XANIM DEPUTAT AVROPADAKI SOYDAŞLARIMIZA SƏSLƏNDİ: “ARXADAN ZƏRBƏ KİŞİ İŞİ DEYİL”

Elmira Axundova:”Kişi kimi rəqabət aparmaq lazımdır. Azərbaycan kişisi bıçağı kürəyə deyil, sinəyə vurmağı bacarmalıdır”
“Avropada oturub Azərbaycana və eyni zamanda Azərbaycan Prezidentinə qarşı “qara piar” kampaniyası başladanlar mübarizə aparmaq istəyirlərsə, gəlib ölkəmizdə kişi kimi rəqabət aparsınlar”.

Bu barədə “Sherg.az”a millət vəkili Elmira Axundova bildirib.

Onun sözlərinə görə, aprelin 11-də Azərbaycanda baş tutacaq prezident seçkiləri ilə bağlı hazırda debatlar keçirilir:

“Hər kəsin qapısı, yolu açıqdır. Namizədlərin qeydə alınması istiqamətində heç bir çətinlik, maneə yoxdur. Sosial bazası və resursları olanlar müraciət ediblər və namizədlikləri qeydə alınıb. Deputat həmkarlarımdan da qeydə alınan namizədlər var.

Kimsə öz namizədliyini irəli sürmürsə, biz buna neynəyə bilərik ? Namizdəliklərini vermirlər, amma gedib çirkin işlərlə məşğul olurlar. Bu qarayaxma ilə nəyə nail ola bilərlər ?! Əvvəla, özlərini, Azərbaycan xalqını və dəyərlərimizi rüsvay edirlər. Opponentə qarşı kişi kimi rəqabət aparmaq lazımdır. Kişilik, mərdlik, dürüstlük Azərbaycan xalqının mental düşüncəsindən irəli gəlir. Azərbaycan kişisi bıçağı kürəyə deyil, sinəyə vurmağı bacarmalıdır. Arxadan zərbə kişi işi deyil.

Bu, Azərbaycan kişilərinin mentalitetinə ziddir. Həmin adamlar özlərini, öz dəyərlərini, ölkələrini gözdən salmaq istəyirlər. Onsuz da istəklərinə müəssər ola bilməyəcəklər. Çünki xalqımız doğrudan da İlham Əliyevə səs verəcək. Xalq İlham Əliyevi istəyir. Bu 15 ildə milləti üçün çalışan, xalqının qayğısına qalan məhz İlham Əliyev olub. Bütün əziyyət və çətinliklər onun çiyinləri üzərindədir. Dövlət başçısı bir saniyə belə olsun Azərbaycan xalqını unutmur. O , Azərbaycanın müstəqilliyi, xalqın rifahı, ölkədəki sabitlik və əmin-amanlığın qorunması üçün gecə -gündüz çalışır. Belə bir məqamda Prezidenti diktator adlandırmaq heç bir mənəvi, mədəni və əxlaqi ölçüyə sığmır.

Həmin adamlar parlamentin iclaslarına diqqət etsinlər. Ölkədəki bütün problemlər açıq-aşkar müzakirəyə çıxarılır. Mən müxalifətdə deyiləm, amma çoxsaylı tənqidi çıxışlarım olur. Bunu bütün jurnalistlər və Azərbaycan ictimaiyyəti görür. Bizə kim nə deyir ? Kimsə söyüş söyürsə, başqalarını təhqir edirsə, əlbəttə o, məhkəməyə veriləcək. Azərbaycan hüquqi, demokratik ölkədir. Söyüş mübarizə üsulu deyil və Azərbaycan kişisinə yaraşmayan davranışdır. Bütün hallarda belə xoşagəlməz fəaliyyətlə nəyəsə nail olmaq mümkünsüzdür.Ona görə ki, xalq hər şeyi yaxşı görür və gözəl bilir”.

Qeyd edək ki, Avropanın bir sıra ölkələrində, Almaniya, Hollandiya,Fransa, İsveçrə və s.də vətəndaşlıq alaraq yaşayan soydaşlarımız Azərbaycanda 11 apreldə baş tutacaq Prezident seçkiləri öncəsi “aktivləşməyə” başlayıblar. Belə ki onlar ölkəmizdəki həssas və ya kövrək məqamdan sui – istifadə edərək Avropa ölkələrindən Azərbaycana və bu ölkə rəhbəri İlham Əliyevə qarşı iyrənc anti- təbliğata start veriblər. Ölkə başçısını “despot” adlandıran bu “aktivlər” Azərbaycan Prezidenti barədə həqqəti əks etdirməyən, arzuolunmaz məlumat yaymaq və şüarlar səsləndirməklə məşğuldurlar.



Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: www.paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.