SİYASƏT

SON DƏQİQƏ! Prezidentin Şuşadan Ermənistana “SON ŞANS” xəbərdarlığı nəticəsini VERDİ

post-img

Zəfər Qurultayındakı ismarıclar hədəfə dəydi; dövlət başçısının Ermənistanın ərazi bütövlüyünü tanımayacağımızla bağlı çıxışının ardınca Bakı ilə təmaslar başladı; deputat: “Görünən odur ki, sülh danışıqlarına mane olan qüvvələr var və…”

Prezident İlham Əliyev ötən həftə Şuşada keçirilən Dünya Azərbaycanlılarının 5-ci Qurultayındakı – Zəfər Qurultayındakı – çıxışında bir neçə vacib istiqamətlərlə bağlı danışdı. Onlardan ən əsası Ermənistanla sülh müqaviləsi haqda olandır.

Prezident deyib ki, yaxın vaxtlarda Ermənistanla 5 bənddən ibarət sülh müqaviləsi imzalana bilər. Sitat: “Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə biz hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik və Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik”. Dövlət başçısı çıxışında daha sonra deyib ki, hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır. Dövlət başçısı bildirib ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil.

Sitat: “Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk”.

İlham Əliyev növbəti dəfə revanşistlərə ciddi ismarış yollayıb: “Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, (sülh müqaviləsi-red.) Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”. Beləliklə, İlham Əliyev Azərbaycanın mövqeyini tam ortaya qoydu və Ermənistanla sülh müqaviləsinin imzalanacağı zamanın o qədər də uzaqda olmadığını bildirdi. Bəs bu perspektivə Rusiyadan təhdid varmı? Kreml Ermənistanla Azərbaycan arasında sülhün olmaması üçün hərəkətə keçə bilərmi? Yoxsa əksinə, Putin hakimiyyəti bu məsələdə sülhdən yanadır? Qərbin mövqeyi necə olacaq? Avropa Birliyi, ABŞ, Böyük Britaniya Cənubi Qafqazda sülhün yaranmasını, Qarabağ məsələsinin birdəfəlik həll edilməsini istəyirlərmi? Bütün hallarda Azərbaycan Ermənistanı sülhə vadar etməlidir – ya danışıqlarla, ya dəmir yumruqla. Bu arada, aprelin 23-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Ötən gün axşam saatlarında məlum oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. “Yeni Müsavat” xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub. Prezident İlham Əliyev sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğulayıb, ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Göründüyü kimi, həm Rusiya, həm də Avropa İttifaqı “növbəli şəkildə” Bakı və İrəvanla təmasları davam etdirirlər. Eyni zamanda Rusiya təmsilçisinin Azərbaycana gəlişində Prezident Əliyevin Şuşa xəbərdarlığının da xüsusi rol oynadığı şübhəsizdir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən Zəfər Qurultayında söylədiyi nitq əslində yeni tarixi mərhələdə qarşımızda duran milli və qlobal çağırışlarla bağlı bir növ fəaliyyət proqramı idi. Bu xüsusda dövlət başçısının postmüharibə mərhələsinin reallıqlarına toxunması və Ermənistan – Azərbaycan münasibətlərinin mümkün inkişaf perespektivlərini dəyərəndirməsi ayrıca əhəmiyyət kəsb edir”.

Deputat Hikmət Babaoğlu bu sözləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Onun fikrincə, Prezidentin bu mövzuda səsləndirdiyi fikirləri iki hissəyə bölüb, hər birini ayrıca qiymətləndirmək verilən mesajları dəqiq anlamaq baxımından daha yaxşı olardı: “Birincisi, Prezident İlham Əliyev Ermənistanı sülhə çağıraraq qeyd etdi ki, bütün ağrılı məqamlara, işğala, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik. Ancaq eyni zamanda bu sülh çağırışına nə Ermənistanın, nə də beynəlxalq təşkilatların lazımi maraq göstərmədiyini bildirən İlham Əliyev daha sonra sülh gündəliyinin dəqiqləşdirilərək, ona beş maddədən ibarət real məzmun verildiyini və Ermənistanın artıq bunu qəbul etdiyini bildirdi. Müşahidələr onu deməyə əsas verir ki, 6 aprel Brüssel görüşündən sonra Paşinyanın Ermənistan parlamentindəki çıxışında səsləndirdiyi fikirlər Azərbaycan tərəfindən irəli sürülən beş bənddən ibarət təkliflər əsasında sülh danışıqlarına başlamağın mümkünlüyü ilə bağlı olsa da, sonradan onun mövqeyi tamamilə fərqli istiqamətdə dəyişdi. Ona görə də Prezident İlham Əliyev, yuxarıda qeyd etdiyimiz kimi, mümkün sülhlə bağlı fikrinin ikinci hissəsini daha sərt üslubda tamamlayaraq bildirdi ki, əgər bundan –  beş bəndlik məzmun əsasında təklif edilən sülhdən –  imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik”. H.Babaoğlu bu xəbərdarlığın ciddiliyinə diqqət çəkdi: “İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq. Qalib və regionda sülh istəyən ölkənin prezidenti kimi İlham Əliyevin bu fikirləri həm beynəlxalq hüquq baxımından, həm də yaranmaqda olan yeni dünya nizamı proseslərinin məntiqi baxımından tamamilə haqlı və yerindədir. Çünki sülhün əksi müharibədir və müharibədə Azərbaycanın nəyə qadir olduğunu Ermənistan hamıdan yaxşı bilir. Ona görə də sülh prosesinin, nəhayət, real siyasi-diplomatik müstəvidə həyata keçirilməsinin başqa alternativi olmamalıdır. Məsələyə Rusiya və Avropa İttifaqı prizmasından baxdıqda isə ilk baxışda hər iki tərəfin mövqeyinin yaxın olduğu, hər iki güc mərkəzinin Cənubi Qafqazda sülh istədiyi təəssüratı yaransa da, ancaq rəsmi açıqlanan mövqedən fərqli olaraq tərəflərin bu prosesdə öz maraqlarının da olduğu aydın görünür”.

