Homepage / Odessa Diasporundan nümunəvi addım

Odessa Diasporundan nümunəvi addım

2019-cu il dekabrın 17-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycanın Gəncə və Ukraynanın Odessa şəhərlərinin qardaşlaşması ilə bağlı “Niyyət haqqında protokol” imzalanıb.

Protokola uyğun olaraq tədbirlər planı hazırlanıb.

Ukrayna hökuməti nümayəndələri Gəncəyə səfər edərək Nizami yurdu ilə tanış olub, şəhər icra hakimiyyətində görüşlər keçirib, sənayə müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Dövlət Aqrar Universiteti və Odessa Milli Aqrar Universiteti arasında memorandum imzalanıb.

2021-ci il dekabrın 6-dan qardaşlaşmış şəhərlər arasında birbaşa müntəzəm aviareyslər açılıb.

Lakin məlum müharibənin fəsadları şəhərlərarası əlaqələrə təsir etdi.

Bu günlərdə xoş bir xəbər yayıldı. Odessa Şəhər Meriyasının qarşısında quraşdırılmış istiqamətverici lövhələrin birində Gəncə adı həkk edilib.

Məlumat tez bir zamanda tirajlansa da təşəbbüsün kimdən gəldiyini, kimin çalışdığını çox az adam bilir.

İnsan təvazökarlığından bunu dilə gətirmirsə, bildiyimizi biz deməliyik.

Odessada yaşayan azərbaycanlılar meriya binasının qarşısındakı göstərici lövhələrin birində Gəncə şəhərinin adının yazılmasını istəyirdilər.

Odessada yaşayan cəfakeş soydaşımız, “Birlik” diaspor təşkilatının sədri vəzifəsini icra edən Cəlil Astanovun sayəsində bu istək artıq baş tutub.

Odessa Şəhər Meriyası təklifi müsbət qiymətləndirib və Gəncənin adı yazılmış lövhəni əlavə edib.

Cəlil müəllim xeyli müddətdi Ukraynada yaşayan iş adamıdır.

Vətənpərvər şəxsdir. Qürbətdə olsa da ürəyi həmişə Vətən üçün yanır.

Yuxarıda da qeyd etdiyim kimi təvazökarlığından etdiklərini biruzə verməyi sevmir.

Etdikləri isə az deyil. Həm Azərbaycan üçün həm də Ukraynadakı həmyerlilərimiz üçün çox iş görüb, görməkdə də davam edir.

Bizim də öhdəmizə düşən belə oğulları ictimaiyyətə tanıtmaqdır.

Sima Babayeva

13-09-2024, 14:39
Go back