Manşet / BANNER

Türkiyə, Pakistan, Əfqanistan, sırada AZƏRBAYCANDIR? - Güclü zəlzələnin ANONSU VERİLDİ!

post-img

Son vaxtlar dünyada baş verən zəlzələlərin artması insanların bu mövzuya olduqca narahat və həssas yanaşması ilə müşayiət olunur. Zəlzələ təbii fəlakətlər arasında ən qorxulusu və dəhşətlisi olduğuna görə bəzən zəlzələ baş verəndə hansısa fəsadlar olmasa da bu, insanların psixologiyasına belə mənfi təsir edir. Bu mövzu xüsusilə də ilin əvvəlində, fevralın 6-da qardaş Türkiyədə baş verən güclü və dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb.


Oktyabrda Əfqanıstanın Herat şəhərindən 40 km şimal-şərqdə 6,3 bal gücündə zəlzələ zamanı 2500-dən çox insan həyatını itirib, minlərlə ev dağılıb. Elə yaxın günlərdə Türkiyənin Bursa şəhərində 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Zəlzələ İstanbul, Kocaeli, Sakarya, Çanaqqala və digər şəhərlərdə hiss edilib. Dekabrın 5-də isə Pakistanda 5,5 bal gücündə zəlzələ baş verib.


Bəs dünyada seysmik aktivliyin artmasına səbəb nədir və bunun Azərbaycana nə dərəcədə təhlükəsi var?


Məsələ ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Referans.az-a bildirib ki, son zamanlar yer daxilində baş verən proseslər artıb:


“Yerin daxilində gedən həm müəyyən kosmogen, həm də dünyada gedən müharibələr nəticəsində baş verən hərbi partlayışlar nəticəsində yerin də daxilində seysmiklik artıb. Son vaxtlar kiçik çaplı zəlzələlər artıb, sirkələnmələr çoxalıb. Azərbaycanda hələki dəhşətli və ya dağıdıcı zəlzələlər yoxdur. Hazırda xırda-xırda təkanlar olur, onların da bəziləri yüngül hiss olunur, bəziləri isə ümumiyyətlə hiss olunmur. Gərginlik deformasiya zonalarında xırda təkanlarla hiss olunur”.


Seysmoloq qeyd edib ki, yaxın bir neçə gün ərzində katostrofik zəlzələ olma ehtimalı yoxdur. Onun sözlərinə görə, xırda təkanlar var, hiss olunur, amma qorxmağa ehtiyac yoxdur.


AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru  Ənvər Əliyev Referans.az-a bildirib ki, Əfqanıstan, Türkiyə və digər ölkələrdə baş verən zəlzələlərdə dağıntıların baş verməsində tikintinin də önəmi çoxdur:


“Olduqca zəif konstruksiyalı tikilən binlar olduğu üçün 6-7 bal gücündə baş verən zəlzələlərə tab gətirmir. İlin əvvəlində Türkiyədə baş verən zəlzələlər gözlənilən idi, hətta bəzi tədqiqatçılar dağıntıların İstanbulda baş verəcəyini deyirdilər. Hindistandan tutmuş Avropanın bəzi hissələri, eləcə də bizim olduğumuz yerlər seysmik zonalardır. Xüsusən də kiçik Asiya və Avropanın cənub şərq hissəsində seysmiklik hiss olunur. Bu ərazilər sıxıntıya məruz qalırlar. Məsələ ondadır ki, Afrika və Ərəbistan yarımadası hərəkət edir. Ərəbistan yarımadası yavaş-yavaş şimala doğru hərəkət edir. Son zamanlar artan zəlzələlərin də səbəbi budur”.


AMEA rəsmisi qeyd edib ki, yüksək təzyiq və temperatur halında olan yerin orta hissəsinin üzərində litosfer tavaları var. Onun sözlərinə görə, bunlardan biri Ərəbistanda şimala doğru hərəkət edir: “Nəticədə bu kiçik Asiyanı sıxmaqdadır. Bunun nəticəsində də zəlzələlərin mütəmadi olması normaldır. Bəzi alimlər bildirir ki, tez-tez yüngül zəlzələlərin olması yaxşı haldır, çünki yerin gərginliyi az-az çıxır. Bəzən də olur ki, uzun müddət baş vermir, olanda isə 8-9 bal gücündə olub böyük dağıntılara səbəb olur”.

Oxşar xəbərlər