İddialara görə, sözügedən ərazilərdə əsasən yükdaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər tərəfindən yaradılan kamp ərazilərinin bir hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahələrini əhatə edir. Məsələni dəqiqləşdirmək məqsədilə əməkdaşlarımız həmin ərazinin bələdiyyə sədri Yelman Bayramovla əlaqə saxlayıb.
Onun sözlərinə görə, kampın yerləşdiyi ərazidə torpaq sahəsinin 0,22 hektarı 47 saylı dövlət aktı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir. Bundan əlavə, 1,08 hektar hissə bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı biçənək sahəsinə, daha 0,23 hektar hissə isə bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş torpağına düşür.
Bələdiyyə sədrinin verdiyi məlumata əsasən, Zurnabad kəndində yerləşən üçüncü kamp isə Aslanoğlu MMC-yə məxsusdur. Bu obyektin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxildir.
Bələdiyyə sədrinin açıqlamasından görünür ki, sözügedən kamp ərazilərinin bəzilərində bələdiyyə mülkiyyətinə aid torpaq sahələri mövcuddur. Bununla belə, həmin torpaqlardan hansı hüquqi əsaslarla istifadə olunduğu, bələdiyyə ilə hər hansı icarə və ya digər hüquqi münasibətlərin mövcud olub-olmaması, eləcə də ərazilərdə aparılmış tikinti və qurğuların qanunvericiliyin tələblərinə uyğunluğu barədə məlumat verilməyib.
Sözügedən məsələdə Göygöl Rayon İcra Hakimiyyətinin nə qədər məsuliyyəti olduğuna görə yaranan problemlə bağlı əlaqə saxlanılıb və quruma rəsmi sorğu ünvanlanıb. Hazırda qarşı tərəfin mövqeyi gözlənilir. Sorğumuza cavab təqdim edildiyi təqdirdə, həmin mövqe heç bir dəyişiklik edilmədən, obyektivlik və peşəkar jurnalistika prinsiplərinə uyğun olaraq materialda dərc ediləcək.
Aysel Muxtar