Homepage / Milli ideyamızın növbəti hədəfi Qərbi Azərbaycandır

Milli ideyamızın növbəti hədəfi Qərbi Azərbaycandır

Qərbi Azərbaycan məvhumu, ifadəsi artıq beynəlxalq siyasi leksikona daxil olmaqdadır. Cənubi Azərbaycan dedikdə İrandakı tarixi torpaqlarımız yada düşdüyü kimi, Qərbi Azərbaycan dedikdə də indiki Ermənistan Respublikası ərazisinin şərq hissələri – qədim Zəngəzur və Göyçə mahalları xatırlanır. O mahallar ki, orada azərbaycanlıların yüz illərə söykənən yaşamı, mədəniyyəti, adət-ənənəsi, qəhrəmanlıq səlanmələri olub. Qərbi Azərbaycan dünyanın coğrafi xəritəsini yenidən çəkən imperialist güclərin faciəvi əsəridir. Bir xalqın əsr boyu didərgin edilməsi, imperialist dairələrin buna razılıq verməsi və nəticədə işğalın legitimləşdirilməsinin faciəvi nəticələrini yaşamaqdayıq. İndiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin, azərbaycanlı izlərinin dövləti səviyyəsində total saxtalaşdırılması, yox edilməsi prosesi ardıcıl formada davam etməkdədir.


Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki, Qarabağ münaqişəsi həll olunandan sonra bizim gündəliyimizdə duran əsas məsələ Qərbi Azərbaycana qayıdışdır. “Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.
Bu tarixi amalın reallaşdırılmağı üçün dövlət başçısı öz qətiyyətini və dəstəyini nümayiş etdirib. Qərbi Azərbaycandakı yer adları, kəndləri, toponimləri barədə bütün məlumat bazaları demək olar ki, artıq sistemləşdirilib.

Qərbi Azərbaycana qayıdış mövzusu bizim üçün milli ideyadır və strateji hədəfdir.

Xalqların milli birliyini təmin edən, dövlətləri tərəqqiyə, davamlı inkişafa aparan və beynəlxalq arenada söz sahibinə çevirən milli ideyaların praktikada reallaşdırılması bir qayda olaraq tarixin hansısa taleyüklü mərhələsində liderlik missiyasını üzərinə götürmüş şəxsiyyətlərin əzmkar fəaliyyəti ilə bağlı olur. Belə xarizmatik liderlər mütərəqqi ideyalarının taktiki-strateji hədəflərini daha dəqiq müəyyənləşdirə bilir və cəmiyyəti bu ideyaya inandırır.

Siyasi liderlər milli ideyaları, məqsəd və vəzifələri zərgər dəqiqliyi ilə müəyyənləşdirir, ölkənin mövcud resurslarını həmin ideyaların reallaşdırılması naminə səfərbər edir, qarşıya qoyduğu məqsədləri milli ideya səviyyəsinə yüksəldərək gələcək uğurlara möhkəm körpü salırlar.

Ümummilli lider Heydər Əliyev təkcə milli xilaskar və Azərbaycan dövlətinin qurucusu kimi deyil, eyni zamanda ötən əsrin 90-cı illərində milli hədəfləri düzgün müəyyənləşdirən böyük strateq kimi qəbul edilir. Milli müstəqilliyimizə qarşı yönəlmiş xarici və daxili təhdidlərin zərərsizləşdirilməsi, ictimai-siyasi sabitliyin təmini, vətəndaş qarşıdurmasının qarşısının alınması, ictimai-iqtisadi formasiya zəncirinin nizama salınması, inteqrasiya və modernləşmə istiqamətində atılan addımlar məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Yeni yaranan Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin təmini istiqamətində qətiyyətli addımlar atan Ulu Öndər Ermənistanın işğalçılıq siyasəti və misli görünməmiş müharibə cinayətləri dünyaya təqdim etdi. Həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və Ermənistanın işğalçı dövlət kimi tanıdılması o dövrdə bizə hava-su kimi lazım idi. Bu bizə imkan verirdi ki, növbəti addımlarımızı daha möhkəm ataq, səsimizi daha ucadan qaldıraq.

Ümummilli lider Heydər Əliyev 1998-ci il yanvarın 14-də Konstitusiya Komissiyasının iclasında yekun nitqi zamanı keçmiş ittifaq dövründə Azərbaycanın tarixi torpaqlarının bir hissəsinin Ermənistana verilməsini, soydaşlarımızın buradan zorla köçürülmələrini tarixi ədalətsizlik kimi dəyərləndirərək deyirdi: "Ermənistanın Azərbaycana qarşı bu siyasəti XX əsrdə həmişə davam edibdir. Mən bu torpaqlarla əlaqədar məsələni dedim. 50 il bundan əvvəl, 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistandan deportasiya olunublar. O, Azərbaycan torpaqları idi də. Həmin torpaqlardan, hansılar ki, o vaxtlar - 1918, 1919, 1920-ci illərdə mübahisə nəticəsində Ermənistanın əlinə keçdi, ondan sonra - 40-50 il yaşayandan sonra - 1948-ci ildə hesab elədilər ki, azərbaycanlıları oradan tamamilə çıxarmaq lazımdır, sonra heç kim deməsin ki, bunlar Azərbaycan torpağı olubdur".

1988-ci ildə erməni separatçılarının, onların partiya sovet rəhbərliyindəki himayədarlarının və beynəlxalq erməni hərəkatının dəstəyi ilə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiyasının növbəti dalğası baş verdi.

