Dünən Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. O, Bakıya nəzərdə tutulan səfərin təxirə salındığı barədə məlumat verib. Radev bundan təəssüfləndiyini bildirib.
Bolqarıstan Prezidenti səfərinin ölkəsindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmədən təxirə salındığını diqqətə çatdırıb.
Modern.az-ın məlumatına görə, Bolqarıstanda 1 ilə yaxındır daxili siyasi vəziyyət gərgindir.
Ötən ilin aprel ayında keçirilən parlament seçkilərindən sonra ölkədə sabit hökumət qurula bilinməyib. Seçkilərdə heç bir siyasi partiya təkbaşına hökumət qura biləcək səs çoxluğu əldə etməyib. Buna görə siyasi qüvvələr arasında razılaşma əldə edilib.
Razılaşmaya əsasən, seçkilərdə ikinci yerə çıxan “Dəyişikliyə davam - Demokratik Bolqarıstan” partiyasından olan Nikolay Denkov 9 ay hökumətə rəhbərlik etməli idi. Bu müddətdən sonra seçkiləin qalibi olan GERB partiyasının üzvü Mariya Qabriyel hökumətə rəhbərlik edəcəkdi. 9 ay ərzində Qabriyel baş nazirin müavini və xaici işlər naziri vəzifəsini tutumalı idi.
Prezident Radev ötən il Denkovu müvəqqəti baş nazir təyin edib və hökumət fəaliyə başlayıb. Denkovun hakimiyyəti dövründə Azərbaycan-Bolqarıstan əlaqələri inkişaf edib. O, ötən ilin sentyabr ayında Azərbaycanın “dəyərli tərəfdaş” olduğunu bildirib.
Bu ilin martın 6-da Denkov razılaşmaya əsasən istefa verib və prezident Qabriyeli baş nazir təyin edib. Lakin martın 25-də Mariya Qabriyel yeni hökumətin qurulması ilə bağlı danışıqların uğursuzluğa düçar olduğunu açıqlayıb və baş nazir postundan istefa verib. Prezident Radev siyasi qüvvələrə yeni hökumətlə bağlı çağırışlar etsə də, nəticəsiz qalıb.
Siyasi qüvvələr hökumət qurmağa razılaşmadığı üçün Radev texniki hökumət yaratmaqla bağlı danışıqlara başlayıb. Ölkə qanunverciliyinə görə belə hökumətə Xalq Məclisinin sədri, Milli Bankın sədri və ya müavini, Hesablama Qurumunun sədri və ya müavini, ombudsman və ya müavini rəhbərlik edə bilər.
Prezident Radev daxili siyasi böhranı həll etmək üçün qarşıdakı 10 gün ərzində rəsmi proqramlarına dəyişiklik etdiyini, daxili və xarici səfərlərini, eləcə də Azərbaycana səfərini ləğv etdiyini bildirib. “Mən müvəqqət hökumətin formalaşdırılması prosesi üçün mümkün olan hər şeyi edəcəm”, - o qeyd edib..
Radev dünən açıqlayıb ki, hökumət qurmaq üçün Hesablama Qurumunun sədri Dmitri Qavçevlə danışıb.
Konsitusiyaya görə, hökumət qurulması prosesi uğursuz olarsa, prezident növbədənkənar seçkilər təyin edir. Yerli mətbuat yazır ki, iyun ayında ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu, son üç idə Bolqarıstanda 6-cı seçki olacaq.