MÜSAHİBƏ / BANNER

Çarın qərarı qanunsuzdur: "İlham Əliyev həmin qərarı ləğv edə bilər…" - MÜSAHİBƏ

post-img

30 illik işğal müddətində və Qarabağ işğaldan azad edildikdən sonra oradakı alban kilsələriylə bağlı erməni tərəfin iddiaları, yalan məlumatları, tarixi saxtalaşdırmaq cəhdləri bitmir.

Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafiq Danakari Cebhe.info-ya müsahibəsində ermənilərin tarixi alban kilsələrinə olan qanunsuz iddiası və həmin abidələrin gələcək statusu ilə bağlı sualları cavablandırıb.

-Ermənilər beynəlxalq təşkilatlara müraciətlərində və xarici ölkələrlə aparılan bütün danışıqlarda Azərbaycan ərazisində guya erməni mədəni irsinin məhv edilməsi məsələsini qaldırır. Əslində, ermənilər bununla alban dini abidələrinə iddialarını ortaya ortaya qoyurlar. Bəs siz həmin abidələrin ermənilərə deyil, Alban-Udi Xristian Dini İcmasına məxsus olması ilə bağlı beynəlxalq dairələrə müraciət etmisiniz?

- Bu məsələni biz 30 ildir ki, qaldırırıq. Həm UNESCO-nun, həm Avropa Şurasının nümayəndələri bizim qəsəbəyə gələndə bildirmişik ki, işğal altındakı monastrlar, ibadət yerləri Alban Apostol Müstəqil Kilsəsinə aiddir. Həmin ərazilərdə heç bir erməni kilsəsi yoxdur. Amma onlar buna ciddi yanaşmayıb və bizə cavab da verməyib. Azərbaycanın 44 günlük müharibədə işğal altındakı əraziləri azad etməsi çox yaxşı hadisə oldu. Şəhidlərin ruhu şad olsun! İndi biz öz kilsələrimizə rahat gedə və dünyaya öz sözümüzü deyə bilrik. Beynəlxalq ictimaiyyət də bizim haqlı tələblərimizi eşidir.

- Ancaq ermənilər yenə də işğaldan azad olunmuş ərazilərdəki kilsələrə ibadət adı ilə gəlir və bununla da həmin abidələrə iddiadan əl çəkmirlər. Hətta sizin Kəlbəcərdəki Xudavəng monastrına daxil olmağınıza əngəl törətməyə çalışırdılar. İndi vəziyyət dəyişib, yoxsa yenə də erməni keşişlər sizə mane olur?

- İlk dəfə Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra, yəni 2020-ci il dekabrın 4-də biz Xudavəng monastrını ziyarət etmək üçün Kəlbəcərə səfər etdik. Biz erməni din xadimlərinin orada olacağını heç fikirləşməmişdik. Ancaq onları orada görəndə xeyli təəccübləndik. Ermənilər başladı ki, bu kilsə bizimdir və sizi içəri buraxmırıq. Biz də dedik ki, bayramdır, ziyarətə gəlmişik. Bu kilsə də, torpaqlar da bizə məxsusdur. Mən erməni keşişlərə sual verdim ki, siz bu torpaqlara və bu monastra nə vaxt gəlmisiniz? Cavab verdilər ki, 1993-cü ildə gəlmişik. Mən də dedim ki, siz gəlməmisiz. Siz işğalçı kimi gəlmisiniz. Siz bizim monastrlarımızı, kilsələrimizi, məscidlərimizi dağıtmısız. Bundan sonra onlar dedilər, yaxşı, gəlin ibadət edin. Həmin vaxtdan bəri biz Xudavəng monastrına çox getmişik. Hər dəfə də erməni keşişlər bizi elə qarşılayırlar ki, sanki monastrın sahibi onlardır, biz deyilik. Monastr kompleksində 4 kilsə var. Biz onun üçünə daxil ola bilirik. Amma dördüncüyə bizi buraxmırlar. Onlar bizi görəndə qaçıb kilsəyə girirlər.