Bu məqamda deputat vacib bir nüansa toxundu: “Məsələ ondadır ki, Rusiya və Avropa İttifaqı əldə ediləcək mümkün sülh prosesində öz iştirakçılıq səviyyələrini geosiyasi rəqabətlərinin tərkib hissəsi kimi görürlər. Ona görə də Moskvanın regionla bağlı hər hansı təşəbbüsü baş tutar-tutmaz Brüssel başqa bir təşəbbüslə çıxış edir və yaxud əksinə… Baxmayaraq ki, bütün təşəbbüslərdə gündəm və müzakirə olunan məsələlər bir o qədər də bir-birindən fərqlənmir. Belə yanaşma Azərbaycanın mövqeyində heç bir dəyişiklik yaratmır və yarada da bilməz. Çünki Azərbaycan qalib ölkə kimi güclüdür və nümayiş etdirdiyi real hərbi güc onun masada da siyasi-diplomatik gücünün təminatçısı kimi çıxış edir”.

Ermənistana gəldikdə, H.Babaoğlu dedi ki, burada vəziyyət tamamilə fərqlidir: “Hər şeydən öncə ona görə ki, Ermənistan məğlub ölkədir. Üstəlik, Paşinyana mümkün sülhlə bağlı daxildən və xaricdən güclü təzyiqlər mövcuddur, sülhü istəməyən çoxsaylı qüvvələr var. Bu isə Paşinyanın mövqeyində autizm-simulyasia sindromu yaradır. Yəni təzyiqlərdən simulyasiya edərək, yayınıb hər hansı real addım atmağa meyllənəndə bir də görür ki, bu baş tutmayıb və yenidən qeyri-iradi əvvəlki mövqeyinə qayıtmağa məcbur olub, eyni yerdə dönüb dolaşır. Buna diplomatiyada autizm-simulyasiya deyirlər. Ona görə də 6 apreldə ayın sonunadək delimitasiya və demarkasiya üzrə komissiya yaradılacağı ilə bağlı üzərinə götürdüyü öhdəlik belə, hələ də icra edilməmiş qalır. Azərbaycan Prezidenti isə Şarl Mişellə telefon danışığı zamanı bildirdi ki, rəsmi Bakı artıq komissiya üzvlərinin tərkibini belə müəyyənləşdirib. Görünən odur ki, sülh danışıqlarına mane olan qüvvələr var və bu da Paşinyanın tez-tez öz mövqeyini dəyişməsində bariz şəkildə özünü büruzə verir. Ancaq Azərbaycan sülhdə israrlıdır və buna nail olacaq” .

Politoloq Tural İsmayılov isə bildirdi ki, Azərbaycan qalib tərəf olaraq sülh gündəliyini müəyyənləşdirir: “Düşünürəm ki, qalib tərəf kimi bizim diqtə etdiyimiz şərtləri qəbul etməkdən başqa Ermənistanın heç bir şansı yoxdur. Ermənistanın iqtisadi və siyasi gələcəyi regional əlaqələrin və kommunikasiyanın formalaşdırılmasından asılıdır. Bundan başqa, bu prosesə maneçilik törədən qüvvələrin Ermənistandan vint kimi istifadə cəhdləri dərinləşə bilər. Çünki Rusiya bu prosesdə ikitərəfli əlaqələrdən narahat ola bilər. İki ölkənin əlaqələrinin dərinləşməsi həm də Rusiyanın və eyni zamanda digər tərəflərin regionda mövcudluğu ilə bağlı skeptikaya qapılmağına səbəb olar. Hətta qlobal siyasi sistemdə nə qədər konseptual yanaşma fərqləri olsa da, Cənubi Qafqaz regionuna yanaşmada Rusiya və Qərb ortaq yanaşma göstərirlər. Ukrayna böhranından sonra Rusiyaya qarşı bütün coğrafiyalarda tam fərqli mövqelər ortaya qoyulur artıq. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Azətbaycanla münasibətlərini dərinləşdirməyi də prosesə mühüm töhfə verir. Ermənistanla sülh prosesini sabotaj edən istənilən başqa tərəf regiondan təcrid olunacaq. Ona görə də həm Rusiya, həm də Qərb sülh prosesinə töhfə verməyə məhkumdur”.

Və həftənin ilk günü Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ikinci dəfə birbaşatelefon danışığı baş tutub. Məlumata görə, nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.

Məlum olduğu kimi, Brüssel görüşündə işçi qrupları ilə bağlı da razılaşma əldə olunmuşdu. İstisna deyil ki, Ermənistan rəhbərliyi də son radikal bəyanatlarına Bakıdan-daha doğrusu, Şuşadan – verilən cavabı, Prezident Əliyevin “SON ŞANS” haqda dediklərini nəzərə alaraq, təmaslara qərar verib.

Oxşar xəbərlər