Homepage / Trampın yeni Türkiyə planı: 35 illik düşmənlə bağlı qərar dəyişir

Trampın yeni Türkiyə planı: 35 illik düşmənlə bağlı qərar dəyişir

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə maraqla gözlənilən məsələlərdən biri də Vaşinqton-Ankara münasibətlərinin necə olacağıdır.

Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələri yaxşı olsa da, iki ölkənin Yaxın Şərqdə üst-üstə düşməyən maraqları var. Xüsusən də ABŞ-ın Suriyada YPG, PYD, PKK kimi terror təşkilatlarına açıq dəstək verməsi, Ankaranın bu qruplaşmalara qarşı hərbi əməliyyat keçirməsinə mənfi təsir edir.

Tramp Ərdoğanla Yaxın Şərq üzrə razılaşmaya nail ola bilərmi? Ankara Suriyanın şimal-şərqində PYD və YPG-yə qarşı əməliyyat keçirəcək?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Donald Trampın ikinci prezidentlik dönəmində ABŞ-Türkiyə münasibətlərində müəyyən dərəcədə dəyişikliklərin olması gözləniləndir:

“Trampın iqtisadi prioritetləri nəzərə alınaraq, Vaşinqton və Ankara arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi təşviq oluna bilər. Həmçinin Ağ Evin yeni rəhbərinin Türkiyə Prezidenti ilə şəxsi münasibətləri bir qədər pozitiv idi. Bu əlaqələr davam edərsə, ikitərəfli münasibətlərdə yumşalma müşahidə olunacaq.

S-400 və F-35 mövzuları ilə bağlı da müəyyən irəliləyişlərin olması güman edilir. Vurğulamaq lazımdır ki, ABŞ-ın sanksiyaları və müdafiə sənayesi sahəsindəki mübahisələr hələ də həll olunmamış qalır. Ağ Ev rəhbəri sanksiyaların icrasını yumşalda bilər, amma bu, tamamilə ABŞ Konqresinin təsirindən asılıdır”.

vuqar ziferoglu 2323
Vüqar Zifəroğlu


Ekspertin sözlərinə görə, Trampın birinci prezidentlik dönəmindən qalmış əsas problemlərdən biri də Suriya və PKK/YPG terror təşkilatlarına dəstək məsələsidir:

“Xatırlatmaq yerinə düşər ki, məhz Donald Tramp administrasiyasının zamanında ABŞ-ın YPG ilə əməkdaşlığı Türkiyəni narazı salmışdı. Bu siyasətin davam etdirilməsi münasibətləri yenidən gərginləşdirə bilər. Ankaranın haqlı olaraq problemə münasibəti də konkretdir: bölücü terrorun kökünü kəsmək! Vaşinqtonun bu istiqamətdə manipulyasiyaları isə münasibətlərə neqativ təsir göstərəcək.

Lakin Trampın NATO-ya qarşı tənqidi yanaşması, ABŞ-Türkiyə arasında hərbi əməkdaşlığı yeni platformaya da daşıya bilər. Ələlxüsus, Yaxın Şərqdə gedən yeni proseslər müstəvisində bu, daha çox Vaşinqtona lazımdır”.

V.Zifəroğlu bildirib ki, ümumilikdə Trampın Türkiyə ilə bağlı siyasətində müəyyən yumşalma ehtimalı var:

“Lakin konkret nəticələr əsasən regional problemlər, hərbi əməkdaşlıq və iqtisadi maraqlardan asılı olacaq. ABŞ-ın daxili siyasətindəki qüvvələr və Konqresin qərarları da bu münasibətlərə ciddi təsir göstərə bilər”.

Qeyd edək ki, Türkiyə bölücü PKK terror təşkilatına qarşı 1978-ci ildən bu yana mübarizə aparır.

23-01-2025, 15:05
Go back