- Hazırda o monastra ermənilər nəzarət edir?

- Mən sonuncu dəfə ora mayın 9-da getmişdim. Onlara dedim ki, siz nə üçün belə hərəkət edirsiniz? Əvvəldən bilirsiniz ki, biz gəlirik, ona görə qaçıb gizlənirsiniz? Yeganə cavabları bundan ibarətdir ki, biz heç nə bilmirik. Mən də dedim ki, bu, axırıncı dəfə olsun. Biz hər həftə, hər ay gələcəyik və növbəti dəfə gələndə sizi burada görməyim. Bizim qəti tələbimiz budur.

- Siz Xudavəng monastrına və işğaldan azad olunmuş ərazilərdəki məbədlərə nəzarət üzrə yepiskop təyin etmisiniz?

- Bu məsələlərlə Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi məşğul olur. Bizim işimiz gedib ibadət etmək, şam yandırmaq, dua etməkdir.

- Ötən həftə Paris şəhərinin meri Ann İdalqo Qafana gəlib və orada qondarma rejimin başçısı Araik Arutunyanla görüşüb. İdalqo belə bir açıqlama verib ki, Qarabağda erməni mədəni irsini qorumaq lazımdır. Aydındır ki, o, bunu deyərkən Alban-Udi İcmasına məxsus dini abidələrin statusunun saxtalaşdırılaraq ermənilərə aid olmasını nəzərdə tutub. Belə hallarla bağlı istər beynəlxalq, istər dövlət səviyyəsində sizə dəstək göstərilirmi?

- Hələ ki, vacib təşkilatlardan hər hansı kömək və dəstək almamışıq. Biz həmişə dini icmanın adından müraciət edirik. Ancaq bizim çağırışlarımıza reaksiya vermirlər. Hətta bu yaxınlarda İrəvanda alban kilsələri haqqında konfrans keçirmək istəyirlər. Vyanada da eyni mövzuda konfrans keçirmişdilər. İyul ayında belə bir konfrans keçirməyi planlaşdırırlar. Ermənilər bütün dünyaya haray salırlar ki, Azərbaycan dövləti guya Qarabağda olan kilsələri, abidələri, mədəni ocaqları dağıdıb. Amma bu, belə deyil. Biz həm UNESCO-nun, həm MDB ölkələrinin nümayəndələrinə həmişə demişik ki, gəlin öz gözlərinizlə baxın. Həmin abidələr ermənilərin özləri tərəfindən dağıdılıb.

- Bəs Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sizə kömək etmir?

- Edir. Həm Prezidentimiz, həm hökumətimiz həmişə bizə dəstək verir. Məhz dövlətimizin köməyi sayəsində biz həmin bölgələri ziyarət edirik. Dini Komitənin dəstəyi olmasa, bizim üçün çox çətin olar.

- Hazırda Şuşada Qazançı kiləsinin təmir-bərpa işləri aparılır. Həmin abidəni ermənilər öz adlarına çıxsa da məlumdur ki, bu, rus provaslav kilsəsidir. Amma tarixən orada birnefli alban kiləsi olub və 1878-ci ildə həmin kilsə Rusiya imperiyası tərəfindən sökülərək yerində provaslav kilsəsi inşa olunub. Təmirdən sonra həmin ziyarətgah alban kilsəsi kimi təqdim olunacaq, yoxsa rus kilsəsi kimi?

