Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsi dələduzlara havadarlıq edir-Fakt-Yenilənib

28 mart 2018-ci il tarixdə “Araz Media” xəbər portalında, Yasamal rayon Polis İdarəsinin müstəntiqi haqqında yazı dərc etmişdik. Həmin yazı Daxili İşlər Nazirliyində, Baş Prokurorluqda və cəmiyyətdə böyük rezonans doğurmuşdur. Yasamal polisinin bu kimi qanunazidd hərəkətləri haqlı olaraq, cəmiyyətin ictimai qınağına səbəb olmuşdur. Bununla əlaqədar olaraq, tabe olduqları qurumların və ictimaiyyətin “gözünə kül üfürmək” məqsədiylə, Yasamal Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Şahin zərərçəkmişləri sakitləşdirmək üçün,” uğursus, ucuz metod”-dan istifadə etmişdir. “Xətrinə dəymədikləri, süd verən inəyə bənzətdikləri, məqsədli şəkildə ortaya çıxarmadıqları məttah” dələduz Ərəstun Poladovu, guya “əməliyyat-axtarış fəaliyyəti” həyata keçirərək, “həbs etmiş”, faktla bağlı “cinayət işi” açmışlar. Zərərçəkmişi də dəvət edərək, bu “şou”-ya tamaşa etdirərərək “sakitləşdirmiş”, 30 mart 2018-ci ildə isə dələduzu sərbəst buraxmışlar.

Hansı ki, həmin şəxsin barəsində, Bakı şəhər Nizami rayon prokurorluğunda, 29.11.2016-cı ildə CM-in 178.1 maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılması Nizami rayon Polis İdarəsinə tapşırılmışdır. Ərəstun Poladov istintaqdan yayındığından, 29.01.2017-ci ildə «Cinayət işinin istintaqının dayandırılması barədə» qərar qəbul edilmişdir. Lakin onun barəsində axtarış elan olunmuşdur. Eyni zamanda, 1-ci qrup Qarabağ əlilinin ailəsi, 2017-ci ilin iyul ayında onlara qarşı dələduzluq etmiş, Ərəstun və Məmmədhəşim barəsində bütün yuxarı aid orqanlara dəfələrlə müraciət etmişdir. Bunların arasında Baş Prokuror Zakir Qaralov, Daxili İşlər Naziri Ramil Usubov, Bakı Şəhər Prokuroru İlqar Abbasov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisiMirqafar Seyidov, Yasamal rayon Polis İdarəsinin rəisi, Yasamal rayon prokuroru var. Ailə təxminən 10 dəfə də, Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişdir.

Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsi, “Polis müstəntiqi Əlibala Hacıyev dələduzlara havadarlıq edir” başlıqlı məqalədən sonra, “qəhrəmanlıq” edərək, “Ərəstunu həbs edərək”, 1-ci qrup Qarabağ əlilinin ailəsini bir günlük sevindirmiş, daha sonra naməlum səbəbdən, “davam edən” şəxsi maraqlarına görə, 1 il 2 ay axtarışda olan cinayətkarı sərbəst buraxmışdır.

Burada məntiqli suallar meydana çıxır. Necə oldu ki, 1 il 2 ay axtarışda olan şəxs, bir neçə saatın içərisində tutuldu? Bu ondan xəbər vermirmi ki, istintaq şöbəsi dələduzla əlaqədə imiş və onun yerini dəqiq bilirmiş? Az qala il yarım atarışda olan şəxsi, həmdə cəmiyyətə ictimai təhlükə saçan dələduzu niyə sərbəst buraxiblar? Bəs nə üçün zərərçəkmişə istintaqın rəisi söz veribmiş ki, Ərəstunun barəsində 3 ay həbs qəti-imkan tədbiri seçiləcək? Kim zəmanət verir ki, Ərəstun Poladov bu günə qədər başqa insanları aldatmayıb və bundan sonra da azadlıqda qaldığı müddətdə insanları aldatmayacaq? Yasamal Polis İdarəsində, digər dələduz Məmmədhəşimin niyə xətrinə dəyən yoxdur? Niyə sual qoyulmayıb ki, “satdığın” torpağa aid hər hansı bir sənədin varmı? Birinci qrup Qarabağ əlilinin pulunu küçə adamlarına, cəmiyyətdə heç bir rolu olmayan şəxslərə yedirdən polisə nə ad vermək olar?

(Ardı var)…

 

Danılmaz faktdır ki, Azərbaycan polisinin imicinə illər öncə dəyən zərbələr artıq aradan qalxıb. Polis bu gün vətəndaşın güvənc yerinə çevrilib. Respublikada sabitliyin qorunmasında, xalqı narahat edən problemlərin aradan qaldırılmasında əvəzsiz rolu olan Daxili İşlər Nazirliyinin hərtərəfli inkişafı, yeni-yeni nailiyyətləri göz önündədir.

Gündən-günə müasirləşərək daha operativ fəaliyyət göstərən, illərdir ki, MDB məkanında öz öncül yerini qoruyaraq saxlayan Azərbaycan polisi, inkişaf etmiş dünya dövlətlərinin polis sistemi ilə hər mənada ayaqlaşır. Bu gün həmin dövlətlərin daxili işlər orqanlarının Azərbaycan polisi ilə əməkdaşlıq etməsi də sevindirici haldır. Təbii ki, ölkə rəhbərliyinin bu sistemə hədsiz diqqət və qayğısı bütün bunlara əsaslı zəmin yaradıb.Qanun keşikçilərinin sərəncamına verilən gözoxşayan, yüksək şəraitli iş və yaşayış binaları, ən müasir texniki vasitələr, avtomobillər, onların sosial müdafiəsinin gücləndirilməsi üçün məvaciblərinin bir neçə dəfə artırılması və sairə amillər bu sahədə daha da vicdanlı işləməyə stimil verir.

