Biz onları Qarabağa niyə apardıq: Azad olunan torpaqlara diplomatik desant çıxarmamızın sirri- FOTO
Azərbaycanda fəaliyyət göstərən diplomatlar AZAD OLUNAN TORPAQLARIMIZA səfər ediblər.

Onları Prezidentin köməkçisi Hikmət Hacıyev müşayiət edir. Hikmət bəyin səfərin ilk günü ilə bağlı şəxsən paylaşdığı video-xülasə çox xoşuma gəldi! Sosial mediada da çoxsaylı və olduqca pozitiv kadrlar yayılır. Azad olunmuş torpaqlarımızı diplomatik korpusun gözü ilə izləyirik, sanki! Sanki səfirlərin, diplomatların gözü ilə özümüzə, Zəfərimizin və işimizin nəticələrinə baxırıq! Və onların bizə heyran qalmasına heyran qalırıq!
Bu görüntülər həm də bizə altı il ərzində keçdiyimiz inanılmaz yolun miqyasını göstərir. Çünki insan hər gün gördüyü böyük dəyişikliklərin əzəmətini bəzən tam duya bilmir. Amma kənardan gələnlərin baxışındakı təəccübü, heyranlığı görəndə dayanıb bir daha düşünürsən: Azərbaycan nə qədər böyük bir iş görüb, dövlətimiz hansı mümkünsüz görünən hədəflərə çatıb!

6 il əvvəl elə bu zamanlar bu səfirlərin təmsil etdikləri dövlətlərin bəziləri Azərbaycana qarşı bəyanatlar verir, onu torpaqlarını geri qaytarmaqdan yayındırmağa çalışırdılar. Onların içərisində birbaşa Ermənistana dəstək olanlar da vardı. Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin hər günü həm də diplomatik savaşla keçirdi!
Ordumuz səngərdə vuruşduğu zaman Prezident İlham Əliyev dünyanın ən böyük informasiya platformalarında Azərbaycanın haqq savaşını aparırdı. Xarici jurnalistlərin qərəzli sualları, müxtəlif paytaxtlardan gələn təzyiqlər, hədələr, müharibəni yarımçıq dayandırmaq cəhdləri bir-birinin ardınca gəlirdi. Azərbaycan həm döyüş meydanında, həm diplomatik masada, həm də informasiya cəbhəsində ağır bir savaşın içindəydi.

Lakin bu dövlət artıq otuz il əvvəlki Azərbaycan deyildi. Qarşısında nə istədiyini bilən xalq, güclü Ordu və ən çətin anda məsuliyyəti üzərinə götürən Lider vardı. Azərbaycan heç kimin torpağına girmirdi, heç kimin haqqına əl uzatmırdı. Öz yurdunu, öz sərhədini, tapdanmış hüququnu bərpa edirdi.
İndi hər şey dəyişib! Haqq etdiyimiz Qələbə, Zəfər bizə elə yaraşır, üstümüzə elə oturub ki, hər kəs kənardan heyranlığını və dəstəyini bildirməkdədir. Heç yanımızda olmayanlar da, qarşımızda olanlar da bu gün Qarabağda və Şərqi Zəngəzurda – Vətən müharibəsi apardığımız o torpaqlarda gülə-gülə kameralara poz verir, selfi çəkdirir, dostcanlı tövr nümayiş etdirirlər!

Diplomatiyada bəzən bir foto on bəyanatdan daha çox söz deyir. Xarici diplomatların Ağdərə və Kəlbəcərə səfər etmələri, Azərbaycanın qurduqlarını maraqla izləmələri, kameralar qarşısında gülümsəmələri adi turist marağı deyil. Onların hər biri burada öz dövlətini təmsil edir. Gördüklərini, eşitdiklərini, hiss etdiklərini öz ölkələrinin siyasi mərkəzlərinə çatdıracaqlar.
Diplomatik korpusun nümayəndələri səfərin ikinci günündə Ağdərə rayonunda yerləşən Gəncəsər Monastır Kompleksinə də baxış keçiriblər. Elmi ədəbiyyatda Xəznədağ məbədi kimi tanınan, əsas tikililəri XIII əsrdə inşa edilən bu kompleks Qafqaz Albaniyasının mühüm dini və mədəni mərkəzlərindən biri olub.

