Siyasət

TÜRKPA-nın toplantısı böyük əhəmiyyət daşıyır

post-img

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindəndir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının bir qrupunu qəbul edib. Qəbulda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri ilə bərabər Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın rəsmi nümayəndələri də iştirak ediblər.


Görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, "Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub". Ölkə başçısı qeyd edib ki: "Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir".


Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcəkdir. Azərbaycan Prezidenti bildirib ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz: "Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək".


Qeyd edilib ki, Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir, çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Həmçinin Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac vardır.


Xatırladaq ki, istismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı – Aktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşınmaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s. daşınmasını xeyli səmərəli edir.
Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və hazırda orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Fərəhli haldır ki, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər edib.
Bu gün işğaldan azad edilən topparlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. bu torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcəkdir. “Bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm" – deyə Prezident bildirib.


Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıdıblar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.


Ölkə başçısı görüşdə bildirib ki, “TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək. Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi sevindirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur".


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxşar xəbərlər