Homepage / Dövlət Su Ehtiyatları Agentliyinə ayrılan milyonlar hara gedir? – Palatadan ifşa, ekspertdən çağırış

Dövlət Su Ehtiyatları Agentliyinə ayrılan milyonlar hara gedir? – Palatadan ifşa, ekspertdən çağırış

Bakıda illərdir içməli su təchizatı və kanalizasiya infrastrukturu ilə bağlı problemlər tam həllini tapmır. Paytaxtın müxtəlif ərazilərində su təchizatındakı fasilələr, köhnəlmiş su və kanalizasiya xətləri, yağış sularının yaratdığı çətinliklər bu sahədə sistemli yenilənməyə ehtiyac olduğunu göstərir.

VƏZİYYƏT DAHA DA PİSLƏŞƏCƏK...” – Bakıda tünellərin su ilə dolmasının  səbəbləri açıqlandı » Ayaletmedia.az

Halbuki su təsərrüfatının inkişafı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən milyonlarla, hətta milyardlarla manat vəsait ayrılır. Hesablama Palatasının Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) ayrılan dövlət investisiyalarının auditi zamanı nöqsanlar aşkarlaması isə bu vəsaitlərin nə dərəcədə səmərəli istifadə edildiyi, layihələrin hansı nəticələri verdiyi və qurumun idarəetmə mexanizmlərinin nə qədər effektiv olduğu barədə suallar yaradıb.

Beynəlxalq idarəetmə standartları üzrə mütəxəssis Asif İbrahimov da Musavat.com-a bildirib ki, Hesablama Palatasının Azərbaycan ADSEA-ya ayrılan dövlət investisiyalarının auditi zamanı nöqsanlar aşkarlaması bu qurumun fəaliyyəti ilə bağlı ciddi suallar yaradır:

“Hesab edirəm ki, ADSEA-nın fəaliyyəti Azərbaycan hökumətinin xüsusi diqqətində olmalıdır. Çünki söhbət ölkənin strateji əhəmiyyətli qurumlarından birindən gedir. Bu qurumun idarəetmə keyfiyyəti, qəbul etdiyi qərarlar və həyata keçirdiyi layihələr Azərbaycanın su təhlükəsizliyinə, ərzaq təminatına, kənd təsərrüfatına, sənaye potensialına və əhalinin həyat keyfiyyətinə birbaşa təsir göstərir. Azərbaycan təbii sərvətlərlə zəngin ölkə olsa da, su ehtiyatları baxımından Cənubi Qafqazın ən həssas ölkəsidir. Su ehtiyatlarımızın əhəmiyyətli hissəsinin transsərhəd çaylardan formalaşması, iqlim dəyişiklikləri, quraqlıq, yağıntıların qeyri-bərabər paylanması və suya tələbatın artması vəziyyəti daha da mürəkkəbləşdirir. Belə bir şəraitdə su təsərrüfatının idarə edilməsində buraxılan səhvlərin nəticələri gələcəkdə çox ağır iqtisadi və sosial problemlərə çevrilə bilər”.

Asif İbrahimov: “Heç bir qurum özünə qanunda nəzərdə tutulmayan səlahiyyət  verə bilməz” | Tribuna.Az

Onun sözlərinə görə, dövlət büdcəsindən bu sahəyə milyonlarla, hətta milyardlarla manat investisiya ayrılır: “Cəmiyyətin haqlı sualı var ki, ayrılan vəsaitlər hansı real nəticələri təmin edir? Yeni infrastruktur yaradılırmı, su itkiləri azalırmı, əhalinin içməli su təminatı yaxşılaşırmı, fermerlərin suvarma imkanları genişlənirmi? Dövlət investisiyalarının səmərəliliyi məhz bu nəticələrlə ölçülməlidir. ADSEA-nın fəaliyyətini bir müddətdir kənardan mütəxəssis kimi müşahidə edirəm. Müşahidələrim qurumun fəaliyyətində ciddi institusional və idarəetmə problemlərinin mövcudluğunu göstərir. Xüsusilə strukturun təşkili, funksional səlahiyyətlərin bölgüsü, xidmətlərin keyfiyyəti, operativlik və vətəndaş məmnunluğu baxımından ciddi uyğunsuzluqlar diqqət çəkir. Hesablama Palatasının audit nəticələri də bu problemlərin daha geniş institusional müstəvidə araşdırılmasının vacibliyini gündəmə gətirir”.

Ekspert qeyd edib ki, ADSEA-da kompleks institusional və funksional audit aparılmalı, qurumun mövcud idarəetmə modeli yenidən qiymətləndirilməlidir: “Mərkəzi aparatın, tabeli qurumların və regional strukturların fəaliyyəti təhlil edilməli, təkrarlanan funksiyalar, səlahiyyətlərin qeyri-dəqiq bölgüsü və idarəetmədə yaranan gecikmələr aradan qaldırılmalıdır. Qərarların qəbul edilməsi və icrasına görə məsuliyyət konkret vəzifəli şəxslər üzrə müəyyənləşdirilməlidir. Digər mühüm istiqamət dövlət investisiyalarının istifadəsidir. Agentliyin həyata keçirdiyi iri layihələr üzrə müstəqil texniki və maliyyə auditi aparılmalıdır. Layihələrin ilkin texniki-iqtisadi əsaslandırılması, müqavilə dəyəri, satınalma prosedurları, faktiki görülmüş işlərin həcmi, tikinti keyfiyyəti və istismar xərcləri müqayisəli şəkildə qiymətləndirilməlidir. Aşkarlanmış nöqsanların səbəbləri və məsul şəxslər müəyyən edilməli, dövlətə vurulmuş zərər varsa, onun qanunvericiliyə uyğun qaydada ödənilməsi təmin olunmalıdır. Xidmət keyfiyyəti və vətəndaş məmnunluğu da ayrıca qiymətləndirilməlidir. Vətəndaş müraciətlərinin cavablandırılması və həlli müddəti, su təminatında fasilələr, texniki problemlərin aradan qaldırılması, xidmətlərin əlçatanlığı və şikayətlərin dinamikası üzrə konkret göstəricilər müəyyən edilməlidir. Bu göstəricilər əsasında mütəmadi monitorinq aparılmalı və nəticələr ictimaiyyətə açıqlanmalıdır”.

Asif İbrahimova görə, Azərbaycan hökuməti ADSEA-da islahatların yeni mərhələsinə başlamalıdır: “Bunun üçün kompleks institusional auditin keçirilməsi, dövlət investisiyalarının müstəqil qiymətləndirilməsi, xidmət keyfiyyəti standartlarının tətbiqi, insan resurslarının peşəkar potensialının artırılması və rəqəmsal idarəetmə sisteminin qurulmasını əhatə edən konkret fəaliyyət proqramı qəbul edilməlidir. ADSEA-nın institusional və idarəetmə baxımından yenidən qurulması artıq təxirəsalınmaz dövlət vəzifəsi kimi qiymətləndirilməlidir”.


Bu gün, 15:10
Go back