1 sentyabr -parlament seçkiləri əvvəlki illərdə keçirilən seçkilərdən özünün sönüklüyü, ictimai-siyasi ab -havadan hiss olunur.
Azərbaycanda indiyədək keçirilən parlament seçkilərində ölkənin məşhur jurnalistləri hər zaman namizəd olub və səs-küylü kampaniyaları ilə hamıdan fərqlənib.
Ancaq bu seçkilərdə bunun əksini görürük.
Bəzi müşahidəçilər bunu son zamanlar ölkənin siyasi mühitində yaranan qadağalarla izah edir.
Bəs görəsən, vaxtilə uğurlu seçki kampaniyaları aparmış jurnalistlər nədən bu seçkiyə getmədi?
RƏŞAD MƏCİD: “Mən hər hansı bir qadağa görmürəm”
Mətbuat Şurasının sədri Rəşad Məcid Gununsesi.info-ya açıqlamasında seçkilərə qatılmayacağını deyib: “Mən gənc zamanlarımda Agcabədidən namizəd olmuşam. İndi bu dairədən YAP Tahir Rzayevi irəli sürüb. Mən ona uğurlar arzu edirəm”.
“Seçkiyə getməməyinizdə ölkədə siyasi qadağalar fonunda yaranan mühitin rolu varmı” sualına Rəşad Məcid belə cavab verib: “Mən hər hansı bir qadağa görmürəm. Mətbuat Şurasından Vüqar Rəhimzadə və Elçin Mirəbəyli namizəddir. Onlardan birini YAP, digərini isə ƏHD Partiyası irəli sürüb. Ona görə də mən düşünmürəm ki, seçkiyə gedənlər üçün qadağalar var.
XOŞQƏDƏM BAXŞƏLİYEVA: “2005-ci ildən sonra seçki mənim üçün bitdi”
Bir neçə il əvvəl Ağdamdan deputatlığa namizəd olmuş, səs-küylü seçki kampaniyası ilə gündəmə gələn “Üç nöqtə” qəzetinin baş redaktoru, tanınmış televiziya aparıcısı Xoşqədəm Baxşəliyeva da 1 sentyabrda keçirilən seçkilərə qatılmır.
Əməkdaşımızla söhbətində xanım jurnalist deyib ki, həyatında cəmi bir dəfə – 2005-ci ildə deputatlığa namizəd olub: “Mən o zaman çox uğurlu kampaniya apardım. Mənə mane olanların sayəsində qələbə qazana bilmədim. Mən o adamların adını çəkmək istəmirəm. Çünki artıq həmin yüksək vəzifəli şəxs daha görəvdə deyil. Mənim seçki kampaniyam çox uğurlu olmuşdu.
Həmin seçkidən sonra bir daha deputat olmaq barədə düşünmədim. İndi öz işimlə cəmiyyətə daha çox fayda verirəm. Aparıcısı olduğum veriliş böyük işlər görür. Hesab edirəm ki, jurnalistika daha uğurlu sahədir. Mən o zaman namizəd olanda siyasi jurnalistikada idim. Çoxlu beynəlxalq əlaqələrim vardı. Bir dəfə görüşlərin birində deputatlığa namizəd olduğumu eşidən CNN-nin rəhbərlərindən biri “sən medianı parlamentə necə dəyişə bilərsən” deyə sual etmişdi. İndi artıq seçki haqqında düşünmürəm. Hazırki fəaliyyətim çox uğurludur. 2005-ci ildən sonra seçki mənim üçün bitdi”.
AYNUR CAMALQIZI: “Özüm seçkiyə qatılmaq istəmədim”
“Telegraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə bildirib ki, seçkiyə qatılmamaq onun şəxsi qərarı olub: “Mən özüm istəmədim, ona görə də seçkilərə qatılmadım”.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə bu mövzuda danışmaq istəmədəyini deyib.