Azərbaycan prezidenti İlham Əliyev Nikol Paşinyana Ermənistanda hakim komandanın üzvlərinin çıxışlarına görə iradını bildirib.
Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, hakim komandanın deputatı Hakop Aslanyan ay yarım əvvəl “belimizi düzəltmək üçün 1-1,5 il vaxt lazımdır və o zaman biz azərbaycanlılarla başqa cür danışacağıq” açıqlamasını vermişdi: “Paşinyan komanda üzvləri ilə sonuncu qapalı görüşdə Aslanyanı sərt tənqid edib. Görünür, Əliyev Paşinyanla sonuncu dəfə görüşdə həmin açıqlamanı onun qarşısına qoyub və bildirib ki, sizin komandada qisasçılar var, biz sizə necə inanaq?!”
Nəşr qeyd edir ki, Ermənistan hakimiyyətinin sonuncu qapalı görüşü kifayət qədər gərgin keçib.
“Bəzi deputatlar birtərəfli güzəşt siyasətinə üsyan edib, onlar arasında Aslanyan da olub. Paşinyan da bildirib ki, Azərbaycan lideri ilə keçirdiyi söhbətdə belə bəyanatların sülh prosesinə zərərli olduğu haqda danışıblar. Aslanyan bizimlə söhbətdə Paşinyanın onu tənqid etdiyini inkar etməyib, əksinə fərxlə etiraf etdi ki, Əliyev onun fikirlərindən danışıb”, – nəşr qeyd edir.