Homepage / Sabiq baş nazirdən KQB generalı haqda ilginc faktlar: Arif Rəhimzadə Rusiyanın adamını niyə müdafiə edib?

Sabiq baş nazirdən KQB generalı haqda ilginc faktlar: Arif Rəhimzadə Rusiyanın adamını niyə müdafiə edib?

Bu günlərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Vaqif Hüseynov Moskvada öldü. O, mistik bir tarixdə – 4 iyun günü həyatdan köçdü. 1993-cü ilin 4 iyununda Rusiya yenicə müstəqillik qazanmış Azərbaycanda hərbi qiyam yolu ilə hakimiyyəti dəyişməyə çalışırdı. 

Vaqif Hüseynovun personası son 30-35 ildə müxtəlif aspekrtlərdən müzakirə edilib. Onun Moskvaya bağlılığı, SSRİ-nin qalmasına çalışdığı, milli azadlıq hərəkatına düşmən münasibət bəslədiyi əksəriyyətə bəllidir.

Milli azadlıq hərəkatının liderlərindən olmuş, AXP sədri, Elçibəy iqtidarı zamanı dövlət katibi, baş nazir vəzifələri tutmuş Pənah Hüseynlə Vaqif Hüseynov mövzusunda danışdıq.

P.Hüseyn Globalinfo.az-a maraqlı məqamlar açıqladı:

“O, SSRİ-nin saxlanmasının tərəfdarı olub, kommunist ideyalarına xidmət edib, Azərbaycanın Rusiyanın tərkibində qalmasını məqbul sayıb. Konkret olaraq maraqlı detallardan biri də odur ki, Hüseynov Moskvada olduğu müddətdə Xocalı canisi Robert Köçəryanla bir yerdə “Sistema” şirkətində çalışıb. Vaqif Hüseynov milli demokratik hərəkatın düşmənlərindən biri olub. Ölkədə gedən azadlıq hərəkatının əleyhinə əsas təşkilatçılardan biri idi. Bu adam öz millətinə, dövlətinə yox, başqa bir dövlətə, millətə xidmət edib”.

Sabiq baş nazir V.Hüseynovun 1990-cı illərdə Xalq Cəbhəsi hakimiyyəti dövründə həbs olunduğunu xatırladıb:

“Vaqif Hüseynov Əbülfəz Elçibəy prezident seçildikdən sonra 1990-cı ilin yanvar hadisələrinə görə həbs olunmuşdu. Lakin Surət Hüseynovun 1993-cü ilin 4 iyun qiyamından sonra V.Hüseynov azad olundu. Özü də azadlığa buraxılmasında Surət Hüseynovun rolunun olduğunu dəfələrlə yazıb. Yeri gəlmişkən, həbsdə olduğu müddətdə Ali Sovetin deputatı Arif Rəhimzadənin rəhbərliyi ilə Vaqif Hüseynovun hüquqlarını müdafiə edən komitə yaradılmışdı. V.Hüseynovun azad olunması üçün o dövrdəki siyasi müxalifət Azərbaycan hakimiyyətinə qarşı bu istiqamətdə aqressiv bir iş aparırdı. Bilirsiniz ki, 20 Yanvar faciəsi başlamamışdan öncə dövlət televiziyasının enerji bloku partladılmışdı. Burada isə DTK günahlandırılırdı. Lakin Vaqif Hüseynov özünü günahsız sayaraq, ifadələrində bunu təkzib edirdi”.

P.Hüseynin sözlərinə görə, Vaqif Hüseynov Azərbaycan KP MK-nın 1-ci katibi seçiləcəyinə ümid edirdi:


“Ayaz Mütəllibovun birinci katib seçilməsinə o vaxt SSRİ Baş Kəşfiyyat İdarəsi, eləcə də Viktor Polyaniçko ciddi dəstək vermişdi. Baxmayaraq ki, bu vəzifəyə Vaqif Hüseynovun təyin olunacağı gözlənilirdi. Lakin bu, baş tutmadı. Hüseynov özü bunları açıq şəkildə yazırdı. Vaqif Hüseynovun təşkilatçılıq qabiliyyətləri barədə şişirdilmiş bir obraz yaradılmışdı. Bəzən indi də elə göstərməyə çalışılır. Hər halda elə olsa idi 1991-ci ilin avqust ayında QKÇP hadisəsindən sonra A.Mütəllibovun istəyi ilə Vaqif Hüseynov vəzifədən kənarlarşdırılmazdı”.

Pənah Hüseynin dediklərinə görə, Vaqif Hüseynov potensial olaraq hansısa məqamda Moskva tərəfindən Azərbaycanda hakimiyyətə gətirilə bilən bir fiqur olub: 

“1992-93-cü illərdə onların bəzilərinin Rusiya Baş Kəşfiyyat İdarəsi tərəfindən buradakı xidmətlərə yönləndirildiyi barədə məlumatlar dolaşırdı. Bizdə olan məlumat isə o idi ki, Elçibəy devrilir, onun yerinə Rusiyanın adamı olan Mütəllibov gətirilir. Mütəllibov o illər Moskvada idi və özünü artıq prezident hesab edirdi. Bu baxımdan da məsələ onun üzərində qurulurdu”.

Sabiq nazir deyib ki, Vaqif Hüseynov həbs olunan zaman onun ifadələrinin içində dövlət sirri təşkil edən heç nə olmayıb:

“İfadələr istintaq sirri olduğu üçün onları oxumamışam. Xüsusi olaraq dövlət əhəmiyyətli hansısa informasiya verilsə idi, mənə və ya prezidentə məruzə olunardı. V.Hüseynov ümid edirdi ki, hakimiyyət çevirilişləri baş verə bilər. Ona görə də onun konkret olaraq Moskva əleyhinə və özünün xidmət elədiyi KQB haqqında ifadələrinə rast gəlməmişdim. Sonralar məqalələrində daha çox konkret detallar deyil, prosesləri təhrif edən mülahizələr yazırdı”.

7-06-2024, 19:35
Go back