Homepage / İŞİD Moskvada konsert salonuna niyə hücum etdi? Onun məqsədləri haqda ekspertlər nə deyir? - BBC-nin TƏHLİLİ

İŞİD Moskvada konsert salonuna niyə hücum etdi? Onun məqsədləri haqda ekspertlər nə deyir? - BBC-nin TƏHLİLİ

ABŞ, Avropa, Rusiya və Çin bir-biri ilə çəkişərək üçüncü dünya müharibəsinə hazırlaşarkən, Rusiyada və bir çox başqa ölkələrdə terrorçu kimi tanınan "İslam Dövləti" (İŞİD və ya İD) qruplaşması onlara qarşı artıq müharibə aparır.

İŞİD üçün kimə hücum etmək önəmli deyil, əsas odur ki, rezonans doğursun. Son vaxtlar böyük dövlətlərin Ukraynada və Qəzza zolağında gedən münaqişələrlə məşğul olmasından istifadə edən islamçılar fəallaşıblar, Amerikada nəşr olunan "Wall Street Journal" və Qətərin Əl-Cəzirə nəşri yazıb.

“ABŞ və demokratik dünyanın avtoritar güclərlə – Rusiya, İran və Çinlə mübarizəsi Ukrayna və Qəzzada gedən müharibələr fonunda daha da artıb.

Ancaq "İslam Dövləti" üçün onların hamısı müsəlman inancının düşmənləridir və məhv edilməlidir”, - karyeralarını Əfqanıstan və Yaxın Şərqdə İŞİD-lə bağlı münaqişələri işıqlandırmağa sərf etmiş iki WSJ müxbiri yazır.

Jurnalistlər xatırladırlar ki, İŞİD-in Rusiyaya qarşı nifrətinin tarixi xeyli əvvələ gedib çıxır.

2015-ci ildə qruplaşma Misirdən havaya qalxan Rusiya təyyarəsinin partlamasına görə məsuliyyəti öz üzərinə götürüb. Təyyarədə 224 nəfər olub. 2022-ci ildə İŞİD-in Rusiyanın Kabildəki səfirliyinə hücumu nəticəsində iki rus diplomatı və dörd əfqan həlak olub. Ötən cümə günü isə İŞİD döyüşçüləri Moskvada Crocus City Hall-un konsert zalına hücum edib, 130-dan çox adamı öldürüblər.

İslamçıların Kremlə qarşı tarixi iddiaları arasında Əfqanıstan və Çeçen müharibələri də var.

Hazırda İŞİD Rusiyanın Suriya və Qərbi Afrikadakı qüvvələrə qarşı əməliyyatlarına da qəzəblidir.

"İslam Dövləti" niyə Moskvada konsert zalına hücum etdi?

Əl-Cəzirə nəşri "İslam Dövləti"nin son illərdəki propaqandasının Rusiya prezidenti Vladimir Putini müsəlman düşməni, Rusiyada, eləcə də xaricdə müsəlmanları hədəf alan zülmün mənbəyi kimi göstərməyi hədəflədiyini yazır.

ABŞ-ın Clemson Universitetinin dosenti, “İD Əfqanıstan və Pakistanda" kitabının həmmüəllifi Amira Jadoon Əl-Cəzirənin xəbərinə görə, "Rusiyanın xüsusilə Suriyada, ID-nin özünə və ona bağlı qruplaşmalara qarşı əməliyyatlara qoşulması və Talibanla əlaqə qurmaq cəhdi Rusiyanı vacib düşmənə çevirir".

Vladimir Putin Rusiya lideri

Rusiya Prezidenti Vladimir Putin silahlı hücumda ölənlərin xatirəsinə şam yandırır.

Crocus-a hücumun "İslam Dövləti"nin Əfqanıstandakı "Xorasan vilayəti" adlı qoluna aid edildiyi bildirilir.

