Homepage / Sahib Məmmədov: “COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir”

Sahib Məmmədov: “COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir”

“Hazırda dünyanın ən aktual mövzularından olan iqlim dəyişmələrinin fəsadları getdikcə artır, nəinki insanlar, hətta bütün canlılar, bitki aləmi təhlükə qarşısındadır”.

Bu fikirləri mediaya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, demək olar ki, hər gün planetin müxtəlif yerlərində gözlənilməz təbiət hadisələri baş verir: “İqlim dəyişmələri bütün dünyanı əhatə etdiyindən onun təsirlərini azaltmaq, qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinə nail olmaq üçün sözsüz ki, bütün dövlətlər səfərbər olmalı, iqlim dəyişmələri ilə mübarizdə həmrəylik göstərməlidirlər. Ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması kimi qlobal məsələlərə Azərbaycan ciddi yanaşan, bu istiqamətdə əhəmiyyətli işlər görən ölkələr sırasındadır. Belə ki, “Yaşıl enerji” növlərinin yaradılması, Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi hədəfləri, eyni zamanda emissiyalarla bağlı könüllü öhdəliklərin götürülməsi dövlətimizin bu məsələdə nə qədər həssas olduğunu göstərir. Dünyanın ən irimiqyaslı tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekdil qərarla ölkəmizdə keçirilməsi Azərbaycanın bu məsələyə xüsusi diqqətinin göstəricisidir”.

O bildirib ki, Azərbaycan yüksək təşkilatçılıq təcrübəsini ortaya qoyaraq dünyanın bu mötəbər tədbirinə nümunəvi şəkildə ev sahibliyi edib: “İştirakçılar üçün işgüzar, qarşılıqlı hörmətə əsaslanan və inklüziv mühit yaradıldı. Tədbir çərçivəsində qlobal çağırışlara söykənən həmrəylik yüksək səviyyədə tərənnüm olunub. Azərbaycan 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı bu mötəbər tədbirə peşəkar səviyyədə ev sahibliyi edib. Onların tədbirin möhtəşəm təşkili, Bakının gözəlliyi, insanlarımızın qonaqpərvərliyi ilə bağlı təəssüratları olduqca qürurvericidir”

S.Məmmədovun fikrincə, COP29 Liderlər Sammitinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı İlham Əliyev vacib məqamlara toxunub, bir daha ölkəmizin dünya üçün əhəmiyyətini diqqətə çatdırıb: “Bütün tərəfdaşlarının etibarını qazanan Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn meqalayihələrin faydaları bu gün göz önündədir, dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Eləcə də öz torpaqlarını Ermənistanın işğalından azad etməklə beynəlxalq hüququn pozulmuş prinsiplərini, BMT-nin 30 il kağız üzərində qalmış qətnamələrinin icrasını təmin edib, ölkəmiz Qoşulmama Hərəkatına 4 il ədalətlə rəhbərlik edib, yeni və mühüm təşəbbüslər irəli sürdü, qurumun dünyada nüfuzunu artırdı. Prezident İlham Əliyev dəqiq faktlar və tutarlı arqumentlərlə Azərbaycanın iqlim dəyişmələri məsələsində fərqli tərəflər arasında körpülər salmaq iqtidarına sahib olduğunu göstərdi. Qərəzli mövqe tutan, Azərbaycan haqqında yalan və böhtan məlumatlar yayan, COP29-u boykot etmək kimi sərsəm və mənasız iddialar səsləndirənlər də cənab Prezidentimizin nitqində layiq olduqları cavabı aldılar”.

Konfederasiya sədri deyib ki, COP29-da yadda qalan məqamlardan biri də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitinin keçirilməsi və Prezident İlham Əliyevin tədbirdə iştirak etməsi olub: “Haqları tapdanan, səsləri boğulan bu ada dövlətlərinin problemlərinin dünya ictimaiyyətinə çatdırılması naminə belə bir şəraitin yaradılması Azərbaycanın ədalətli mövqeyinin bariz nümunəsidir. Sirr deyil ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsirlərinə daha çox məruz qalır, səsləri dünyada eşidilmir. Möhtərəm Prezidentimiz inkişaf etmiş ölkələrə müraciət edərək iqlim dəyişmələri ilə mübarizədə onları kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı. Eləcə də Fransa və Niderland kimi ölkələrin müstəmləkə siyasətini, həmin xalqların haqlarını tapdamasını bir daha ifşa edib. Daha dəhşətlisi Fransa Polineziyasında aparılan 193 nüvə sınağıdır ki, onun ətraf mühitə vurduğu ziyanı insan düşünmək belə istəmir. Həmçinin Fransa tərəfindən vaxtı ilə Əlcəzairdəki nüvə sınaqları, hələ də dəniz ərazilərində törədilən cinayətlər. Həqiqətən də, Fransa kimi dövlətlərin insan hüquqlarından, demokratiyadan, iqlim dəyişmələrindən danışmağa heç bir mənəvi haqqı yoxdur. Onların törətdikləri bəşəri cinayətlərdir və dünya ictimaiyyəti tərəfindən qınanmalıdır”.

S. Məmmədov vurğulayıb ki, COP29 mübahisəli və mürəkkəb məsələlərdə əldə edilmiş razılıqlarla tarixə düşüb: “Bu onu göstərir ki, razılığın əldə olunacağına şübhə ilə yanaşanlar, həmişə olduğu kimi ikili standartlardan çıxış edənlər bu dəfə də yanıldılar. Belə ki, 2035-ci ilədək hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə imkan verəcək. Son dərəcə əhəmiyyətli olan bu qərar COP29 Sədrliyinin böyük diplomatik uğurudur. Sənəddə əlçatanlığın və şəffaflığın qorunması barədə müddəaların yer alması da ədalət göstəricisidir. BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 10 ildir aparılan danışıqlar, nəhayət, COP29-da öz həllini tapdı. Hər bir vətəndaşımız üçün fərəhlidir ki, bəşəriyyətin gələcəyi ilə bağlı problemlərin müzakirəsi ölkəmizdə aparılır və vacib qərarlar paytaxtımızda qəbul edilir. İnanırıq ki, Bakıda əldə olunan bu tarixi nailiyyətlər qlobal iqlim gündəliyinin uğurlu icrasına, gözlənilməz təbiət hadisələrinin səbəb olduğu fəsadların aradan qaldırılmasına, ümumilikdə iqlim dəyişmələri ilə mübarizəyə böyük töhfə olacaq”.

S. Məmmədov əlavə edib ki, COP29 riyakar yanaşmaları, xain xislətləri, pozucu və dağıdıcı siyasət həyata keçirərək aranı qatan dövlətləri də ifşa edib: “Göstərib ki, Fransa, Kanada və bu mövqedə duran digər dövlətlərin iqlimlə bağlı fəaliyyəti imitasiya xarakterlidir, əslində isə onlar bu istiqamətdə aparılan işin irəliləməsinə süni əngəllər yaradırlar. Sözsüz ki, Bakı COP-u onların məğlubiyyəti idi. Tədbirin möhtəşəm təşkili və Bakıda əldə olunan razılaşmalar onlara ən layiqli cavabdır”.

27-11-2024, 13:16
Go back