"Problem ocağı" Sumqayıtda qanunsuz işlərlə bərabər, vətəndaş narazılıqları da səngimir.
Paytaxt.org bildirir ki, Nəsimiparkda şəxsi məqsədlər üçün yaşıllıq ağaclarının məhv edilməsinin, aparılan qanunsuz tikintilərin, çala-çuxurlu, yağışda gölməçələri, quruda toz dumanı ilə insanlara narahatlıq yaradan küçələrinin üstünə bir də yerli icra hakimiyyətinin biganəliyi Sumqayıt sakinləri üçün yaşamı daha da dözülməz edir.
Təbiət qənimlərinə qanun niyə susur ? // VİDEO + FOTO
Əslində buna "biganəlik" deyil, "saymamazlıq" desək daha dəqiq ifadə etmiş olarıq.
Qazisini, veteranını vecinə almayan bir şəhər rəhbərliyi sıradan insanlara nə qiymət verəcək ki ?!
Özü də elə bir rəhbər ki, Sumqayıt, Abşeron ərazisindəki bütün müxtəlif sahələri əlinə aldığı deyilir. Həkimdən narazılıq olur, himayədarı Sumqayıt icra hakimiyyətindən çıxır. Müəllim, tərbiyəçi, bağça müdiri deyirsən, yenə dayağı bu icra hakimiyyətində, nəqliyyat desən, həmçinin.
Hansını deyib, nədən danışaq ?!
Yeri gəlmişkən, Xırdalan şəhər 17 saylı körpələr evi uşaq bağçasının keçmiş, Digah 6 saylı uşaq bağçasının yeni müdiri - öz dili ilə qanunsuz pul yığdığı halda hələ də müdür postu ilə bağçaları gəzən Fəranə Məhərrəmovanın da "qoruyucu mələyi"nin məhz Sumqayıt şəhər icra hakimiyyətində məsul vəzifədə (adı və vəzifəsi bizə məlumdur) çalışdığı deyilir.
Əlqərəz...
Gördüyünüz kimi Zakir Fərəcovun rəhbərlik etdiyi bir şəhərdə bütöv Azərbaycan boyda problemlər var olmaqdadlr. Elə bu səbəbdən də gətirdiyimiz misallar bizi bu gün bəhs edəcəyimiz mövzudan uzaqlara götürür.
Yuxarıda qazi və veteranlara qarşı saymazlıqdan ona görə sitat gətirdik ki, bu dəfə də redaksiyamıza üz tutan çarəsiz Sumqayıt sakini ikinci vətən müharibəsində könüllü olaraq iştirak etmiş, müharibənin sonuna qədər qəhrəmancasına döyüşmüş və hətta ölkə başçısının sərəncamı ilə üç medalla təltif olunmuş şəxsdir.
Müharibə veteranı olan və redaksiyamıza müraciət edən Ömərov Ramil Vəkil oğlu ailəlidir. Onun himayəsində ailəsi, körpə övladı və yaşlı valideyni var. Özü də kirayədə yaşayır. Bütün bunların fonunda ən acınacaqlısı budur ki, o, işsizdir.
Bildiririk ki, bağban və digər bu kimi hər hansı bir işlə təmin olunması üçün dəfələrlə məşğulluq mərkəzinə və yerli icra hakimiyyətinə müraciət edib. İcra hakimiyyətində onu yönləndiriblər Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin yanına ki, Gündüz Əliyev kömək edəcək. Lakin bir neçə ay bundan əvvələ qədər adı qalmaqallı korrupsiya əməllərində, külli miqdarda yeyintidə, tenderlərdə iştirak etmək və xeyli miqdarda pul mənimsəmək üçün kağız üzərində onlarla saxta şirkət yaratmaqda hallanan, hətta barəsində cinayət işi açıldığı deyilən, bütün bunlara rəğmən isə hələ də Zakir Fərəcovun "qanadının altında hüzur içində" çalışan Gündüz Əliyevin Ramilə etdiyi "kömək" ona hazırda yaşadığından ucuz qiymətə kirayə ev tapmaq barədə məsləhət vermək olub.
