BANNER / SİYASƏT

15 iyun Dövlətçilik tariximizin QÜRÜR GÜNÜ - Milli Qurtuluşa aparan YOL

post-img

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr gərginliyi, strateji baxımdan əhəmiyyəti ilə əvvəlki dövrlərin bir neçə onilliyinə bərabər idi. Doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdan ulu öndər Heydər Əliyev ilk əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş mübarizəsini davam etdirmişdir.

Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr nə Azərbaycan dövlətçiliyini, nə də onun ayrılmaz parçası olan Naxçıvanı qorumaq iqtidarında idilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. O vaxtkı bacarıqsız iqtidar mənsubları blokadada olan Naxçıvana kömək göstərmək əvəzinə Heydər Əliyevə qarşı mübarizəyə başlamışdılar. 1992-ci ilin oktyabrında Heydər Əliyevə qarşı qəsd həyata keçirməyə, onu Naxçıvan rəhbərliyindən devirməyə cəhd də etdilər. Lakin bu cəhdlər uğursuzluğa məhkum idi. Həmin ağır şəraitdə Heydər Əliyev böyük dövlət adamı, qətiyyətli və iradəli siyasətçi olduğunu sübut etdi. Ulu Öndərin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrudür. Bu dövrdə Heydər Əliyev Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etdi, Naxçıvanda Azərbaycan ordusunun güclü birləşmələri formalaşdı və ermənilərin hücumlarına qətiyyətlə cavab verildi. Onun təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul etdi, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə yazdı.

 Bunu Sabunçu rayon icra şöbəsinin böyük icra məmuru Həsənəliyev Daşqın Qadir oğlu Qurtuluş Günü ilə bağlı GUNinfo.az-a açıqlamasında bildirib.

Vətənin belə ağır günlərində-15 iyun 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdaraq ölkə naminə, vətən naminə, canından da artıq sevdiyi Azərbaycan naminə böyük xilaskarlıq fəaliyyətinə başladı.

Azərbaycan Respublikası xarici qüvvələrin, bir qrup daxildən olan nankorların iştirakı ilə imperiya maraqlarına uyğun parçalanaraq bölüşdürülmə faciəsindən, milli dövlətin iflasından, qlobal məhv olmadan xilas edildi. Beləliklə, 18 oktyabr tarixində başlanan müstəqillik 15 iyun-Milli Qurtuluş günü ilə qorundu, möhkəmlənməyə başladı, Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı.

Həqiqətən Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün ən mühüm tarixlərdən, çox böyük bayramlardan biridir. Çünki məhz Milli Qurtuluş Günü sayəsində müasir dünya dövlətləri sırasında sayılan-seçilən indiki nüfuzlu, güclü, müstəqil Azərbaycan dövləti mövcuddur. Müasir Azərbaycan dövləti özünün siyasəti ilə bu gün beynəlxalq aləmdə nümunə olacaq bir dövlətdir. Eləcə də, bu gün dünyanın böhranlı şəraitində uğurlu siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir və belə bir dövlət qürur yerimizdir. Biz öz dövlətimizlə fəxr edirik.

Təbii ki, Azərbaycan bugünkü səviyyəyə elə də asan gəlib çatmayıb, çox çətin dövrlərdən keçib. Bilirsiniz ki, SSRİ-nin dağılması ilə müstəqil respublikalar yarandı. Keçmiş SSRİ-nin dağılması prosesi bəzi respublikaların daxilində müəyyən gərginliklərlə müşaiyət olundu. Həmin prosesləri təhlil edəndə görürük ki, ən mürəkkəb proseslər məhz Azərbaycanda baş verib. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal olundu və bunun nəticəsində də 1 milyondan çox insan öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətə düşdü. Yəni o dövrdə xalqımız çox ağır günlər yaşadı.

Prosesləri təhlil edərkən deyə bilərik ki, başımıza gələn bu bəlalar bir sıra amillərlə əlaqədardır. Ən əsası odur ki, həmin dövrdə Ulu öndər Heydər Əliyev Azərbaycanda deyildi. Hakimiyyətinin birinci dövründə öz nəcib əməlləri, Azərbaycan üçün misilsiz xidmətləri ilə Heydər Əliyev xalqın qəlbində özünə abidə ucaltmışdı. Məhz Ulu Öndərin sayəsində sovetlər dövründə Azərbaycan sürətlə inkişaf edərək keçmiş ittifaq respublikaları arasında öncül yerə çıxdı. 1980 – ci illərin sonu – 90-cı illərin əvvəlində Azərbaycan xalqı sahibsiz qalmışdı. Və başımıza gələn bütün bəlaların kökündə Heydər Əliyevin hakimiyyətdə olmaması idi.

Talehin qismətidir ki, Heydər Əliyevin həyatı Azərbaycan xalqı ilə bağlı olub. Tarix sübut edir ki, Azərbaycan xalqının ən çətin anlarında Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək xalqı bütün çətinliklərdən xilas edib.

1993-cü ilin o ağır günlərində də xalqımızın yeganə ümid yeri Heydər Əliyev oldu. Hakimiyyətə qayıtmaqla Ümummilli lider Heydər Əliyev xalqımızı düçar olduğu bəlalardan, başqa dövlətlərin vassalı olmaqdan, Azərbaycanı parçalanmaqdan xilas etdi.

Heydər Əliyevin yürütdüyü siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada ölkəmizlə bağlı formalaşan fikri müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ermənistanın bir çox dairələri Qarabağdakı işğal rejiminin danışıqlar prosesindən çıxarılmasını və Qarabağ danışıqlarının Azərbaycan – Ermənistan formatında aparılmasını Qarabağ klanının ən böyük məğlubiyyəti sayırlar. Onların fikrincə, bir neçə dəfə Robert Koçaryanla görüşmüş Heydər Əliyev ustalıqla Qarabağ işğal rejimini danışıqlardan maksimum uzaq tutmağı bacarıb. Ermənilər bunu Heydər Əliyevin Qarabağ məsələsində ən böyük qələbəsi sayırlar.

Qarabağın işğaldan azad olunması Ulu öndər Heydər Əliyevin ən böyük arzularından idi. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük səy göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətlərini çatdırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirib.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş oldu.

Ulu öndərin Azərbaycan xalqının bu günü və gələcəyi üçün əmanət qoyduğu ideyalar xalqımızın milli mənlik şüuru və milli sərvətidir. Bu ideyaların daşıyıcısı Ümummilli liderimizin siyasi kursunun davamçısı möhtərəm İlham Əliyevdir.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyev kimi vətənpərvərin əlindədir.

Prezident İlham Əliyevin qətiyyətli dünyəvi siyasəti uğurla həyata keçməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Oxşar xəbərlər