Beynəlxalq hərbi gücə dair məlumat toplayan ABŞ-nın “Global Firepower” internet saytı 2023-cü ildə ən yüksək hərbi gücə malik ölkələrin siyahısını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, siyahı hazırlanarkən ölkə ordularının texnoloji inkişafı, insan gücü, uzun müddət meydanda qalma və hərəkətlilik kimi xüsusiyyətləri nəzərə alınıb. 44 günlük Qarabağ döyüşündə qələbə qazanan Azərbaycan ordusu reytinq sıralamasında Ermənistanı 37 pillə qabaqlayıb. Belə ki, siyahıda Azərbaycan ordusu 57, Ermənistan isə 94-cü yerdə qərarlaşıb. Bundan başqa ordumuz gücünə görə qonşu Gürcüstanı da qabaqlayıb. Gürcüstan ordusu bu siyahıda 85-ci yerdə qərarlaşıb.
Beynəlxalq reytinq sıralamasında Azərbaycan Xorvatiya, Belçika, Slovakiya, Belarusiya, Bolqarıstan və Serbiya kimi ölkələrin ordularından öndədir.
Qeyd edək ki, qardaş Türkiyə ordusu adıçəkilən siyahıda 11-ci yerdə qərarlaşıb. Siyahıda birinci yerdə ABŞ, ikinci yerdə Rusiya, üçüncü yerdə isə Çin ordusudur.