Homepage / Lalə Ümid yeni kitabını təqdim etdi – Foto

Lalə Ümid yeni kitabını təqdim etdi – Foto

Bakının göz bəbəyi İçəri Şəhərdə filoloq-dilçi, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin (MHUİB), Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi, eləcə də Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) üzvü Lalə Ümid (Bağırovanın) sayca doqquzuncu “Ağabala” kitabının təqdimat gecəsi keçirilib.

Tribunainfo.az xəbər verir ki, Bakıda, ictimai xadim Marlen Bağırovun ailəsində anadan olan Lalə Bağırova BDU-nun filalogiya fakültəsinin tərçüməçilik ixtisasını bitirib yaradıcılıq fəaliyyətinə başlayıb. “Ağabala” müasir Azərbaycan yazıçısı Lalə Ümid hekayələr kitabıdır. Yazıçının bu günə qədər “Sevgi dərsi”, “Vicdanla sevdalaşma”, “İntuitsia”, “Cəhənnəmə gedən yolu necə tapdım”, “Zənglərin zamanı”, “Kirpiciklə Şirincikin macəraları” 1 və 2 hissə, “Kotlet adlı pisiklə Küftə adlı itin nağılı” kimi kitabları işıq üzü görüb.
Respublikanın əməkdar artisti, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi İdarə Heyyətinin sədri Gövhər Həsən-zadə gecəni açıq elan etdikdən sonra tədbir iştirakçıları müəllifin yaradıcılığından, onun bütün hekayələrində doğma Bakını təsvir etməsindən bəhs edən maraqlı çıxışlar ediblər. Əməkdar jurnalist, pedaqoq, “Azad Azərbaycan” Teleradio Şirkətinin Bədii Şura sədri, Bakı Slavyan Universitetinin professoru, eləcə də MHUİB-nin üzvü (şair, tərcüməçi, drammaturq Az.YB-nin üzvü Adil Babayevin varisi) Etibar Babayev kitab haqqında öz dəyərli fikirlərini bu cür dilə gətirib:

” Yazıçının ən sevimli mövzusu olan Abşerona sevgi, onun yazdığı hekayələrdə, sanki nəsillərin müdrikliyini, doğma xalqa sevgisini, xeyirxahlığını, kimliyini oxucuya sadə və çox səmimi dillə çatdırmışdır”.

Daha sonra MHUİB-in daha bir üzvü (Azərbaycan görkəmli bəstəkarı, pianoçu, dirijor, Azərbaycan SSR xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyevin varisi) Əməkdar İncəsənət Xadimi Lalə Quliyeva dəyərli fikirlərini bölüşüb:

“Burada hər sətir bir sevgi etirafıdır! Kitab insana ümidqarışıq rahatlıq gətirir, yüksək əhval-ruhiyyə yaradır. Hekayələr təkcə qəhrəmanların həyatının gözlənilməz şəkildə bəlli olması, incə psixoloji tərəfləri, bəzən mistik süjetlərlə deyil, həm də müəllifin yaşamaq haqqında tövsiyələri, Abşeron günəşinin gözəlliyindən zövq alması, sevgi hissləri aşılaması ilə maraqlıdır…”.

Gecədə azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti , “Şou Plus” kanalın baş direktoru Samir Cəfərov, eləcə də kanalın prezidenti Malik Məmmədov, MHUİB-in İdarə Heyətinin üzvü, Respublikanın Əməkdar artisti, bəstəkar Vüqar Camalzadə, “Finlandiya -Azərbaycan Dostluğu” Cəmiyyətinin sədri Təranə Nəzərova, şair, jurnalist Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, AYB-nin Mətbuat Xidməti və Türkiyə İlm ve Edebiyyat Eseri Sahibleri Meslek Birliğinin (İLESAM) Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Xəyal Rza , Tribunainfo.az saytının rəhbəri Əlişir Əhəd və şairə AYB-nin üzvü Xanım Aydın qonaqlar siyahısına daxil idilər.
İran bəstəkar və ifaçısı Arif Mehmandost öz ifası ilə gecəyə əsrarəngiz gözəllik qatıb. Xüsusilə dəyərli qələm ustamız şair, dramaturq, AYB-nin üzvü Nəriman Həsənzadənin sözlərinə bəstələdiyi “Qayıt” mahnısı tamaşaçılar tərəfindən böyük coşquyla qarşılanıb.
Müəllif tədbir iştirakçılarına öz imzalı kitablarını təqdim edərək, bu dəyərli gündə ona dəstək verib iştirak etdikləri üçün eləcə də tədbirin təşkil olunmasında əziyyəti olan “İZ.Community”-yə dərin minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkildi.
Biz də MHUİB-nə və Lalə xanıma yaradıcılıq uğurları arzulayır, belə gecələrin daha çox olmasına ümid edirik.

 

29-04-2024, 11:55
Go back