- Bu, çox ciddi məsələdir. Bizim icmamız buna qarışmır. Əslində, Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra Rusiya zabit və əsgərlərinin ibadət etməsi üçün Şuşa şəhərində alban kilsəsini bərpa edib istifadəyə veriblər. Çar Rusiyasının qərarı ilə Alban Apostol Kilsəsinə məxsus kilsələr Erməni Qriqoryan Kilsəsinin tabeliyinə verildikdən sonra biz ora ziyarətə getməkdən imtina etmişik. Ona görə də o kilsə boş qalıb. Amma Şuşadakı kilsəni rus hərbçilər Sovet hakimiyyəti qurulana qədər istifadə edib. SSRİ dövründə kilsələr fəaliyyət göstərməyib. 1992-ci ildə Şuşa şəhəri işğal olunduqdan sonra alban kilsəsini erməniləşdirib, adını dəyişiblər. Biz isə həmişə demişik ki, bu qriqoryan kiləsi deyil və Alban Aftokefal kilsəsidir. Sonradan rus ordusu bu kilsəni ibadət üçün istifadə edib. Əlbəttə, indi onu Rus Provaslav Kilsəsinin tabeliyinə verirlər. Biz də deyirik ki, olsun. Onsuz da alban kilsələri çoxdur, amma xristianlar azdır. Biz də istəyirik ki, həmin kilsə bərpa edilsin.

- 1836-cı il martın 11-də Rusiya imperatoru I Nikolayın fərmanı ilə alban kilsələri ləğv edilərək Erməni Qriqoryan Kilsəsinin tabeliyinə verildi. Ermənilərin iddiası həm də buradan qaynaqlanır. Alban kilsələri yenə Eçmiədzinin tabeliyində qalırmı? Qriqoryan kilsəsinin tabeliyindən çıxmaqla bağlı niyə qərar vermirsiniz?

- Biz bu məsələni UNESCO-nun, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qarşısında qaldırmışıq. Tarixçilərin dediyinə görə, I Nikolayın bu fərmanı boş qərar idi. Yəni hüquqi qüvvəyə malik deyil. Düzdür, ermənilər onun əsasında kilsələrimizi zəbt ediblər, öz adlarına çıxıblar. Rus çarının köməyi ilə ermənilər bu mübarizədə qalib gəldilər. Amma biz heç vaxt Qriqoryan Kilsəsinin tabeliyində olmamışıq, bu gün də onlara tabe deyilik. Biz xristian udilər sayca azlıq təşkil etdiyimizə və yalnız Nic qəsəbəsində yaşadığımıza görə ora tez-tez gedə bilmirik ki, erməniləri dini abidələrimizdən çıxaraq. Hətta 2020-ci il noyabrın 24-də Ağdam cümə məscidinin önündə Möhtərəm Prezidentimiz bəyan etdi ki, işğaldan azad olunmuş kilsələrin sahibləri din qardaşlarıdır. Həmin kilsələrin hamısı bərpa olunacaq. Ondan sonra biz öz sözümüzü deyəcəyik. Amma Azərbaycanda Eçmiədzin kilsəsinin tabeliyinə aid olan kilsə yoxdur.

- I Nikolayın fərmanının ləğvi ilə bağlı Rusiya Prezidentinə, Rus Ortodoks Kilsəsinə, Sinoda müraciət etmədiniz?

- Xeyr, buna ehtiyac yoxdur. Çünki çarın həmin qərarı qanunsuz olduğundan hüquqi qüvvəyə malik deyil. Biz bununla bağlı Azərbaycan Prezidentinə də müraciət edə bilərdik və Cənab İlham Əliyev həmin qərarı ləğv edə bilərdi. Ancaq bizə bildirdilər ki, buna ehtiyac yoxdur və çünki çarın qərarı öz qüvvəsini itirib.

- Azərbaycan Prezidenti Hadruta və Xocavəndə səfərləri zamanı həmin bölgələrdə ermənilər tərəfindən dağıdılmış alban kilsələrinin təmir olunaraq istifadəyə veriləcəyini bildirmişdi. Orada təmir-bərpa işləri aparılırmı?

- Hələ ki, yox. Hazırda orada Mədəniyyət Naziriliyi tərəfindən monitorinq aparılır. Ziyanın məbləği və həcmi müəyyənləşdirilir. Bu işlər yekunlaşdıqdan sonra təmir-bərpa işlərinə başlanacaq.

Müşfiq Abdulla

Cebhe.info

Oxşar xəbərlər