“Ziya Məmmədovun, İsmət Abbasovun oğulları prezidentə xəyanət” – Hafiz Hacıyevdən sensasion iddia

Prezidentliyə namizəd: “Elton Məmmədov məni tula adlandırır, onun özü tuladır”; “Milli Şura ilə Ziya Məmmədov arasında körpü rolunu oynayan kimdir?”

Prezidentliyə namizəd Hafiz Hacıyev kampaniya başlayar-başlamaz, yenidən gündəmə gəlib. İlk debatdan günlər əvvəl o, Avropa və ABŞ-da yaşayan, özlərini “siyasi mühacir” adlandıran azərbaycanlıları eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun maliyyələşdirməsi barədə açıqlama verdi.

Sitat: “Bu insanları ölkə rəhbərliyi və onun ailəsinə qarşı nalayiq ifadələr səsləndirməsinə məcbur edənlər vaxtı ilə hakimiyyətdə təmsil olunan oliqarxlardır. Onları maliyyələşdirən şəxslərdən ən birincisi elə Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. O, Avropada şəkil yapışdıranlara külli miqdarda pul paylayır”.

Ona cavab gecikmədi və…

Prezidentliyə namizəd H.Hacıyevlə müsavat.com müxbirinin söhbəti bu və ya digər məsələlər ətrafında oldu:

Image result for hafiz hacıyev

– Hafiz bəy, A.Məmmədovun xaricdəki “söyüş müxalifəti”nə pul verdiyini deyirsiniz. Bunları nəyə əsasən söyləyirsiniz?

– Əlimdə olan faktlar heç təhlükəsizlik orqanlarında yoxdur. Avropadan üzərimizə qalxan dəstənin başında bunlar durur. Orada tək Anar Məmmədovu deyil, İsmət Abbasovun oğlunu da demişəm. Onun Yunus adlı oğlu Londonda küçələrə yapışdırılan şəkillərin maliyyəsini verir. Ziya Məmmədovun qardaşı Elton avara-avara danışır. O deyildimi ki, 30 milyardı Dağıstan prezidentinə verib deyən ki, bunu Putinə ver, qardaşım daha yaxşı prezident olar. İndi yalandan başlayıblar ki, biz prezidenti sevirik. Məndə olan faktların hamısı dəqiqdir. Anar Məmmədov Amerikada işlər görürdü, bunun üçün maliyyə ayrılmışdı, o da bu pullarla Azərbaycanı təbliğ etmək əvəzinə, Konqres, Senatda atasını təbliğ edirdi, Ziyanın prezident olmasına çalışırdı. Uzun illər Konqresi, Senatı aldatdı, həmin şəxslər hətta Azərbaycana gəlmişdilər. Bu gün də həmin proses davam edir. Burada Elton Məmmədovun maskalanması ilə heç nə dəyişmir. Ay Elton, Dağıstan prezidenti ilə görüşüb Putinə pul göndərən sən idin, yoxsa mən? Yaxud ermənilərlə Rusiyada iş aparıb, qardaşın Ziyanın prezident olmasına çalışan kim idi? Bunlar hər zaman hökumətə xəyanət ediblər. Təəssüflər olsun ki, hökumət nümayəndələrinin bəziləri pul aldıqları üçün bunlara dırnaqarası baxırlar. Həm də Avropada olanlar hökuməti söymürlər, yalnız bir nəfərin üzərinə gəlirlər. Məni də onlara qatırlar. Mən onların nəyini yemişəm? Məndə olan məlumatların heç biri əsassız deyil. İndiyə qədər nə demişəm, zaman-zaman gəlib öz təsdiqini tapıb. İsmət Abbasovdan soruşan varmı ki, sənin oğlun nə üçün Londonda şəkil yapışdıranlara yardım edir, onlarla bir yerdə oturub-durur? Gəlin birləşək, vətənimizi əldən getməyə qoymayaq. Ölkə dağılıb gedir. Baxın görün, bir məmur övladı Azərbaycan dövlətçiliyinin qorunmasına kömək edir ya yox? Heç zaman da etməyəcəklər. Mən deyən kimi, məni söydürməyə başlayırlar. Elton Məmmədovun fırıldaqlarını Hafiz Hacıyev açdı.