Görünür elə bu "bahalı məsləhət"lə də kifayətlənərək, özlərini üzərlərinə düşəni etmiş hesab edib, susmağa davam edirlər. Amma hələ də Ramil Ömərov işsizdir.
Yeri gəlmişkən, Ramil Ömərov" Kanal14"ün canlı yayımında danışarkən, iş üçün müraciət etdiyi idarələrdə ona, "ağlın var idi döyüşə getməzdin", "mənim üçün vuruşmamısan ki" kimi aşağılayıcı iradların da bildirildiyini deyib.
Bəli, bu da anasını oğulsuz, yarını onsuz, övladını atasız qoymağı gözə alıb, qanını, canını torpaq, vətən uğrunda qurban verməyə hazır olduğunu döyüş meydanına könüllü atılmaqla göstərən daha bir qeyrətli Azərbaycan oğlunun mövcud durumu.
P.S: Qeyd edək ki, Ramil Ömərovun mövcud durumu ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətinin də mövqeyini dinləmək məqsədilə Vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə ilə telefon əlaqəsi saxladıq. Əvvəlcə onu vurğulayaq ki, sualımıza onunla telefon əlaqəsi saxlayan agentlik rəhbərinin yaşını soruşmaqla başlayan Tərlan bəyin hər kəlməsindən təkəbbür tökülürdü. Özünün müharibədə iştirakı ilə öyünən Tərlan bəy görünür müharibədə özünü tək hiss eləyib ki, pn cəbhədə, döyüş meydanında onunla bərabər sürünən Ramil kimi silahdaşlarını unudub. Hətta, onunla danışan şəxsin belə müharibə şəraiti görmədiyini deməklə susdurmağa çalışdı. Halbuki, Tərlan bəy onunla danışan şəxsin ən çətin, demək olar ki, silahsız baş verən vətən müharibəsi yolu keçdiyindən xəbərsizdir.
Biz Tərlan Hacızadənin vətən uğrunda döyüşünü, əziyyətini, zəhmətini danmırıq, əksinə əhsən deyib alqışlayırıq. Amma bu Tərlan bəyə vəzifəsi xatirinə digər igidlərin haqqını itirmək ixtiyarını vermir.
Uzun sözün qısası, Tərlan Hacızadənin Ramil Ömərovun vəziyyəti ilə bağlı suallarımıza verdiyi bütün cavablar gələcək zamanda səsləndi:
- "Biz onun şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə də kömək edəcəyik, başçı ilə də görüşdürəcəyik. Lazım gəlsə Sumqayıtın elə oğlanları var ki, onlar da nə lazımdır köməklik edə bilərlər".
1. Ramil Ömərovun şəxsiyyət vəsiqəsi itib. Yenisini əldə etmək üçün prosedur qaydası qəzetdə itdiyi barədə elan vermək, "ASAN xidmət"ə müraciət etmək və 20 manat rüsum ödəməkdən ibarətdir. Vəssalam.
2. Başçı ilə görüşdürməyi onların hünər və tərəflərindən köməklik kimi düşünmələri belə sözügedən icra hakimiyyətinin qəbahətdir. Çünki, icra başçısı müharibə iştirakçısını minnətsiz və növbəsiz qəbul edib dinləməlidir. Bu onların vəzifə borcudur.
3. Sumqayıtın imkanlı oğlanlarının Allah köməkləri olsun, Allah canlarını sağ eləsin. Onların etdikləri və edəcəkləri köməkliyin icra hakimiyyətinə nə kimi dəxli var, hörmətli Tərlan bəy?
Bunun adı vətənin qeyrətli, qürurlu oğullarını dilənməyə sövq etməkdir.
Niyə bir işlə təmin etmirsiniz ki, özü öz çörəyini zəhmətilə qazansın, axı Ramil də məhz bunu istəyir?!
Mövzunu davam etdirəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az