WSJ-in jurnalistləri qeyd edirlər ki, o 2015-ci ildə Üsamə bin Ladenin vaxtilə gizləndiyi Əfqanıstanın şərqində yaranıb və ilk vaxtlar onun hədəfləri əsasən yerli olub - İD-nin etiqadsız hesab etdiyi Əfqanıstanın şiə icması və ABŞ-la sülh danışıqlarında iştirakına görə tənqid edilən Taliban hərəkatı.

Hazırda İD-Xorasan qüvvələrinin Rusiyaya hücumunun ən inandırıcı motivi Taliban faktorudur.

Washington-da yerləşən Cənubi Asiya İnstitutunun Wilson Mərkəzinin direktoru Michael Kugelman Əl-Cəzirə telekanalına “Taliban İD-nin ən qatı düşmənidir və İD Rusiyanı Talibanın dostu hesab edir” deyib.

Son vaxtlar "İslam Dövləti"nin Əfqanıstan qolu sərhədlərini genişləndirmək qərarına gəlib, WSJ ekspertləri "terror təşkilatının tam məğlubiyyətə uğradığı beşiyini - Suriya və İraqı tərk etməsinə" dair dəlillər gördüklərini bildirirlər.

"Rusiyaya hücum bu çərçivədədir", - qəzet Militant Wire hərbi araşdırmalar mərkəzinin həmtəsisçisi Lucas Wеbberdən sitat gətirir.

Miqrantların hərbi xidmətə cəlbi

“İslam Dövlətinin strategiyası nadirən, lakin dəqiq hücum etməkdir”, - İslamabaddakı “Xorasan Gündəliyi” cihadçı analitik mərkəzindən Ricardo Valle qəzetə bildirib.

O deyir ki, məqsəd ardıcılları cəlb etmək üçün möhkəm və güclü olmaqla bağlı imic formalaşdırmaqdır.

“İD zərbə vurmaq üçün doğru anı səbirlə gözləməyə hazırdır”.

“Bu gün onlar Moskvadadırlar. Bu yaxınlarda İranda idilər. Yenə hücumlar olacaq, ola bilsin ki, başqa paytaxtlarda", - hərbi təhlilçi, Türkiyə ordusunun keçmiş polkovniki Murat Aslan “Əl-Cəzirə”yə bildirib.

WSJ jurnalistləri qeyd edirlər ki, Ukraynada müharibənin başlaması ilə islamçılar üçün Mərkəzi Asiyadan olan miqrantları öz sıralarına cəlb etmək getdikcə asanlaşır, çünki səfərbərlik, cəbhədə itkilər və bunun nəticəsində ölkədə işçi qüvvəsi çatışmazlığı səbəbindən Rusiyada onların sayı getdikcə artır.

Miqrantlar çox vaxt rus dilində pis danışır, onlarla pis rəftar edilir, polis basqınları nəticəsində saxlanılaraq cəbhəyə göndərilirlər.

“Hakimiyyətin miqrantlara münasibəti şübhəsiz ki, onların radikallaşmasına şərait yaradır”, - nəşr Qırğızıstanın Washington-dakı keçmiş səfiri Kadır Toktoqulovdan sitat gətirir.

https://www.bbc.com/azeri/articles/cx8zg51pzlro?at_campaign_type=owned&at_medium=social&at_link_id=4275EFEE-EB97-11EE-8C5F-AC2D87A28522&at_link_type=web_link&at_format=image&at_bbc_team=editorial&at_campaign=Social_Flow&at_link_origin=BBC_News_Az%C3%83%C2%89%C3%82%C2%99rbaycanca&at_ptr_name=facebook_page&fbclid=IwAR0J22UJLFrVyixFASz25Jm3IJpI5Lb1mBPF8otQDTEZhUkh2njh8VPeGqU_aem_AdySb_G1pu2jrPo1UJXX2SwPWVc46X5xfekMGg1AcT4IqCbcUPSeNbMNeybk5I1j1Gg

(BBC NEWS) 

27-03-2024, 03:24
Go back