Image result for elton məmmədov

Niyə deputat seçilmədi, yaxud qardaşını prezident edə bilmədi? Çünki dediyim faktlar öz təsdiqini tapdı. Dediklərim millət üçün olsa da, çox təəssüf ki, millətim də unutqandır. Məni sosial şəbəkələrdə təhqir edirlər. Sizin var-dövlətinizi talayanların üstünə gedən, onları ifşa edən, siyasi, ideoloji baxımdan məhv edən Hafiz Hacıyevi niyə söyürsünüz, söydürürsüz? Eltonun vicdanı yoxdur. O, mədəniyyətsizin biridir. İndi Ziya Məmmədova vəkillik edir. Bu gün Ziya Məmmədovdur Milli Şuranı maliyyələşdirən. Bunu da açım deyim? Rəsul Quliyevin partiyasını da o maliyyələşdirirdi. Bu millətin, dövlətin keşiyində dayanan bir insanam. Təəssüf ki, hökumətin bəzi üzvləri məni qəbul etmirlər. Əksinə Avropaya pul göndərib məni söydürürlər. Dövləti, milləti çox istəyən adamların hamısını bunlar söydürürlər. Hanı Azərbaycanın sərvətini talayıb, Fransa, Almaniya və digər ölkələrdə yaşayan məmur övladları? Elton məni tula adlandırır, onun özü tuladır. Vaxtı ilə dəmir yolunda süpürgəçilik edirdilər, yaltaqlanmaq və digər işlərlə kişi oldular. Abrınız, ismətiniz olsun. Bakı-Quba yolunda Ziya neçə milyard pul yeyib. İndi görün o yol nə gündədir. İndi mən prezident seçilsəm, o yolu yoxlatdıracam. O zaman görərik ki, çöldə kim qalacaq. Ziya Məmmədov, İsmət Abbasovun oğlu Yunus Azərbaycana daim xəyanət ediblər. “Qaçqınkom” Əli Həsənovun qohumu Avropadan ağzını açıb İlham Əliyevin ünvanına təhqirlər səsləndirir. Niyə gedib onun qarşısını almırlar? Gəlin ədalətli olaraq, bu milləti vətəndaş müharibəsinə sürükləyənlərin qarşısını alaq. Hökumətin bəzi üzvləri düşünürlər ki, artıq gedirlər. Sağlıq olsun, aprelin 11-də Azərbaycan xalqı məni prezident seçsə, milyardlarımızı talan edib, xaricdə Azərbaycan əleyhinə fəaliyyətə sərf edən hər kəslə haqq-hesab sorulacaq. Prezidentliyə namizəd kimi dediklərimin hər birinin məsuliyyətini bilirəm. Unutmasınlar ki, Avropada o şəkilləri yapışdıranlar arasından bizə məlumatlar çatdıranlar var. Mən faktların üstünü açdıqca onlar çökürlər. Ziya, Elton kimiləri hazırda hökumətə ona görə yaltaqlanırlar ki, əllərində qalan sərvətləri saxlasınlar. Gedin Milli Şuraya pul verin ki, meydanlara çox çıxsınlar. İndi təhlil edin, Milli Şura ilə Ziya Məmmədov arasında körpü rolunu oynayan kimdir? İstəmirəm ki, həmin şəxsin adını indi açıqlayım.

– Bu dediklərinizi prezidentliyə namizədlərin canı yaynla olan debatında dilə gətirəcəksiniz? Ən əsası, Milli Şura ilə Ziya Məmmədov arasında körpü rolunu oynayan şəxsin kimliyini açıqlayacaqsınız?

– Təbii ki, bunların hamısı olacaq. Geniş proqramım var. Mən bu seçkilərdə müxalifətin yeganə təmsilçisiyəm. Xaricdən qrant alan müxalifət yox, Azərbaycan xalqının hüquqlarını müdafiə edən, onun qayğısına qalan, arzularını tərənnüm edən insanam. 15-20 ildir Azərbaycanda korrupsiyaya bulaşmış məmurların üzərinə gedən mənəm. Müxalifət necə olur, qaşı-gözü olmur ki?

– Yeganə müxalifət yalnız özünüzü sayırsınız?

– Bəli.

– Sərdar Cəlaloğlu və Razi Nurullayev necə?

– İstəmirəm bu məsələyə toxunum. Onların çıxışlarını xalq görəcək. Mövqeləri orada öz əksini tapacaq. Xalq görəcək ki, Hafiz Hacıyev iqtidarın, yoxsa müxalifətin adamıdır. Vay-şüvən salırlar ki, müxalifət bu seçkiləri boykot edib, bunu qəbul edə bilmirəm. Xarici kanallar da məndən müsahibə götürdü, dedim ki, təxribat etməyin. Qartımış müxalifətlə hökuməti biz yola salırıq.

– 2013-cü ilin Cəmil Həsənlisi bu seçkilərdə kim olacaq? Hafiz Hacıyev indi kimin üzərinə gedəcək?

– (Gülür). Düşünmürəm ki, bu namizədlər içərisində etikadan kənar danışan kimsə olsun. Kiminsə qırmızı xətti keçəcəyini düşünmürəm. Kim bu xətti keçəcəksə, payını alacaq.

– Sizin tərəfdən alacaq?

– Təbii.

– Sizin qohumunuz Bəxtiyar Hacıyevin şəxsinizlə bağlı paylaşımını ələ salır, lağa qoyurlar. Siz də o paylaşıma görə təşəkkür etmisiniz…

– Hər bir seçicinin fikirlərinə hörmətlə yanaşıram. Kimlər mənə söyürsə, hansı formada tərənnüm edirsə, hamısına minnətdaram. Söyən də, təhqir edən də sağ olsun. İstənilən halda bir daha Bəxtiyar bəyə təşəkkür edirəm. Mən bu seçkilərdə qalib gəlmək istəyirəm. Kim məni söyüb, 20 manat alırsa, buna sevinirəm. Ən azından bu bayram günündə ailələrini xoşbəxt edib, nəsə alsınlar. Bu seçkilərə qatılmışam ki, prezident olam. Dağlıq Qarabağ məsələsini üç aya həll etməyi öz boynuma götürürəm, paytaxtımızı Xankəndinə köçürməyi düşünürük. Xırda məsələlərlə Hafiz Hacıyevi kimsə yolundan döndərə bilməz.

– Bəxtiyar bəy sizi seçkilərdə ikinci etmək istəyir. Buna inanırsınızmı?

– Mən ikinci deyil, birincilik uğrunda mübarizə aparıram. Prezident olmaq istəyirəm. Səslərimi toplayacam. Mən ölümdən qorxmayan kişiyəm. Mənə birinci yer lazımdır, ikinci deyil. Xalqımı məni birinci etməyə çağırıram.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.