Prezident İlham Əliyev Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Paytaxt.org bununla bağlı President.az-a istinadən xəbər verir.
Fərmana əsasən Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, habelə bu Fərmanın 4.1.2-ci yarımbəndinə əsasən müəyyən edilən yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.
Müəyyən edilir ki:
1. ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarına görə mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir;
2. bu Fərmanın məqsədləri üçün ixrac olunan malların Azərbaycan Respublikası mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir;
3. ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir;
4. ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.