GÜNDƏM / BANNER

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il qeyd edildi - FOTO

post-img

DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilmişdir

Ulu Öndər Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq Sərəncamla 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir.


Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoymuş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.  Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülmüşdür.


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Şəhidlər xiyabanını da ziyarət etmiş, qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarlarının üzərilərinə gül dəstələri düzülmüş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.Tədbirin DTX-nin akt zalında keçirilmiş rəsmi hissəsində DTX-nin rəhbər şəxsləri və əməkdaşları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları iştirak etmişlər.


Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək şəxsi heyətə və veteranlara peşə bayramı münasibətilə təbriklərini çatdırmışdır. Xidmət rəisi bir əsrdən çox yaşı olan təhlükəsizlik orqanlarının təşəkkülündən geniş söhbət açmış, bu orqanların inkişafında  və milli maraqlara xidmət edən təşkilat kimi formalaşmasında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd etmişdir. Heydər Əliyevin sovetlər dönəmi kimi çətin bir vaxtda xüsusi xidmət orqanlarının milliləşdirilməsi prosesini cəsarətlə və uğurla apardığını, azərbaycanlı kadrları bu mühüm qurumda yüksək vəzifələrə irəli çəkdiyini vurğulamışdır.


General-polkovnik Əli Nağıyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.

DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləmişdir.

Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd etmişdir ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.

Xidmət rəisi Əli Nağıyev eyni zamanda xüsusi qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində işğaldan azad olunmuş və hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı ərazilərə “Böyük Qayıdış” proqramı əsasında vətəndaşlarımızın köçürülməsi prosesinin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün digər dövlət orqanları kimi DTX tərəfindən də bütün imkanlar səfərbər olunacaqdır.


Daha sonra tədbirdə çıxış edənlər Ulu Öndərin təhlükəsizlik orqanlarında 25 illik xidməti fəaliyyəti dövründə nümayiş etdirdiyi peşəkarlıq nümunələrindən, Heydər Əliyevin birbaşa rəhbərliyi altında uğurla keçirilmiş əməliyyatlar, eləcə də müasir dövrdə təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələr barədə fikirlərini bölüşmüşlər.


Çıxışlar bitdikdən sonra xidmətdə əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilmişdir. Tədbirdə şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət oxunmuş, ölkə başçısına göstərdiyi etimada, diqqət və qayğıya görə xüsusi minnətdarlıq ifadə olunmuş, DTX-nin əməkdaşlarının milli maraqların və təhlükəsizliyin keşiyində daim ayıq-sayıq duracaqları, bu müqəddəs missiyanın yerinə yetirilməsi üçün bundan sonra da var-qüvvə ilə çalışacaqları qətiyyətlə bildirilmişdir.


Sonda DTX-nin “Real” TV ilə birgə hazırladığı “La Vira - məxfi menyu” sənədli filmi nümayiş olunmuşdur. Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etmişdir.



Oxşar xəbərlər