Ermənistanda sosial narazılıq yeni mərhələyə keçib.
Etirazçıların səsləndirdiyi tələblər fərqli olsa da, onları birləşdirən əsas məqam hakimiyyətin problemləri həll edə bilməməsi və cəmiyyətdə həm iqtidara, həm də müxalifətə inamsızlığın artmasıdır.
:1200.jpg)
Son günlər Ararat vilayətinin kənd sakinləri satılmayan pomidor məhsuluna görə Yerevan–Yerask magistralını bağlayıblar. Fermerlər bildirirlər ki, Rusiya bazarının bağlanması nəticəsində tonlarla məhsul əllərində qalıb və böyük zərərlə üzləşiblər. Onların fikrincə, hökumətin Avropa İttifaqı bazarına çıxışla bağlı vədləri mövcud böhranı aradan qaldırmağa kifayət etmir. İstehsalçılar hesab edirlər ki, yeni bazarlara çıxış aylarla vaxt aparacaq, bu müddətdə isə kənd təsərrüfatı ciddi itkilərlə üzləşəcək.
İyulun 21-də hökumət binası qarşısında balıqçılıq təsərrüfatlarının nümayəndələri də etiraz aksiyası keçiriblər. Onların sözlərinə görə, hazırda təxminən 15 min ton balıq məhsulu ixrac edilə bilmir. Fermerlər bildirirlər ki, Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlər sektoru çıxılmaz vəziyyətə salıb və minlərlə insanın dolanışığı təhlükə altına düşüb. Paralel olaraq, itkin düşmüş erməni hərbçilərin yaxınları da hökumət qarşısında aksiya keçirərək Nikol Paşinyan hökumətinə bir həftə vaxt veriblər. Onlar itkin şəxslərin taleyi ilə bağlı konkret məlumat tələb edir, əks halda Azərbaycanla sərhəddə yerləşən Həkəri körpüsündəki sərhəd-keçid məntəqəsinə gedərək məlumat mübadiləsini özləri təşkil edəcəklərini bildirirlər.
Ermənistanda baş verən son hadisələr ölkədə sosial gərginliyin sürətlə artdığını göstərir. Etirazçıların çıxışlarında artıq yalnız iqtisadi problemlər deyil, hakimiyyətə və siyasi sistemə etimadsızlıq da açıq şəkildə ifadə olunur. Müşahidəçilərin fikrincə, cəmiyyətin narazılığı tədricən kütləvi etiraz dalğasına çevrilmək potensialı daşıyır. Ekspertlər hesab edirlər ki, hökumət qısa müddətdə sosial və iqtisadi problemlərin həlli ilə bağlı real addımlar atmasa, etiraz aksiyalarının coğrafiyası genişlənə və siyasi xarakter ala bilər. Mövcud vəziyyət fonunda Ermənistan daxilində "xalq üsyana hazırdır, siyasi elita isə buna hazır deyil" fikri getdikcə daha çox səsləndirilir.
Musavat.com