ABŞ Konqresinin Nümayəndələr Palatasının Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Azərbaycan və Türkiyə hədəfə alınıb. Tədbirdə çıxış edənlər Bakı və Ankaranı ermənilərə qarşı təzyiqlərdə, xristian dini icmaların sıxışdırılmasında ittiham ediblər. Dinləmələrə respublikaçı konqresmen Kris Smit və demokrat Ceyms Makqovern həmsədrlik ediblər.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Musavat.com-a bildirib ki, Azərbaycan və Türkiyə müsəlman dövləti olsa da, bu ölkələrdə xristian icmalarına, digər qeyri-müsəlman icmalarına kifayət qədər geniş fəaliyyət imkanları mövcuddur. Həm Azərbaycanda, həm də Türkiyədə kifayət qədər xristian icmaları fəaliyyət göstərir:
“Məsələn, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin Milli Məclisin deputatıdır. Türkiyədə də erməni, yunan, süryani və digər xristian icmaları mövcuddur. Ölkənin parlamentində erməni əsilli siyasətçilər də təmsil olunurlar. Bütün bu və digər faktlar Azərbaycan və Türkiyədə etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşların siyasi həyatda iştirakına dair konkret nümunədir. Bu və digər faktlar ABŞ Konqresində irəli sürülən iddiaların absurd olduğunu sübut edir. Azərbaycan və Türkiyənin müsəlman çoxluğa malik dövlətlər olması bu ölkələrin avtomatik olaraq xristian icmaları üçün təhlükə mənbəyi kimi təqdim edilməsinə əsas verə bilməz. Azərbaycan dünyəvi dövlət modelinə malikdir. Ölkədə pravoslav, katolik, protestant, yəhudi və digər dini icmalar fəaliyyət göstərir.
Azərbaycanın BMT-dəki nümayəndəliyinin 2026-cı ildə təqdim etdiyi məlumata əsasən, ölkədə 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycan dünyada dini tolerantlıq nümunəsi kimi təqdim edilir. Azərbaycanın ictimai-siyasi həyatında müxtəlif dini və etnik mənsubiyyətli insanların iştirakı faktdır”. Musavat.com