Siyasət

İranlı deputatın təhdidinə millət vəkilindən SƏRT REAKSİYA - “Mənşəyini araşdırsaq, erməni çıxacaq”

post-img

İran parlamentinin bir sıra üzvləri hələ də fürsət düşən kimi, Azərbaycana qarşı əsassız hücumlara keçməkdə davam edirlər. Bu istiqamətdə növbəti “qəhrəmanlığı” isə parlamentin radikal üzvü Cəlal Rəşidi Kuçi atıb.

İsrailin İranın Dəməşqdəki konsulluğuna hava hücumu fonunda Cəlal Rəşidi Kuçi “X” sosial şəbəkəsindəki paylaşımda sərsəm təkliflə çıxış edərək bildirib ki, İsrailin Azərbaycandakı səfirliyinə hücum edilsin:

“Sionistlərin hər hansı ad altında İran torpağına hücumuna qəti və oxşar cavabın gecikdirilməsi, səbri və ləngiməsi İranın böyük adının nüfuz və şərəfinə vurulan ağır zərbəyə bərabərdir. Mənim təklifim odur ki, region ölkələrinin birində, daha yaxşı olar ki, Azərbaycanda olan sionist diplomatik mərkəzlərdən birinə açıq və birbaşa hücum edək”.

Qeyd edək ki, son zamanlar İranla Azərbaycan arasında münasibətlər normallaşmağa başlayıb. Hətta Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa ediləcəyi ehtimalı xeyli dərəcədə artıb. Belə bir ərəfədə, iranlı deputatın İsrailin hər hansı bir hərəkətinə görə, Azərbaycanı hədəf seçməsi aydın şəkildə göstərir ki, reallıqda Tehran Bakı ilə münasibətləri normallaşdırmaq niyyətindən qat-qat uzaqdır. Aydın məsələdir ki, Kuçinin açıqlaması da birmənalı şəkildə münasibətlərin normallaşmasına əngəl olmağa hesablanmış addımdır.

“Mənşəyini araşdırsaq...”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, İranın keçmiş deputatının səsləndirdiyi həmin fikir Tehran Bakı münasibətlərinin pisləşməsinə hesablanmış fikirdir:

“Yaramaz bəyanatla çıxış edən Cəlal Rəşidi Kuçinin mənşəyini araşdırsalar, bəlkə də erməni çıxacaq. Onlar unudurlar ki, İranda 40 milyondan çox azərbaycanlı yaşayır. İranın özünün dövlətçiliyini, təhlükəsizliyini qorumaq üçün azərbaycanlılara və Azərbaycan dövlətinə hörmətlə yanaşmalıdır.

Azərbaycan İranın düşməni deyil. İranın düşməni Ermənistandır. Bu ölkə İranın düşməni olan ABŞ və Avropanı indi öz ərazisinə toplayır.

İsrailin hardasa hansısa hərəkət etməsinin Azərbaycanla heç bir bağlılığı yoxdur. Azərbaycan İranla qonşuluq əlaqələrinin müsbət mənada inkişafında maraqlıdır. İran ölkəmizə münasibətdə düşmənçilik xarakterli mövqeyindən əl çəkməlidir”.

Oxşar xəbərlər