Diplomatlara işğal illərində Gəncəsər kompleksinin erməni saxtakarlığına və qanunsuz müdaxilələrə məruz qalması barədə məlumat verilib. Monastırın tarixi alban memarlıq üslubunun dəyişdirildiyi, 2012-ci ildən etibarən divarlarının mərmər daşlarla örtülməyə başlandığı, kompleksin həyətində “abadlıq” adı altında aparılan işlərlə onun əzəli görkəminə zərər vurulduğu diqqətə çatdırılıb.
Bu, səfərin son dərəcə vacib məqamıdır. Xarici diplomatlar Qarabağda yalnız yeni yolları, yaşayış məntəqələrini və möhtəşəm təbiəti görmürlər. Onlara illərlə saxtalaşdırılmış tarix, mənimsənilmiş alban irsi, vandalizmə məruz qalmış abidələr də göstərilir. Dünya həqiqəti vasitəçilərin, erməni təbliğatının hazırladığı mətnlərdən deyil, yerində və öz gözləri ilə görür.
Onlar Azərbaycanın yalnız müharibədə qalib gəlmədiyini görürlər. Görürlər ki, bu dövlət dağıdılmış torpaqlarını ağlasığmaz sürətlə dirçəldir. Yollar çəkilir, tunellər açılır, yaşayış məntəqələri qurulur, məktəblər, xəstəxanalar tikilir, həyat geri qayıdır. Ermənistanın otuz ildə qoyduğu iz dağıntı, talan və xarabalıqdır. Azərbaycanın bir neçə ildə yaratdığı mənzərə isə həyat, inkişaf və gələcəkdir.
Ən təsirli müqayisə də elə budur. Bir tərəfdə daşı daş üstündə qoymayan işğalçı düşüncə, digər tərəfdə hər qarışı yenidən quran Azərbaycan dövləti! Bir tərəfdə viran qoyulmuş məscidlər, qəbiristanlıqlar və şəhərlər, saxtalaşdırılmış tarixi abidələr, o biri tərəfdə həyata qaytarılan yurd yerləri, doğma torpağına dönən insanlar və gələcəyə açılan qapılar…

Prezident Əliyevin dahiyanə strategiyasıdır: dostu qardaşa, düşməni və bədxahı tərəfdaşa, tərəddüd edənləri dosta-yoldaşa, müttəfiqə çevirdi. Qarşımızda olanları da indi yanımıza salıb Qarabağa aparırıq…
Bu strategiyanın böyüklüyü hərbi Qələbəni siyasi üstünlüyə, siyasi üstünlüyü diplomatik qəbul olunmaya, diplomatik nəticəni isə böyük quruculuq mərhələsinə çevirməsindədir. Müharibədə qalib gəlmək böyük qəhrəmanlıqdır. Qələbəni qorumaq, onu dünyaya qəbul etdirmək və qalib gəldiyin torpaqlarda yeni həyat qurmaq isə dövlət ağlıdır.
Azərbaycan bu gün başqalarının qurduğu masada ona ayrılacaq yeri gözləmir. Masanı özü qurur, gündəliyi özü müəyyənləşdirir, qonaqlarını azad etdiyi torpaqlarda özü qarşılayır. Dünən bizə nə etməli olduğumuzu söyləməyə çalışanlar bu gün Azərbaycanın müəyyən etdiyi marşrutla Qarabağa gedirlər. Dünən bizi yolumuzdan saxlamaq istəyənlər bu gün bizim açdığımız yollarla hərəkət edirlər.
Tarixin bundan gözəl ironiyası ola bilərmi?
Qarabağ artıq Azərbaycan əleyhinə istifadə olunan münaqişə mövzusu deyil. Qarabağ bu gün Azərbaycanın gücünün, iradəsinin və quruculuq qabiliyyətinin nümayiş meydanıdır. Şərqi Zəngəzur yeni iqtisadi imkanların, yolların və əməkdaşlıq xətlərinin mərkəzinə çevrilir. Bir zamanlar Azərbaycanı bu torpaqlardan uzaq saxlamaq istəyən dünya indi həmin torpaqlarda yaradılan yeni reallığı qəbul etməkdədir.
Xarici diplomatlar Şuşa, Xankəndi, Ağdərə və Kəlbəcərdə təkcə gözəl təbiət, yeni yol və tikililər görmədilər. Onlar Azərbaycan xalqının sarsılmaz iradəsini gördülər. İşğaldan azad edilmiş torpağın dövlət əli ilə necə dirçəldildiyinə şahidlik etdilər. Ən başlıcası isə anladılar ki, Azərbaycan bu torpaqlara qayıdıb və buradan bir daha heç vaxt getməyəcək!
Bu gözəl mənzərəni bizə heç kim hədiyyə etməyib. O yolların, şəhərlərin, dalğalanan bayraqların arxasında Şəhidlərimizin qanı, Qazilərimizin yarası, Ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi dayanır. Bu gün diplomatların heyranlıqla çəkdikləri hər foto bizim əsgərimizin yazdığı tarixin fonunda çəkilir.

Allah Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə can sağlığı! Dövlətimizə minnətdarıq!
Biz sadəcə torpaqlarımızı geri qaytarmamışıq. Biz tariximizi, ləyaqətimizi, dövlət qürurumuzu və özümüzə inamımızı geri qaytarmışıq.
İndi dünya da Qarabağa gəlib bunun canlı şahidi olur!
12-09-2026, 13:16
Go back