Homepage / FHN-in qərarları niyə icra olunmur? – Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri/VİDEO

FHN-in qərarları niyə icra olunmur? – Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri/VİDEO

Quba şəhəri, Lütfizadə küçəsində yerləşən “Şahdağ” hotelində qanunsuz tikinti-quraşdırma işləri aşkarlanıb. Faktla əlaqədar olaraq FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28 aprel 2026-cı il tarixində tikinti işlərinin dayandırılması ilə bağlı 0354 saylı qərarı olmasına baxmayaraq, sifarişçi şirkət dövlətin bu qərarına məhəl qoymadan tikinti işlərini davam etdirir. 

Görüntülər 28 iyun tarixində lentə alınıb. Qanunsuz tikinti aşkarlanıb dayandırılması barədə qərar elan edilməsinə baxmayaraq, işlərin sürətlə aparıldığı açıq-aydın görünür.

Qeyd edək ki, tikinti aparılan həmin obyekt millət vəkili Əlibala Məhərrəmzadənin mənəvi mülkiyyətində, amma rəsmi sənədlərlə qardaşının adındadır. Qanunsuz tikintinin aşkarlandığı gün o, mətbuat vasitəsilə hotelin öncə ona aid olmadığını, daha sonra isə orada heç bir qanunsuz tikintinin aparılmadığı açıqlamasını vermişdi. Elə həmin gün FHN tikinti işlərinin qanunsuz həyata keçirildiyi üçün dayandırma barədə qərar verib. Yalanın ömrü qısa olsa da, itaətsizliyin dövrü uzun oldu. Dövlətin rəsmi qərarı ola-ola, onu saymazdan və görməzdən gələrək tikinti işləri bir gün də olsa dayandırılmadı.

Bir çoxunun qarşısında dəmir qalxan kimi dikilən bu iradə və qətiyyət deputat və onun ailə üzvlərinin Qubada özbaşına tikdirdiyi qanunsuz obyektlər qarşısında əsnək, kövrək, həm də əhəmiyyətsiz bir duruma düşür. FHN bu tikintilər qarşısında biçarə qalıb.
FHN Quba şəhəri, Nəriman Nərimanov küçəsi 75 ünvanında yerləşən “Aqua Park” və onun ətrafında, həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında tikilən, gördüyünüz bu qanunsuz obyektin az qala bəndinə qoyulan daş qədər dayandırma, saxlama qərarı çıxarıb. Sifarişçi “A Ənd J Holding” MMC-yə rəsmi xəbərdarlıqlar edilib.

Təkcə bu obyektin qanunsuz olduğu və tikinti işlərinin dayandırılması ilə bağlı qurumun 27 oktyabr 2023-cü il tarixli, 30 yanvar 2025-ci il tarixli və 19 noyabr 2025-ci il tarixli qərarları var. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi artıq bu barədə FHN-in Əməliyyat-istintaq idarəsinə müraciət edib. Bundan əlavə, tikinti işləri qanunsuz aparıldığı üçün obyektin bütün kommunikasiya təchizatının dayandırılması məqsədilə “Azəriqaz”a, “Azərişığ”a və “Azərisu”ya rəsmi müraciət edilib. Amma bütün bu qərarlara olduğu kimi, bütün müraciətlərə də heç bir məhəl qoyulmayıb.

Vüqar Paşayev adlı şəxsin direktoru olduğu “Şaving İnşaat” MMC tərəfindən Quba şəhərinin 30–32-ci məhəlləsində heç bir sənəd və razılıq olmadan tikilən bu restoranın da deputat Əlibala Məhərrəmzadəyə məxsus olduğu iddia edilir. 

FHN-in bir dayandırma qərarı da həmin obyektlə bağlıdır. İşlər rəsmən dayandırılmış zənn edilir, amma bu, heç də belə deyil. Obyektin tikinti işlərinin dayandırılması ilə bağlı qərarın elan edildiyi andakı fotoları ilə indiki halı araşdırılıb müqayisə edilsə, əhəmiyyət verilməyən növbəti bir dövlət qərarının sədası bəlli olar.

Bu gün, 13:24
Go back