Siyasət

ABŞ səfiri Bakını niyə tərk etdi? – Vaşinqtondan Azərbaycandakı diplomatına xüsusi təlimat

post-img

ABŞ-ın Azərbaycandakı səfirləri 2005-ci ildən sonra diplomatdan çox, folklor qrupunun rəhbəri kimi çıxış edirlər. Bu ənənənin əsası ABŞ-ın Azərbaycandakı eks-səfiri Enn Dersi zamanından qoyuldu.

Ondan öncəki səfir Rino Harnış 2006-cı ilin aprel ayında qəfil Bakını tərk etdi. Həmin vaxt deyilirdi ki, o, persona non qrata (arzu olunmaz şəxs-red.) elan edilərək Bakıdan demək olar, qovulub. Sabiq səfirin səlahiyyət müddətinin başa çatmasına xeyli qalırdı. Deyilənə görə, R.Harnışın adı 2005-ci ilin payızında Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsində inqilaba cəhd prosesində hallandığı üçün rəsmi Bakının qəzəbinə tuş gəlib. Həmin dövrdə yayılan informasiyalarda o da bildirilirdi ki, Azərbaycan hökuməti təkzib olunmaz faktları ABŞ tərəfinə təqdim etdikdən sonra Rino Harnışı Bakıda saxlamaq mümkün olmayıb.

O dövrə qədər ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycan siyasətinə ciddi təsir göstərirdi. En Dersidən sonra səfirlik demək olar, siyasi proseslərə maraq göstərmədi.

Xanım Dersi daha çox mədəni tədbirlərə qatılırdı. O, fəaliyyətdə olduğu dövrdə bir çox yaddaqalan davranışlara etmişdi. Məsələn, meyxanaçılarla görüşü, Novruz tonqalından hoppanması və s. maraqla qarşılanmışdı.

ABŞ-ın 2006-2009-cu illərdə Bakıda fəaliyyət göstərən səfiri En Dersi

ABŞ-ın hazırkı səfiri Mark Libbi də sələfinin yolu ilə gedir. Fəaliyyətə başladığı qısa müddətdə bir çox jetsləri ilə ictimai diqqət çəkib. Məsələn, Azərbaycan dilində müraciəti, yerli mətbəxə marağı, regionlara səfəri, orda tədbirlərə qatılması maraqla qarşılanır. Cənab Libbinin bayramqabağı Qəbələ rayonuna səfəri, orda tanınmış aşbazla görüşməsi, folklor qrupları ilə tanışlığı, rəqsi, ayinlər icra etməsi və s. mediada və sosial şəbəkələrdə geniş yayılıb.

Amerika Birləşmiş Ştatları kimi bir dövlətin səfirlərinin bu cür davranışı qəribə təsir bağışlayır. Həm də sual yaradır: Azərbaycan siyasəti daha ABŞ üçün maraqlı deyilmi? Yoxsa burda başqa məqsəd var?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elçin Mirzəbəyli deyib ki, diplomatın, xüsusilə də səfirin əsas vəzifələrindən biri də öz dövlətlərini dislokasiya olunduqları ölkələrdə sevdirmək, ictimaiyyət arasında müsbət rəy yaratmaqdır:


“Bunun da yolu həmin ölkənin dilinə, milli mədəniyyətinə sayğı nümayiş etdirməkdən, özünü sadə xalqın nümayəndələrindən biri kimi təqdim etməkdən keçir.

Səfir Mark Libbi Novruz bayramını qeyd edir

Bu baxımdan, ABŞ diplomatlarının Azərbaycan xalqının milli mədəniyyətinə, folklor və etnoqrafiyasına sayğı nümayiş etdirmələrində, dilimizdə danışmalarında, nağıllarımızı, əsatirlərimizi təbliğ etmələrində, Novruz və digər milli bayramlarımızı diqqətçəkən addımlarla qeyd etmələrində mənfi heç nə görmürəm.

Diplomat özünü sevdirməlidir ki, onun timsalında təmsil etdiyi ölkəyə də sevgi aşılansın. Əgər bizim xarici ölkələrdəki diplomatlarımızın bir hissəsi, bəlkə də yüz illərdən bəri sınanmış metodlardan istifadə etmirlərsə, özlərini və ölkələrini sevdirməyə çalışmırlarsa, işlərini arayış və hesabatlar hazırlamaqla bitmiş hesab edirlərsə, bu, onların problemidir. Qərb diplomatları bir qayda olaraq, təmsil etdikləri dövlətə münasibətin birmənalı olmadığı, yaxud ictimai rəyin tam formalaşmadığı ölkələrdə belə metodlardan istifadə edirlər. Bu, həm də özünü olduğun ölkədə arxayın, rahat hiss etdiyini nümayiş etdirməyin bir forması da hesab oluna bilər.

Məsələn, ABŞ diplomatının Böyük Britaniyada, yaxud Almaniyada belə davranışlar sərgiləmələrinə ehtiyac yoxdur. Çünki münasibətlər uzun illərdir ki, formalaşıb, eyni geosiyasi qütbdə təmsil olunur, müəyyən istisnalarla ortaq maraqları ifadə edirlər. Azərbaycanla münasibətlər isə şübhəsiz ki, fərqlidir. Birləşmiş Ştatların, xüsusilə də Azərbaycan-Ermənistan münasibətləri müstəvisində obyektiv və ədalətli mövqe sərgilədiyini söyləmək çox çətindir.

Bu məsələdə ABŞ-ın ictimai rəyə hesablanmış ziqzaqvari həmlələrinin şahidi oluruq. Vaşinqton gah “yaxşı polis”, gah da “pis polis” rolunu oynamaqla ictimai rəydə “soyuq duş” effekti yaratmağa, bizim üçün vazkeçilməz olan məqamları adiləşdirməyə çalışır. Bu, şübhəsiz ki, siyasi texnologiyadır, adına “gözdən pərdə asmaq” da demək olar. Əslində müttəfiq ölkələr, qismən istisna olunmaqla, diplomatların işi elə “gözdən pərdə asmaq”dan ibarətdir. Çünki istənilən diplomat ilk növbədə öz dövlətinin maraqlarını ifadə edir. Əgər ortalıqda maraq varsa, deməli “gözdən pərdə asmaq” da olacaq, manipulyasiya da”.

Turan Rzayev



Oxşar xəbərlər