Homepage / Moskvadakı 9 may paradına Azərbaycandan kim qatılacaq?

Moskvadakı 9 may paradına Azərbaycandan kim qatılacaq?

Bu gün Rusiya Prezidenti Vladimir Putinin növbəti dəfə prezident seçilməsi ilə əlaqədar andiçmə mərasimi keçirilir. Bu gün və 9 may Qələbə paradında Azərbaycan təmsil olunacaqmı? Olunacaqsa, hansı səviyyədə?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib ki, İlham Əliyevin Vladimir Putinin andiçmə mərasimində, eləcə də 9 mayda keçiriləcək qələbə paradında iştirakı nəzərdə tutulmur.

Onun sözlərinə görə, bununla bağlı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da artıq rəsmi olaraq məlumat verib:

“Məlumdur ki, Prezident İlham Əliyev aprel ayının sonunda Rusiyada rəsmi səfərdə olub. Prezidentlər arasında 5 saat davam edən görüşdə də, sonrakı tədbirlərdə də Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb. Odur ki, qısa vaxt ərzində yenidən Rusiyaya səfər etməyə elə bir ehtiyac da qalmayıb”.

Politoloq onu da vurğulayıb ki, Vladimir Putinin andiçmə mərasiminə hər hansı ölkə başçısının iştirakı üçün dəvət göndərilməyib:

“Kremlin rəsmi məlumatına görə andiçmə mərasimində deputatlar, Konstitusiya Məhkəməsinin hakimləri, dövlətin rəsmi şəxsləri, Rusiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, prokurorluq və İstintaq Komitəsinin rəhbər şəxsləri, ayrı-ayrı regionların başçıları, eləcə də tanınmış idman, mədəniyyət, elm xadimləri, iş adamları, aparıcı ictimai təşkilatların və gənclər təşkilatlarının rəhbərləri iştirak edib. Xarici qonaq qismində isə Rusiyada fəaliyyət göstərən bütün diplomatik korpusların rəhbərləri dəvət olunub”.

Politoloq Samir Hümbətov deyib ki, ola bilər, Azərbaycan tərəfi Baş nazir, parlament sədri və ya digər səviyyədə təmsil olunsun:

“İndiki vəziyyətdə Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyini düşünmürəm. Çünki ölkə başçısı oradan yeni qayıdıb. Digər tərəfdən isə ortada elə də ciddi məsələ yoxdur ki, mütləq səfər edə. Düşünürəm ki, 9 may paradında ali rəhbərlik səviyyəsində iştirak gözlənilmir. Baş nazir müavini səviyyəsində qatılma mümkün ola bilər”.

8-05-2024, 02:14
Go back