CBC Sport yenə deyəsən, Parisdən gələn təlimatlar əsasında işləyir.
Ötən ilin oktyabrında Canni De Byazi ilə müqavilə uzadılmamışdan qabaq televiziya italiyalı məşqçinin təbliğatını aparırdı ki, yığmamız onun rəhbərliyi altında Millətlər Liqasının son matçlarını əla keçirib.
Halbuki hamıya gün kimi aydın idi ki, Slovakiya və Qazaxıstan üzrəində qazanılan qələbələr aldadıcıdır. Slovakiya Qazaxıstanın qrupda 1-ci yeri tutacağını görəndən sonra Azərbaycanla oyuna başdansovudu yanaşdı.
Maqomed Adiyevin rəhbərlik etdiyi kollektiv isə Bakıya qrup qalibi kimi gəlmişdi və bu komandanın heç bir motivasiyası yox idi. Nəticədə, yığmamız Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı evdə 3:0 məğlub etdi.
Elə həmin dövrdə də De Byazinin CBC Sport-da tənqid olunmasına qadağa qoyuldu, kanalın ekspertləri italiyalıya daha bir şans verilməsinin vacibliyini vurğulamağa başladılar.
Bütün bunlar AFFA İcraiyyə Komitəsinin (İK) toplantısı öncəsində ictimai rəyi formalaşdırmaq, 67 yaşlı məşqçiyə təzyiqləri azaltmaq məqsədi daşıyırdı.
İstəklərinə də nail oldular. Bir daha sifarişlə işlədiyini göstərən İK De Byazi ilə müqaviləni uzatdı. Maraqlıdır ki, oktyabrda keçirilən toplantıda İK üzvü olmasa da, ən çox canfəşanlıq edənlərdən biri Elxan Tağızadə olub.
Görəsən, “pensioner” məşqçinin burda qalmasında onun marağı nədir? Əslində təkcə onun yox, De Byazinin bura gətirən digər funksionerlərin də maraqları bəllidir – pul silmək, bir az da artıq qazanmaq.
İndi futbol ictimaiyyətinin fikri bir məsələdə ortaq məxrəcə gəlib – tezliklə italiyalı məşqçidən canımızı qutarmalıyıq.
Əksər mütəxəssislər milli komandaya yerli məşqçinin cəlb olunmasının vacibliyini dilə gətirir, komandada intizamın artırılmasını ön plana çəkirlər.
Belə yerdə Qurban Qurbanov, Rəşad Sadıqov adının ilk sıralarda çəkilməsindən təbii heç nə ola bilməz. CBC Sport-un ekspertləri isə ortaya “maraqlı” ideya atıblar.
Mənbə:https:sportinfo.az
//www.sportinfo.az/idman_xeberleri/problem/179732.html