“Tahir Kərimli özü intihar etsin… Yandırıb külünü qutuda parlamentin divarına qoysunlar” – İlahiyyatçıdan deputata təklif

Millət vəkili Tahir Kərimli intihar edənlərin dini yolla dəfn edilməsinin düzgün olmadığını deyir. İntiharların sosial əsaslara kökləndiyini deyən millət vəkili intihar edənlərin dində bağışlanılmadığını bildirir. O, fikrini əsaslandıraraq bildirib ki, Allahın yaratdığı insanın öz canına qəsd etməsi yaradana etirazdır.

Millət vəkilinin bu iddiası dində necə əksini tapıb? İntihar edən şəxslər necə dəfn olunmalıdır?

AXCP sədrinin müavini, ilahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında bu haqda danışıb:

Tural İrfan“Ölümlər müxtəlifdir. Şəhidlik ən yüksək mərtəbə hesab edilsə də, onun da növləri var. Elə şəhid var ki, qanlı paltarda dəfn edilməlidir. İslam dini və bir çox dinlərə, hətta, qədim adətlərə görə insan dünyasını dəyişəndə torpağa dəfn edilməlidir. Hətta, intihar edənlər üçün namazı qılınıb onlara görə Allahdan əfv dilənib dəfn edilməlidir”.

İntiharın böyük günah olduğunu deyən T.İrfanın sözlərinə görə, bu küfr deyil:

“İntihar insanı dindən yayındırmasa da, böyük günah hesab edilir. Çünki bu əməl-əqidə ilə bağlı yox, əməllə bağlı icraatdır. Allah rəhman və rəhimdir. Rəhim yalnız möminlərə rəhmli olandır, rəhman isə bütün insanlara mərhəmətli olan deməkdir. Yəni, Allah bəziləri kafirdir deyə, onların ruzisini kəsmir, onlara ani əzab yollamır və s. Ümumiyyətlə, intihar edənlər də qüsl-kəfən olunmalı, onlar üçün cənazə namazı qılınmalı və müsəlman qəbristanlığında dəfn olunmalıdır. Ancaq belə şəxslərin torpağa dəfn olunmaması, alternativ variant olaraq yandırılması kimi fikirlər savadsız və sərsəm fikirlərdir. Guya ki, Tahir Kərimli bu cür düşüncə ilə, intihar edənləri fikirindən daşındırmaq üçün onlara hədə gəlir… Bu yanaşma əksinə, insanları daha da intihara çəkir. Çünki intihar edənlərin çoxu məmur harınlığının qurbanlarıdır. Hələ üstəlik deputat intihar edənləri bu dünyada da rahat buraxmamaq amacı güdür. Sözün elmi mənasında bu qəddarlıq fəlsəfəsidir. Ya da cahillikdir, dinsizlikdir. Hətta, bəzi heyvanlar belə öz heyvan yoldaşları öləndə onu torpağa dəfn edirlər. Ancaq Tahir Kərimli kimi bir insanın həmvətənlərinə qarşı belə düşünməsinə təəssüf edirəm. Elədirsə, ilk nümunə olaraq Tahir Kərimli özü intihar etsin və vəsiyyət etsin ki, onu dəfn etməsinlər. Yandırıb külünü qutuda parlamentin divarına qoysunlar. İnsanların şərəf, ləyaqəti var. Bir insanı dəfn etməmək onu təhqir etməkdir. Bu fikirləri yəqin ki, cənab Kərimliyə özündən daha qəddar və amansız düşüncədə olan müavini Vasif Əfəndiyev öyrədir. İslam dinində və qədim türk adətlərində elə bir şey yoxdur. Tahir Kərimli və onun kimilər əvvəla çalışsınlar insanları müxtəlif sosial çətinliklər məngənəsində nəfəslərini kəsərək intihar həddinə çatdırmasınlar. Təki insanlar intihar etməsinlər. Sovet vaxtı nadir halda intiharlar olardı”.

İlahiyyatçı deyir ki, son günlər intiharlarının sayının artması isə cəmiyyətdə də böyük təlaş yaradıb:

“Ancaq indi üç gündən bir intihar xəbəri gəlir. Hətta, allahsız Sovet quruluşu da intihar edəni yandırmırdı və dəfn edirdi. Çalışıb insanları intiharlardan çəkindirmək lazımdır, nəinki o həddə çatanları hələ öləndən sonra rahat buraxmamaqla hədələmək. Təəssüf edirəm ki, bizim parlamentdə belə solaxay düşünən deputatlar var”.

Nigar Məhərrəm

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.