Daxili İşlər Nazirliyinə göstərilən qayğıya, diqqətə, dəstəyə görə, effektiv, səmərəli fəaliyyətinin daha da gücləndirilməsi üçün, ən müxtəlif addımlar atan peşəkar polis naziri general-polkovnik Ramil Usubov da, hər dəfə, ölkə polisi adından möhtərəm Prezident İlham Əliyev cənablarına öz dərin təşşəkürünü bildirib.

Təəssüf ki, cənab nazirin şəxsi nəzarəti hədsiz tələbkarlığı və diqqəti sayəsində, son illər digər hüquq-mühafizə orqanları ilə müqayisədə, haqqında ən az şikayət edilən, insanların problemlərinə daha operativ yanaşan, onların şikayətlərinə dərhal reaksiya verən bir sistemə çevrilən polis orqanında da, peşəkarlığı zəif olanlar, öz mənafelərini qanundan, dövlət maraqlarından üstün tutanlar da var.

Bu səbəbdən rast gəlinən müəyyən iradlara da cənab nazir səviyyəsində dərhal reaksiya verilir və belələri haqqında məlumat daxil olan kimi, onların cəzalandırılmasının şahidi oluruq.

Bu hallar, bütövlükdə polisə başucalığı gətirmir və Ramil Usubovun apardığı uğurlu kadr siyasətinə, illərdir çəkdiyi əziyyətə kölgə salmağa cəhd kimi qiymətləndirilir.

Belə neqativ hərəkətlər edən, polis adına ləkə gətirənlərdən biri də, Bakı şəhər Yasamal rayon Polis İdarəsinin müstəntiqi Əlibala Hacıyevdir.

Redaksiya olaraq, bizim onunla nə qərəzimiz var, nə də onu yalandan “vurmaq” istəyirik. Sadəcə onun polis kimi əməlləri ürəkaçan deyil və etdiyi qanunsuzluqlar göz önündədir. Belə ki, üç ay öncə, 29-cu Polis Bölməsi tərəfindən iki nəfərin barəsində dələduzluq maddəsi ilə cinayət işinin başlanması üçün göndərilən materialı, şəxsi maraqlarına uyğun, qanunları ayaq altına ataraq, polis adına ləkə gətirəcək bir şəkildə rədd etmiş, onları məsuliyyətdən uzaqlaşdırmışdir. Baxmayaraq ki, hər iki şəxsin dələduzluq əməllərini açıqcasına ifşa edən dəlil-sübutlar var. Video və səs yazıları, canlı şahidlər bunu tam olaraq təsdiq edir. Lakin hansısa maraqlarının qurbanına çevrilən Əlibala Hacıyev bunları görməzdən gəlmiş və bir nəfər də olsa şahidi dindirməmişdir. Hələ bu məsələnin bir tərəfidir. Məsələ ondadır ki, müstəntiq heç zərərçəkmişi belə dindirməmiş, əksinə bu işin bağlı qalması üçün əlindən gələni etmişdir. Halbuki, şahidlərin çoxluğu, video və audio yazıların ortada olması, dələduzluq edənlərin Bakı şəhərində pasport qeydiyyatında olmamaları, özəl və dövlət sektorunda daimi işləməmələri nəinki onlara 178-ci maddənin tətbiqinə, hətta dərhal onların həbs olunmasına əsas verir. Nəzərə alsaq ki, bunların birinin barəsində eyni əmələ görə, Nizami rayon Polis İdarəsində də, cinayət işi var və müstəntiq bunu nəzərə almayıb, o zaman Əlibala Hacıyevin özünün də, bu işdə əlinin olması insanda şübhə yaratmaya bilməz.

Qanunvericiliyə görə, dələduzluq ictimai təhlükəlilik saçan cinayət əməli hesab edilir. Bu gün dələduzların həbs olunmamaları, sabah daha ağır dəhşətlərə səbəb ola bilər. Bu gün cəzalanmayan dələduzlar, hər kəsə qarşı bunu edə bilərlər. Bir sözlə dələduzluq real təhlükədir və ictimaiyyətə dəhşət saçır…

Xatırladaq ki, redaksiyamıza Birinci qrup Qarabağ əlilinin notarial qaydada hüquqi nümayəndəsi yuxarıda qeyd etdiyimiz faktları göndərib.

Yuxarıda sözüdedən iki şəxs, torpaq satmaq adı ilə, Birinci qrup Qarabağ əlilinin pulunu, etibardan sui-istifadə etməklə mənimsəmişdir. Birinci qrup Qarabağ əlilinin notarial qaydada nümayəndəsi dələduzların bu dələduzluq əməlləri, müstəntiqin qanunazidd hərəkətləri ilə bağlı, aid yuxarı orqanlara, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmişdir. Müharibə əlilinin qanuni nümayəndəsi bildirir ki, ölkə rəhbərliyi əlilin haqlı şikayətinə baxmasa, hüquqlarını qoruduğu müvəkkili Birinci qrup Qarabağ əlili Avropa Məhkəməsinə, Avropa Şurasına, Avropa Birliyinə müraciət edəcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bu qanunazidd əməllərə hüquqi, qanuni qiymət verilənədək mövzunu gündəmdə saxlayacağıq. (ardı var)…

Arazmedia.az

ILK-10 Azeri Website Directory


Saytın Rəhbəri: Fikrət Fərhadoğlu
Tel: 055 211-10-79

E-mail: paytaxt.org@gmail.com
admin@paytaxt.org
Saytın dizaynı - "Qurdqanli Design"ə məxsusdur

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Müəllifin mövqeyi redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.