Homepage / Ermənistanı gücləndirməyə çalışan Qərb Azərbaycana niyə yardım etmir?

Ermənistanı gücləndirməyə çalışan Qərb Azərbaycana niyə yardım etmir?

“Qərbin Cənubi Qafqazda yalnız bir ölkəni ayıraraq onu gücləndirməyə çalışmasının səbəbləri hələ də region üçün aydın deyil. Əgər Qərb doğrudan da Cənubi Qafqazda inkişafın, problemlərin həllini istəyirsə, o zaman hər üç ölkə ilə yaxud da üçü ilə birgə görüşlərin  keçirilməsi düzgün olar”.

Bu fikirləri Musavat.com-a millət vəkili Aydın Mirzəzadə deyib. A. Mirzəzadə Ermənistanın işğalçı dövlət olduğunu xatırladıb: “Ermənistan işğal etdiyi Azərbaycan ərazisini barbarcasına dağıdıb. Ermənistanın yenidən dirçəldilməsinə dəstək verilməsi heç də yenidən bu dövlətin qonşu ölkələrə ərazi iddiasının, yeni təcavüzlər törətməsinin qarşısını ala bilməz. Verilən maddi yardımın sabah hərbi sahəyə yönəldiləcəyinə, yaxud da hər zaman olduğu kimi hakim dairələr tərəfindən mənimsənilməyəcəyinə heç kim zəmanət verə bilməz. Ermənistanın işğalçı siyasətinə, regionda stabilliyi pozmaq cəhdlərinə ABŞ və Aİ tərəfindən nə 2000-ci illərdə, nə də ondan sonra qiymət verilmədi. Nə bahasına olursa-olsun Ermənistanı gücləndirməyə çalışırlar.  Ermənistan qonşu dövlətlərlə münasibətlərini düzəltməyənə qədər nə iqtisadi cəhətdən güclənməsi, nə də siyasi nüfuzunun artması mümkün deyil. Ermənistan hələ də Azərbaycanla sərhədlərini müəyyənləşdirməyib. Hələ Azərbaycanla sülh müqaviləsi bağlanmayıb. Zəngəzur dəhlizinin açılmasına da daim maneə yaradır. Brüssel görüşü ərəfəsində Avropa Birliyinin rəsmiləri Ermənistana öldürücü olmayan silahların verilməsi barədə qərarlar qəbul ediblər. Silah öldürmək üçündür. Öldürücü olmayan silahın nə demək olduğunu Avropa Birliyinin rəsmiləri ictimaiyyət üçün açıqlamayıblar”.

A.Mirzəzadə Brüssel görüşünü şərh edərkən bildirdi ki, Ermənistan istədiyini tam ala bilmədi:

“Hakimiyyət orqanları da, müxalifət nümayəndələri də hesab edirdilər ki, bu görüşdə Ermənistanın işğalçı siyasətinə dəstək veriləcək, ərazi iddiaları prioritet kimi göstəriləcək. Görünən odur ki, bir tərəfdən Ermənistanın problemlərinin həllini Qərb öz çiyninə götürüb. Digər tərəfdən isə Azərbaycanın narahatlığı onların diqqətinə çatdırıldı. Bu gün Qərb Cənubi Qafqazda stabilliyin, sülhün dayanıqlı olduğu şərait göstərmək istəyirsə, ilk növbədə Ermənistanın fəaliyyətinə siyasi qiymət verməlidir. Azərbaycanın torpaqlarının işğal edilməsinə baxmayaraq, Qərb işğaldan azad edilən ərazilərin bərpa edilməsində qətiyyən iştirak etmir. Ermənistana xərclənmə istiqaməti naməlum olan böyük yardımlar etmək əvəzinə, Qərb Azərbaycanın bir neçə kəndinin bərpa edilməsinə, minalanmış sahələrin təmizlənməsinə, kommunikasiyaların qurulmasına, iş yerlərinin yaradılmasına yardımçı olardı. Göründüyü kimi, Qərbin  bu məsələlərə yardım etmək fikri yoxdur. Brüssel görüşü isə Ermənistana müəyyən siyasi dəstək olsa da, ümidlər versə də, erməni cəmiyyətinin qonşu dövlətlərlə mehriban yaşamaq fikrinə gəlmədiyi müddətdə problemlərini kökündən həll etməyəcək”. 

6-04-2024, 14:23
Go back