Homepage / İlham Əliyevdən İLGİNC proqnoz – Rusiyanı NƏ gözləyir?

İlham Əliyevdən İLGİNC proqnoz – Rusiyanı NƏ gözləyir?

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı beynəlxalq gündəmdə yer alan müharibə və münaqişələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə münasibət bildirib.

Forum çərçivəsində Prezident İlham Əliyev ukraynalı jurnalist Dmitri Qordonun suallarını da cavablandırıb. Prezident cavabında ötən il səsləndirdiyi fikrin dəyişmədiyini bildirib və qeyd edib: “Ötənilki sualınıza və mənim tövsiyəmə gəlincə, düşünmürəm ki, Ukrayna hökuməti və xalqının mənim məsləhətimə ehtiyacı var. Amma mən bir daha onu təkrar etmək istəyirəm - münaqişə ilə razılaşmayın. Və siz məhz bunu edirsiniz. Düzdür, çətin dövrlər olub bu il ərzində və biz bunun şahidi olmuşuq. Bilirik ki, müəyyən dairələrin təzyiqləri olub ki, əməliyyatlar dayandırılsın, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər olub.

Ukrayna xalqı və hakimiyyəti təbii ki, buna razı olmadı. Qarşı tərəf mənim məsləhətimi soruşsa, mən mövqeyimi bildirirəm, amma düşünürəm ki, bu gün mənim qarşı tərəfə tövsiyə verməyim uyğun olmaz. Mənim qiymətləndirməyimə və perspektivlərə gəlincə, proqnozlarımız üst-üstə düşür. Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir”.

Dövlət başçısının proqnozu Rusiyanın müharibədə uğur qazanmayacağı və dərinliklərinə zərbələr nəticəsində zəifləyəcəyi yönündə olub. Bu gün müharibə Rusiyaya keçib və görünən budur ki, işğalçının “Axilles dabanı” tapılıb.

Bəs Moskva kütləvi dron hücumlarından və yanacaq böhranından necə çıxacaq?

Elçin Mirzəbəyli YAP-a üzv olub?

Deputat Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, 30 ilə yaxın müddətdə ərazilərinin işğal altında qalması ilə üzləşmiş bir dövlət kimi Azərbaycan beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə xüsusi həssaslıqla yanaşır. Onun sözlərinə görə, bu baxımdan prezidentin səsləndirdiyi fikirlər ilk növbədə prinsipial mövqenin ifadəsi kimi dəyərləndirilə bilər. “Eyni zamanda, çıxışda diqqət çəkən digər mühüm məqam müharibənin dayandırılması ilə bağlı çağırışdır. Prezident açıq şəkildə bildirib ki, bu müharibə dayandırılmalıdır və bunun mümkün qədər tez baş verməsi vacibdir. Bu fikir humanizm prinsiplərini, dövlətlərin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, suveren qərarvermə hüquqlarını hər zaman yüksəkdə tutan prezidentimizin və dövlətimizin dəyişməyən mövqeyidir. Məhz bu məqam bəyanatın hüquqi və humanizm tərəflərini daha qabarıq şəkildə ortaya qoyur”,_ deyə deputat vurğulayıb.

E.Mirzəbəyli son illərdə Rusiya-Ukrayna müharibəsinin yüzminlərlə insanın həyatına təsir göstərdiyini, milyonlarla insanı məcburi köçkünə çevirdiyini və bütöv bir regionun təhlükəsizlik mühitini dəyişdirdiyini xatırladıb: “Belə bir şəraitdə müharibənin uzanmasının qarşısının alınması ən mühüm amillərdəndir. Prezidentin bəyanatı da bu kontekstdə dəyərləndirilə bilər. Rusiyanın gələcəyinə dair proqnozlara gəldikdə isə burada söhbət daha çox müasir müharibələrin dəyişən xarakterindən gedir. Dron texnologiyalarının inkişafı, enerji və logistika infrastrukturunun yeni risklərlə üzləşməsi göstərir ki, ən böyük hərbi güclər belə, əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb çağırışlarla qarşılaşır. Mövcud vəziyyət göstərir ki, qarşıdurma yalnız hərbi deyil, həm də iqtisadi, texnoloji və siyasi müstəvilərdə davam edir”.

Bu gün, 13:00
Go back