Ulu Öndərin Ermənistanın Azərbaycana qarşı əsrlər boyu yürütdüyü işğalçılıq, soyqırımı siyasətinin nəticələrinin aradan qaldırılması və tarixi ədalətin bərpası istiqamətində hazırlamış olduğu milli strategiya 2003-cü ildən sonra onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inkişaf etdirildi. Ölkənin resurslarını, xalqın enerjisini və özünün bacarıqlarını, gücü bu strateji məqsədin həyata keçirilməsi istiqamətində səfərbər edən dövlət başçısı strategiyanın nəticə verəcəyinə inanırdı.

İlk növbədə Qarabağın azad olunması üçün hüquqi zəmin yaradıldı. Ali Baş Komandan İkinci Qarabağ müharibəsi dövründə isə BMT-nin 51-ci maddəsinə istinad etməsi 44 günlük müharibə zamanı bir çox ölkə və beynəlxalq təşkilatın dövlətimizə dəstəyini, yaxud loyal münasibətini təmin etdi. Rəsmi Bakı müharibənin başlanmasına qədər danışıqlar prosesinin məhz rəsmi İrəvanın qeyri-konstruktiv davranışları, işğalçılıq siyasəti üzündən nəticə vermədiyini, prosesin dalana dirəndiyini, Ermənistan silahlı qüvvələrinin davamlı hərbi təxribatlarının əks-həmlə əməliyyatlarını qaçılmaz etdiyini beynəlxalq səviyyədə əsaslandırdı.

Azərbaycanın 2023-cü ilin 19-20 sentyabrında lokal antiterror tədbirləri keçirərək separatçı xunta rejiminin mövcudluğuna güc yolu ilə son qoyması münaqişənin birdəfəlik həllində mühüm rol oynadı. Cəmi 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qondarma rejim süquta uğradı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin və siyasi iradəsinin nəticəsində reallaşan lokal antiterror tədbirlərindən sonra "Qarabağ münaqiqəşi" ifadəsi tamamilə leksikondan çıxdı, bir daha müzakirə mövzusu olmadı.

Növbəti hədəf - Qərbi Azərbaycan

Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan zorla köçürülmüş azərbaycanlıların hüquqlarının bərpası məsələsini yeni geosiyasi reallıqda cəmiyyətin əsas milli ideyasına çevirməyi, bu məqsədlə sistemli və ardıcıl tədbirlər həyata keçirməyi zəruri hesab edir. 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş qurumun 2022-ci ilin avqustunda "Qərbi Azərbaycan İcması" adı ilə yenidən formalaşması, təşkilatlanaraq fəaliyyətə başlaması tarixi torpaqlarından qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından yeni imkanlar açdı.

Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas hədəflərini açıqlaması, qarşıda duran vəzifələri dəqiqliklə ifadə etməsi təşkilatın fəaliyyətinin səmərəliliyinin təmini baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Ermənistandan zorla köçürülmüş soydaşlarımızın tarixi məskənlərinə qayıtmaq və bərabər yaşamaq hüququnun dünya dövlətləri, xüsusilə də rəsmi İrəvan tərəfindən tanınması qarşıda duran başlıca hədəflərdəndir.

Zorla köçürülmüş azərbaycanlı əhalinin pozulmuş hüquqlarının bərpası - problemin beynəlxalq platformalarda müzakirəyə çıxarılması və obyektiv hüquqi-siyasi qiymətini alması üçün vacibdir. Xankəndidən könüllü olaraq köçən erməniləri nəzərdə tutaraq Azərbaycanı əsassız olaraq "etnik təmizləmə"də ittiham etməyə çalışan Ermənistana ötən əsrin 80-ci illərinin sonunda deportasiya, soyqırımı, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlıların hüquqlarını xatırlatmaq lazımdır.

Azərbaycan Respublikası Prokurorluğunun məlumatına əsasən, 1988-1989-cu illərdə aparılan etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı zorakılıqla doğma yurdlarından qovulub. Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti alıb, on minlərlə ailənin əmlakı qarət olunub. Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər, qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik olaraq irqi ayrı-seçkilik həyata keçirilib.

Bu gün Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış fəlsəfəsinin mahiyyətində bir vacib amil dayanır: Qarabağ ermənilərinə öz vətəndaşları kimi yanaşan, onların bütün konstitusion hüquqlarını və layiqli həyat səviyyəsini təmin etmək əzmi nümayiş etdirən rəsmi Bakı Ermənistandan da deportasiya edilmiş soydaşlarımıza münasibətdə analoji yanaşma tələb edir.

Soydaşlarımızın geriyəqayıtma hüququnun reallaşdırılmasının Ermənistan qarşısında ciddi tələblər kimi irəli sürülməsi, eləcə də Qərbi Azərbaycan İcmasının təşkilatlanaraq beynəlxalq miqyasda fəal iş aparması rəsmi İrəvanı ciddi şəkildə narahat edir.

Qərbi Azərbaycan İcması ötən müddət ərzində əsas faktların beynəlxalq platformalarda təbliği, cəmiyyətin mövcud potensialının yeni milli ideya ətrafında səfərbər edilməsi yönündə sistemli və ardıcıl fəaliyyət göstərib. Şübhə yoxdur ki, Azərbaycan dövləti Qərbi Azərbaycana qayıdışla bağlı strategiyanı uğurla başa çatdıraraq, mövcud siyasi və hüquqi reallıqlar şəraitində tarixi ədaləti qismən də olsa bərpa edəcəkdir.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
23-07-2024, 14:55
Go back