Artıq xəbər verildiyi kimi, İsrail dövləti Türkiyə ilə onsuz da gərgin olan münasibətləri tamamən qopma nöqtəsinə gətirə biləcək səs-küylü və qərəzli addıma hazırlaşır. Ölkənin xarici işlər naziri Gideon Saar saxta “erməni soyqırımı” iddialarının rəsmən tanınmasını nəzərdə tutan qətnamə layihəsini hökumətin bu bazar keçiriləcək iclasının gündəliyinə, ardınca da Knessetə (parlamentə) çıxarmaq niyyətindədir.
Aylar öncə Baş nazir Benyamin Netanyahu verdiyi rəsmi bəyanatda ölkəsinin bu qondarma hadisələri artıq faktiki olaraq “soyqırımı” kimi qəbul etdiyini və tanıdığını iddia eləmişdi. Sənədin hökumət tərəfindən qəbul ediləcəyi təqdirdə Ankara-Təl-Əviv xəttində növbəti irimiqyaslı diplomatik qalmaqalın qaçılmaz olacağı vurğulanır...
Bəs İsrail dövləti, Knesset bu təşəbbüsü hüquqi müstəvidə rəsmiləşdirməyədək gedərmi? Axı söhbət təkcə Ankara və Təl-Əviv arasında, yaxud hökumətlər arasında hazırkı gərgin əlaqələrdən də getmir. Hakimiyyətlər gəldi-gedərdi. Belə bir qərar ümumən iki xalq arasında münasibətləri geridönməz şəkildə zədələyə bilər.
Türkiyə isə bizə qardaş dövlətdir. Demək, bir pislik də Azərbaycana ediləcək, “küləyi” bizə də dəyəcək. Daha bir səbəbə: Ermənistan, dünya erməniliyi bizə qarşı ərazi iddiasını uzun illər həm də “əzabkeş xalq”, “vəhşi Türk” mifləri üzərində qurub. İndi də radikal-revanşist qüvvələr bu narrativi davam etdirməyə çalışır. İsrailin uydurma məsələni tanıması onların dilini yüzdə yüz uzadacaq...
Ən vacibi, yəhudi xalqı da göz bilir ki, belə bir soyqırımı tarixdə olmayıb. Bu, olsa-olsa, bəzi güc mərkəzlərinin Türkiyəni təzyiq altında saxlamaq məqsədi ilə ortaya atdıqları mövzudur. Təsadüfi deyil ki, əsassız iddianı tanıyan 23 ölkənin, demək olar, hamısı xristian dövlətləridir. Qeyri-xristian ölkələr, o sırada Çin, Hindistan, ərəb dövlətləri, Pakistan, İran, həmçinin, neçə-neçə digər xristian dövləti (Gürcüstan və s.) belə sərsəm qərarlar qəbul etməyib.
Yeri gəlmişkən, Hindistanla Türkiyənin münasibətləri isti sayılmaz. Amma Nyu-Dehli də indiyədək ermənilərin dəyirmanına su tökən qərara cəsarət eləməyib. Hansısa hədələr olub, ancaq ondan uzağa getməyib. Ümid edək ki, İsrail hökuməti də “ziyanın yarısından qayıda”, cılız qisas hisslərindən vaxtında uzaqlaşa biləcək. Əks halda, bu, yalnızca Ərdoğan hökumətinə ediləcək pislik anlamına gəlməyəcək. Tarixdə başqa cür qalacaq...

Digər paradoks odur ki, son illər Nikol Paşinyan hökumətinin özü radikalların təzyiqlərinə rəğmən, bu məsələni xarici siyasət prioritetləri sırasından çıxarıb. Hökumətin tezliklə növbəti 5 il üçün elan edəcəyi yeni proqram-sənəddə də bu barədə yəqin ki, heç nə olmayacaq. Məqsəd Türkiyə ilə siyasi-diplomatik əlaqələrin bərpasına əngəl olan əsas maneələri götürməkdir. O zaman Neyanyahu hökumətinin “aydın səmada şimşək” effektli təşəbbüsü ikiqat yersiz görünməklə yanaşı, Paşinyan hökumətinə “ayı xidməti”ndən savayı bor şey olmayacaq. Roma Papasından artıq katolik olmağa nə hacət?...
Doğru, Azərbaycanın öz qanuni torpaqlarını işğaldan azad edib ərazi bütövlüyü və suverenliyini bərpa eləməsində İsrail silahları və hərbi sistemləri müstəsna rol oynayıb. Yəhudi dövləti həmin silahları Ermənistana satmayıb. Azərbaycan xalqı bunu həmişə qiymətləndirib və unutmayacaq.
Ancaq bu tarixi yaxşılığa kölgə salacaq addımlardan da qaçmaq gərəkir. Zira, İsrail bizə dost-tərəfdaş ölkə sayılsa da, Türkiyə qardaş dövlətdir. Onun ayağına dəyən daş Azərbaycana dəymiş kimidir. Daşı kim atır atsın...
Z.Səfəroğlu