Homepage / İcra başçısına sui-qəsd cəhdinin detalları -AÇIQLAMA

İcra başçısına sui-qəsd cəhdinin detalları -AÇIQLAMA

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd hazırlayan şəxs həbs edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DTX-də aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan 1988-ci il təvəllüdlü Bəhruz Əliməmməd oğlu Əsgərovun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb. Müəyyən edilib ki, Bəhruz Əsgərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. Həmçinin B.Əsgərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. Eyni zamanda müəyyənləşdirilib ki, B.Əsgərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırmış, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib. Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Sherg.az"
ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, Dövlət Təhlükəsizlik Xidmətinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı terror plalnlaşdıran şəxsi həbs etməsi də diqqəti çəkir.
Ekspert qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatdan aydın olur ki, terroru planlaşdıran şəxs müxtəlif rayonlarda yaşayan şəxsləri də bu işə cəlb etməyə çalışıb:

"Bu, millət vəkili Fazil Mustafaya qarşı təşkil edilən terror hücumuna bənzəyir. Həmin hadisədə də terroru planlaşdıranlar müxtəlif şəxsləri bu işə cəlb etmişdilər, hətta içərilərində keçmiş polis zabitindən tutmuş keçmiş hərbçiyə qədər vətəndaşlarımız var idi. Lənkəran icra hakiminə qarşı terroru planlaşdıran qrup Azərbaycanın rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşlarına qarşı da sui-qəsd həyata keçirməyi planlaşdırıb. Azərbaycan rayonlarında ingilis dilini öyrədən könüllülər əsasən ABŞ vətəndaşlarıdır. ABŞ-ın Sülh Korpusu Təşkilatının könüllüləri müxtəlif ölkələrdə olduğu kimi Azərbaycanın müxtəlif rayonlarında da ingilis dilini tədris edirlər. Onlar eyni zamanda özləri də Azərbaycan dilini öyrənirlər. Fikrimcə, ingilis dilini tədris edən ABŞ vətəndaşlarına qarşı terror ideyasını, bunu həyata keçirmək istəyən şəxsə kənardan ötürülüb. Terror ümumi bəladır. Ancaq bəzi dövlətlər terror vasitəsilə hədəf seçidiyi ölkəyə qarşı istifadədən çəkinmirlər".

Siyasi şərhçi Aqşin Kərimov da bildirib ki, diqqətçəkən məqam terrorun planlaşdırılmasıdır.
Onun sözlərinə görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən ABŞ vətəndaşının sui-qəsd subyekti kimi seçilməsi diqqətçəkəmdir:
"Bu o deməkdir ki, iki paralel terror əməliyyatları ilə həm ölkənin daxilində təhlükəsizlik boşluğunun olduğu mənzərəsini yaratmaq planlaşdırılıb. Digər tərəfdən, xarici ölkələrdən Azərbaycana qarşı təhlükəsizliyin təmin edilməməsi ilə bağlı qınaqların səslənməsi hədəf seçilib. DTX-nin yaydığı videoda terrora hazırlıqda şübhəli bilinən şəxslərin ifadələri onların hansı mərkəzdən təlimat aldıqlarını da aktuallaşdırır. Seçilən hədəflər və məkanlar özü də təsadüfi deyil və yəqin ki, planlaşdırılan terrordan sonra prosesin idarə olunması üçün informasiya təbliğatı da hazırlanıb. Şübhəsiz ki, törədiləcək hadisələrin icraçılarına motivasiyanı başqa qüvvələr veriblər. Beləcə, həmin şəxslər ortada proksi qüvvə kimi hərəkətlənib əmr aldıqları yerlərin könlünü xoş tutmaq istəyiblər".

A.Kərimov qeyd edib ki, Azərbaycan təhlükəsizlik orqanları əldə edilən kəşfiyyat məlumatları ilə təhdid mənbələrini aradan qaldırmağı bacararaq terrorun parlaq gələcək qazanmasına imkan verməyiblər:
"Bundan sonra Azərbaycanın kəşfiyyat orqanları terror hədəfi kimi seçiləcək bütün kritik sektorları daha mükəmməl müdafiə etmək qabiliyyətini nümayiş etdirəcəklər. Çünki regionda terrorçuluq fəaliyyətinin canlandırılması cəhdləri müşahidə edilməkdədir ki, Bakı da buna qarşı resurslarını səfərbər etmək vəzifəsinin icrasını sürətləndirir. Terrorun seçim imkanlarından tamamilə məhrum edilməsi Azərbaycanın qarşıya qoyduğu təhlükəsizlik vəzifəsidir. Ona görə düşünmək üçün yetərli səbəb var ki, Azərbaycan strateji müttəfiqi Türkiyənin və strateji tərəfdaşlarının kəşfiyyat dəstəyi ilə terrorun mənşə kimi çıxdığı marşrutları zədələməkdə maraqlıdır. Azərbaycan həmin məntiqdən yola çıxaraq regionda terrora qarşı strateji hegemonluq təmin edilməsi üçün tərəfdaş dövlətlərlə intensiv danışıqlara başlaya bilər. Bu, regionda qorxunc küləklərin əsməməsi üçün vacibdir və perspektivdə antiterror müqavimətinin effektivliyini təmin edir".

27-03-2024, 03:17
Go back