlum oldu ki, həmin adamların heç biri Milli Azadlıq Hərəkatında, demokratikləşmə hərəkatında heç bir rolu olmayıb. Heç kim də onları şəxsən tanımır. Amma onlar iddia edir ki, Azərbaycanda demokratikləşmə uğrunda gedən mübarizələrdə iştirak etdiklərinə görə sıxışdırılıblar və ona görə də, ölkədən qaçıblar. Bu kimi mitinqlər xaricdə sığınacaq almış həmin şəxslərin özlərinə yeni imkanlar alması üçün nəzərdə tutulub. Bunu mitinqin təşkilatçıları çox gözəl bilir. Onlar arayışları da pul ilə satırlar. Buna görə də, bizneslərini inkişaf etdirmək istəyirlər”.

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.