“Bir sıra KİV-lərin yaydığı məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri ötən gün İranda yerləşən hədəflərə zərbələr endirmək üçün Rockwell B-1B Lancer strateji bombardmançı təyyarələrindən istifadə edib. Bu barədə müxtəlif mənbələr məlumat yayıb. 2025-ci ilin iyun ayından sonra bu, İranla qarşıdurma çərçivəsində B-1B ağır bombardmançılarının ilk döyüş əməliyyatı hesab olunur. Onların istifadəsi ABŞ-ın hərbi kampaniyasının əhəmiyyətli dərəcədə genişləndiyini və bölgədə gərginliyin artdığını göstərir”.
Paytaxt.org Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.
“Gərginliyin artması fonunda ABŞ Yaxın Şərqə elit xüsusi təyinatlı bölmələr, “Stealth” (görünməz) qırıcıları, strateji bombardmançı təyyarələr və hərbi-tibb briqadaları göndərir. Bu isə Vaşinqtonun İrana qarşı mümkün bütün ssenarilərə hazırlaşdığını göstərən siqnaldır.
“Vol Strit Jurnal” (VSJ) da yazır ki, ABŞ İrana qarşı mümkün hərbi əməliyyatların genişlənməsinə hazırlaşaraq Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirir.
Ötən həftə ərzində ABŞ ərazisindən Yaxın Şərqə xüsusi təyinatlı bölmələr köçürülüb. Bunu aviauçuşların monitorinq məlumatları və Amerika mənbələrinin yaydığı xəbərlər təsdiqləyir.
Eyni zamanda qırıcı eskadrilyaları Yaxın Şərqin müxtəlif bölgələrində yerləşdirilib, ABŞ və Böyük Britaniyada yerləşən strateji bombardmançı təyyarələr isə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, – deyə o bildirib.
Artak Zakaryan qeyd edib ki, ABŞ-da demokratların müqavimətinə baxmayaraq, Nümayəndələr Palatası dünən 95 milyard dollarlıq əlavə büdcə paketini qəbul edib:
“Paketə Pentaqon üçün əlavə 60 milyard dollar da daxildir. Məlumata görə, bu vəsait İrana qarşı aparılan müharibənin xərclərinin qarşılanması məqsədi daşıyır. Qanun layihəsi 216 lehinə, 214 əleyhinə səslə qəbul olunub.
Bundan əlavə, ABŞ Nümayəndələr Palatası 2027-ci maliyyə ili üçün rekord həcmdə – 1,15 trilyon dollar məbləğində müdafiə büdcəsini nəzərdə tutan qanun layihəsini də təsdiqləyib. Bu, 2026-cı il üçün planlaşdırılan müdafiə xərclərindən təxminən 190 milyard dollar çoxdur.
İran və Hörmüz boğazı ətrafında hərbi eskalasiyanın yenidən artması fonunda Yaxın Şərqdəki çoxşaxəli münaqişəyə region və regiondan kənar bir sıra dövlətlər də cəlb olunur. Paralel olaraq Türkiyə, Səudiyyə Ərəbistanı, Yəmən, Suriya, İordaniya və İraq ətrafında da proseslər sürətlənir.
Enerji resurslarına, mövcud və planlaşdırılan nəqliyyat-kommunikasiya marşrutlarına nəzarət etmək, onları genişləndirmək, yenidən bölüşdürmək, pay əldə etmək, marşrutları dəyişmək və ya onlara mane olmaq istəyən müxtəlif dövlətlərin maraqları Yaxın Şərqi və ona bitişik ölkələri, o cümlədən Ermənistanı da, hər an alovlana biləcək təhlükəli “barıt çəlləyinə” çevirib”.